Qonşuluqda böyük həyəcan: biz də arzuolunmaz sürprizlə üzləşə bilərik

Dünya

02.02.2022 - 10:20

Rusiyaya qarşı ağır sanksiyalar Azərbaycana və azərbaycanlılara nə vəd edir?

ABŞ və Qərb ölkələri Rusiyanın Ukraynaya müdaxilə edəcəyi təqdirdə, ona qarşı sərt iqtisadi sanksiyalar paketi hazırlayıb. İddialara görə, bu sanksiyalar işə düşəcəyi halda şimal qonşumuz yüksək inflyasiya, birjaların çökməsi ilə üzləşəcək. Eyni zamanda, bu sanksiyaların doğuracağı psixoloji panika ərzaq və digər məhsulların bahalaşması, rublun devalvasiyası ilə də özünü büruzə verəcək. Moskva xaricdən kreditlər almaq imkanını itirəcək, dövlət istiqrazlarının satışı və Rusiya iqtisadiyyatının əsas sektorları üçün texnologiyaların tədarükü qeyri-mümkün olacaq. Öz növbəsində bank sektoruna və özəl kapital fonduna qarşı sanksiyalar 1,5 trilyon dollar təşkil edəcək.

Düzdür, ABŞ-ın belə bir addımı Moskvanı da hərəkətə gətirəcək. Nəticə etibarilə Rusiya Avropaya enerji təhcizatını azaldacaq, onların infrastrukturuna qarşı kiberhücumlara start verə bilər. Baş verənlər Avropa iqtisadiyyatına da təsirsiz ötüşməyəcək.

Ukraynada gözlənilən hərbi toqquşmalar və Rusiyaya qarşı sərt iqtisadi sanksiyalar qonşu dövlətlərin, o cümlədən Azərbaycanın da iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Xüsusən Rusiyada yaşayan soydaşlarımızın - hansı ki, onların sayı milyonlarladır - bu sanksiyalardan daha çox təsirlənəcəyi ehtimal olunur.

İqtisadçı alim Xalid Kərimli AYNA-ya şərhində deyib ki, ABŞ və Qərbin Rusiyaya qarşı sanksiyalarından ən çox təsirlənən qonşu dövlətlərdən biri Azərbaycan olacaq: “Xüsusən bir neçə istiqamətdə ciddi mənfi təsirləri müşahidə edəcəyik. Rus rublunun kəskin ucuzlaşması ölkəmizdən kapital axınına gətirib çıxara bilər. Çünki Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələr yüksək səviyyədədir. Bu səbəbdən orada baş verən iqtisadi tənəzzül bizi də öz təsir dairəsinə alacaq”.

“Digər yandan, bu gün milyonlarla soydaşımız Rusiyanın müxtəlif şəhərlərində yaşayır və fəaliyyət göstərir. Nəzərə alanda ki, onlar Azərbaycandakı qohumlarına yardım edirlər, bu heç şübhəsiz oradan daxil olan vəsaitlərin ciddi şəkildə azalmasına səbəb olacaq”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, rus rublunun devalvasiyasının ölkəmizin iqtisadiyyatına digər təsirləri də olmamış deyil: “Məlumdur ki, Rusiya qeyri-neft sektoru üzrə idxalımızda birinci yerdə qərarlaşıb. Rus bazarlarının iqtisadi cəhətdən çöküşü ölkəmizin qeyri-neft sektoruna əhəmiyyətli dərəcədə təsir göstərəcək. Baş verənlər Azərbaycan manatının üzərində də ciddi basqılar formalaşdıracaq. Azərbaycan bu gün Rusiyadan müxtəlif əmtəələr və xammallar idxal edir. SWIFT sisteminin ləğvi ödəmələrlə bağlı problemlərin də yaranmasına səbəb olacaq”.

“Azərbaycanla Rusiya şirkətləri arasında olan ödənişlərdə ciddi çətinliklər meydana çıxa bilər. Nəzərə alanda ki, bağlanmış müqavilələrin çoxu dollar və avro hesabları üzrədir, bu, qaçılmazdır. ABŞ-ın sanksiyaları ilə paralel Avropanın da Rusiyaya sanksiyaları ciddi problemlərə yol açacaq”, - deyə ekspert vurğulayıb.

Kərimlinin əlavə edib ki, burada yalnız bir müsbət məqam ola bilər: “O da enerji daşıyıcılarının qiymət artımları ilə bağlıdır. Baş verənlərin fonunda neft və təbii qazın bahalaşması dövlət büdcəsi üçün faydalı olacaq. Ümumilikdə götürdükdə isə Rusiyaya qarşı ağır sanksiyaların ziyanı xeyrindən daha çoxdur və bir müddət sonra Azərbaycan iqtisadiyyatına da transformasiya oluna bilər”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov da AYNA-ya deyib ki, böyük dövlətlərdə baş verən krizislər bütün dünyaya yayılır və qonşu dövlətləri də əhatə edir: “Nəzər yetirsək, görərik ki, vaxtilə ABŞ-da baş vermiş ipoteka böhranı bütün dünyada iqtisadi böhrana səbəb oldu. Buna aid çoxsaylı misallar göstərə bilərik. Təbii ki, Rusiya da nəhəng dövlətdir və orada baş verənlərin birbaşa dünya iqtisadiyyatına təsiri olacaq. Bu sanksiyalar nəinki Rusiyanın, o sanksiyaları elan edən dövlətlərin, xüsusən də Avropanın iqtisadiyyatına təsirsiz ötüşməyəcək”.

“Bəllidir ki, Rusiya enerji daşıyıcıları istehsal edən ölkədir və Avropanı təhciz edir. Bu xüsusda çox ciddi iqtisadi sanksiyaların olacağı inandırıcı görünmür. Bu sanksiyalar neft-qaz sektorunu əhatə etməyəcək. Yəni Rusiyaya qarşı sanksiyalar birtərəfli ola bilər və rus iqtisadiyyatı tam çökməyəcək”, - deyə müsahibimiz söyləyib.

Onun fikrincə, Rusiyada gözlənilən istisadi böhran Azərbaycana da öz təsirini göstərəcək: “Rusiya Azərbaycanla qonşu ölkədir. Təbii ki, orada baş verənlərin bizə də bilavasitə aidiyyəti var. Bu gün qeyri-neft sektorunda biz əsas tərəfdaşıq. Rusiyada milyonlarla azərbaycanlı yaşayır, bizneslə və digər fəaliyyət növləri ilə məşğul olurlar. Bir çox hallarda onlar Rusiyada qazandıqları pullardan Azərbaycanda yaşayan ailə üzvlərinə, qohumlarına göndərirlər”.

“Rusiya iqtisadiyyatı çökəcək və ya müflis olacaqsa - hansı ki, bunu baş verəcəyi qətiyyən inandırıcı görünmür - Azərbaycan iqtisadiyyatı da bundan təsirlənəcək. Hesab edirəm ki, ABŞ və Qərb Rusiyaya qarşı ağır iqtisadi sanksiyalara əl atmayacaq. Rusiya da Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləyə yol verməyəcək”, - deyə Məmmədov fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev