Rusiya XİN AES-də MAQATE mütəxəssislərinin dərhal dəyişdirilməsini tələb edib
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Zaporojye Atom Elektrik Stansiyasında (AES) mütəxəssisləri dərhal dəyişdirilməlidir. Əks halda Moskva BMT-nin hərəkətlərini stansiyadakı missiyanın işinə müdaxilə kimi qiymətləndirəcək. AYNA xəbər verir ki, bu tələbi Rusiya Xarici İşlər Nazirliyi irəli sürüb. Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhi qurumun saytında yerləşdirilib.
Zaxarovanın sözlərinə görə, stansiyada mütəxəssislərin dəyişdirilməsi planlaşdırıldığı kimi, fevralın 7-də baş tutmalı idi: “Lakin fevralın 7-dən 18-dək olan müddətdə BMT belə bir qərarın səbəblərini açıqlamadan mütəxəssislərin dəyişdirilməsini qaydasını pozub”.
“Əgər bu dəfə də MAQATE mütəxəssislərinin dəyişdirilməsi həyata keçirilməsə, o zaman biz BMT-nin hərəkətlərini MAQATE-nin AES-dəki missiyasının işinə mane olmaq üçün qəsdən edilmiş hərəkət kimi qiymətləndirəcəyik. Bu, Kiyev rejiminin əlində oynamaqdır. Bunu Ukrayna Xarici İşlər Nazirliyinin bu il fevralın 19-da təxribat xarakterli bəyanatı da təsdiqləyir. Bildirirlər ki, guya rotasiyaya mane olan Rusiyadır”, - Zaxarova bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirmişdi ki, Zaporojye AES ətrafında təhlükəsizlik zonasının yaradılması üçün Ukraynanın açıq razılığı lazımdır. Verşinin sözlərinə görə, MAQATE rəhbərliyi AES ərazisində təhlükəsizlik zonası ilə bağlı ilkin razılaşmalar planı hazırlayır, lakin qurumun rəhbəri Rafael Qrossi bildirib ki, bunu “Ukrayna tərəfi ilə yoxlamalı olduğu üçün hələ də həyata keçirilməyib. ” Rusiya XİN rəsmisi bildirib ki, Kiyev hələlik bu cür hərəkətlərə aydın razılıq verməyib.