Qriqoryan: “İrəvan dekabrın sonunadək Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır”

Aktual

10.12.2023 - 15:08

“Ermənistan tərəfi həm ikitərəfli, həm də çoxtərəfli formatda danışıqları davam etdirməyə hazırdır”

“Ermənistan dekabrın sonunadək Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində bildirib.

“Biz dekabrın sonuna qədər sülh müqaviləsi imzalamağa hazırıq. Lakin bu, uğur qazanmasa, biz mümkün qədər tez bir zamanda sülh müqaviləsi imzalamağa hazırıq”.

Qriqoryan vurğulayıb ki, Ermənistan tərəfi həm ikitərəfli, həm də çoxtərəfli formatda danışıqları davam etdirməyə hazırdır: “Və hər iki format problemləri həll etmək üçün təsirli yol ola bilər”.

Onun sözlərinə görə, Ermənistan həll yollarını axtarmağa və sülh müqaviləsinin hazırlanmasını başa çatdırmağa hazırdır.

Dekabrın 7-də Bakı ilə İrəvanın verdiyi birgə bəyanatda tərəflərin yeni etimad tədbirlərinin müzakirəsini davam etdirmək niyyəti ilə bağlı bəndi şərh edən Qriqoryan bildirib ki, çoxlu həll olunmamış problemlər var.

Onun sözlərinə görə, bütün bu məsələlər gündəmdə qalır və Ermənistan Azərbaycanla mövcud problemlərin həlli istiqamətində fəaliyyətini davam etdirəcək.

Azərbaycan Prezidentinin sülh müqaviləsinin bağlanmasına maneənin tərəflərin iki ölkədəki milli azlıqların hüquqları ilə bağlı tələbləri olması barədə bəyanatını şərh edən Qriqoryan bildirib ki, hələlik yekun razılaşdırılmamış başqa məqamlar da var.

“Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Vaşinqtonda gözlənilən görüşü zamanı tərəflərin bütün məsələlərin həlli yollarını tapmaq imkanı olacaq. Ermənistan tərəfinin Bakının sülh müqaviləsi ilə bağlı təkliflərinə son cavabında bəzi məsələlərin həlli yolları var. Azərbaycan tərəfi münasibətlərin tənzimlənməsi üçün Ermənistanın bəyan etdiyi üç əsas prinsipi qəbul edərsə, o zaman sülh müqaviləsinin 70 faizdən çoxu razılaşdırılacaq”, - deyə Qriqoryan vurğulayıb.

“Əgər XİN rəhbərləri görüşsə, qısa müddətdən sonra ölkə liderlərinin görüşü olacaq. O zaman şərti olaraq prosesi yekunlaşdırmaq və siyasi iradə olarsa, sülh müqaviləsi imzalamaq mümkün olar”, - deyə erməni rəsmi əlavə edib.

Təhlükəsizlik Şurasının katibi onu da bildirib ki, Ermənistan tərəfinin son təklifində sülh sazişinin təminatçıları institutunun yaradılması ilə bağlı təkliflər var.

Qeyd edək ki, İrəvan və Bakı dekabrın 7-də birgə bəyanat yayıblar və bu bəyanata əsasən, Azərbaycan 32 erməni hərbçisini, Ermənistan tərəfi isə öz növbəsində iki azərbaycanlı hərbçini azad edir. Tərəflər həmçinin münasibətləri tənzimləmək, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsi bağlamaq niyyətlərini təsdiqləyiblər.

Müəllif: Ayna.az