Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq”

Siyasət

03.10.2024 - 13:57

Həkimlər Klinikalar SEO Xidməti

Deputat: “Ermənistan sülhdə, birgəyaşayışda maraqlıdırsa, deportasiya olunmuş azərbaycanlıların doğma el-obasına qayıtmasına qarşı olmamalıdır”

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Aşıq Ələsgərin heykəlinin açılışında Qərbi Azərbaycana qayıdışla bağlı fikirləri Ermənistanda panik vəziyyətin yaranmasına səbəb olub. Erməni cəmiyyətinin əsas müzakirə mövzusu hazırda İlham Əliyevin “Biz Qərbi Azərbaycana qayıdacağıq” ifadəsidir.

Xatırladaq ki, Prezident çıxışında deyib: “Xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar”.

“Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik”.

Ermənistan Parlamentinin sədri Alen Simonyanın son açıqlaması İlham Əliyevin bu bəyanatının qarşı tərəfdə isteriya yaratdığını sübut edir. Simonyan oktyabrın 1-də erməni jurnalistlərlə söhbətində Azərbaycanlıların Qərbi Azərbaycana dönüşü ilə bağlı məsələyə də toxunub. Spiker bildirib ki, sülh müqaviləsi layihəsində belə bir tələb yoxdur. Simonyan jurnalistin Azərbaycanda “Qərbi Azərbaycan” istilahının işlənməsi ilə bağlı fikrinə də münasibət bildirərkən deyib ki, “Azərbaycanda tarixi vətən axtarışı ilə məşğul olanlar buna çox da bənd olmasın. Belə olarsa, onların, örnək üçün Altaya köçüb orada yaşaması lazım gələ bilər…”

Yeri gəlmişkən, Simonyan onu da vurğulayıb ki, Ermənistan Azərbaycanla sülh sazişinin razılaşdırılmış bəndlərini imzalamağa hazırdır. Onun sözlərinə görə, Azərbaycanla danışıqlar prosesi hazırda dalana dirənib: “Lakin Ermənistanın bu məsələdə irəliləmək üçün “siyasi iradəsi var. Bu gün də biz razılaşdırılmış məqamları imzalamağa hazırıq”.

Qərbi Azərbaycana qayıdış və erməni cəmiyyətində yaranan ajiotajla bağlı AYNA-ya müsahibə verən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbəri, deputat Arzuxan Əlizadə deyib ki, azərbaycanlıların Qərbi Azərbaycana qayıtması ilə bağlı rəsmi Bakının mövqeyində gizli heç nə yoxdur:

-Azərbaycanın mövqeyi açıqdır və hər zaman da belə olub. İllər əvvəldən Azərbaycan ictimaiyyəti Qərbi Azərbaycan məsələsini gündəmə gətirirdi və tarixi torpaqlarımıza qayıdacağımızı bəyan edirdik. Mərhum Prezident Heydər Əliyev də bu məsələ ilə bağlı zamanında fikirlər səsləndirib. Biz bunu unutmamalıyıq. Heydər Əliyev təcrübəli siyasətçi kimi Qərbi Azərbaycanla bağlı tarixi həqiqətləri dilə gətirirdi. Prezident İlham Əliyev də bu haqda fikirlər səsləndirmişdi. İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra isə rəsmi şəkildə Qərbi Azərbaycana qayıdışımız gündəmə gətirilib. Bu ərazilər tarixi Azərbaycan əraziləri olmaqla yanaşı, azərbaycanlıların yaşamış olduğu, yaşamağa təbii hüququ olan ərazilərdir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda Zaqafqaziyadakı o vaxtkı geosiyasi vəziyyət nəzərə alınıb və qondarma erməni dövlətinin yaradılmasına da razılıq verilib. Həmin vaxt İrəvan şəhəri ermənilərə güzəştə gedilib və doqquz min kvadrat kilometr ərazidə qondarma dövlət yaradılıb. Bu icazə də o şərtlə verilib ki, ermənilərin digər Azərbaycan ərazilərinə iddialarına birdəfəlik son qoyulsun. Cümhuriyyət süqut etdikdən sonra, SSRİ yaranandan, imperiyanın dövründə zaman-zaman ərazilərimiz müxtəlif adlar altında və qanunsuz şəkildə Ermənistana verilib. Ermənilərə bu ərazilər verildikcə həmin yerlərdən azərbaycanlılar zorla deportasiya ediliblər. Bunlar tarixi faktlardır.

Onu da deyim ki, Azərbaycan müstəqilliyini bərpa etdikdə, 1991-ci ildə Müstəqillik Aktını qəbul edəndə özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib. Cümhuriyyətin əraziləri isə indiki Azərbaycan əraziləri ilə məhdudlaşmırdı. Zəngəzur da, Göyçə də Cümhuriyyətin ərazisi idi.

- Erməniləri isterikaya salan da məhz budur...

- Bəli, biz hər dəfə Qərbi Azərbaycana qayıdışımızdan danışanda Ermənistan rəsmiləri isterika yaşayırlar. Amma unutmasınlar ki, Azərbaycan Prezidenti İlham Əliyev sözü havaya demir. Baş verənlər də sübut edib ki, Prezident dediyi sözün arxasında sonadək dayanır. Ermənistana dəfələrlə xəbərdarlıq edilmişdi ki, işğalda saxladığı əraziləri qaytarsın, amma bu, onlara dərs olmadı. Sonda da “Dəmir yumruq” başlarına dəydi və reallığı anladılar. İndi Ermənistan rəsmiləri Qərbi Azərbaycana qayıdışla bağlı Bakıdan verilən mesajları qulaqardına vurmağa çalışırlar. Əslində isə Ermənistan sülhdə, birgəyaşayışda maraqlıdırsa, deportasiya olunmuş azərbaycanlıların doğma el-obasına qayıtmasına qarşı olmamalıdır. Onsuz da biz o ərazilərə qayıdacağıq. Çünki Qərbi Azərbaycan istər hüquqi müstəvidə olsun, istər tarixi müstəvidə olsun, istərsə də mənəvi müstəvidə olsun, bizimdir. Yenə deyirəm, Ermənistan Azərbaycan ərazilərində yaradılmış qondarma dövlətdir. Ən azından 20 min kvadrat kilometr ərazimiz – SSRİ dövründə qanunsuz şəkildə, heç bir hüquqa əsaslanmadan Ermənistana birləşdirilmiş ərazilərimizə azərbaycanlıların qayıtması, orada məskunlaşması təmin olunmalıdır. Sadəcə bu istiqamətdə beynəlxalq müstəvidə ciddi işlər aparılmalıdır.

- Beynəlxalq müstəvidə işlər aparılırmı?

- Hesab edirəm ki, səylər mövcuddur. Eyni zamanda, Azərbaycanın birinci şəxsi timsalında bəyan edilib ki, biz Qərbi Azərbaycana qayıdacağıq. Aşıq Ələsgərin Bakıdakı abidəsinin açılışında Prezident bunu bir daha təkrarladı. Qərbi Azərbaycana qayıdışla bağlı ölkə başçısının dedikləri təkcə daxili auditoriya üçün, Qərbi Azərbaycandan olan insanlar üçün deyildi, eyni zamanda, Ermənistana və beynəlxalq aləmə mesaj idi. Düşünürəm ki, Ermənistan bu mesajı almış oldu. Artıq erməni cəmiyyətində təlatüm var. Ermənistanın havadarları da ermənilər kimi bu mesajı almış olurlar. Bunun özü Qərbi Azərbaycanla bağlı beynəlxalq müstəvidə işlərin aparıldığının göstəricisidir.

- Simonyan həmçinin onu da bildirib ki, Bakıda noyabrda keçiriləcək COP29 tədbirində razılaşdırılmış müddəalar əsasında sülh sazişinin imzalanması mümkündür...

- Bilirsiniz, son aylarda erməni rəsmilər sülh sazişi layihəsində razılaşdırılan müddəalar əsasında müqavilənin imzalanmasını istədiklərini bəyan edirlər. Bəs razılaşdırılmayan məsələlər? Hansı ki, razılaşdırılmayan məsələlər belə görünür ki, ən əsas, Azərbaycan üçün ən vacib məsələlərdir. Söhbət Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən maddələrin ləğvindən, ATƏT-in Minsk Qrupu adlandırılan, de-fakto ləğv edilən qurumun de-yure ləğvi ilə bağlı Bakı ilə birgə İrəvanın ATƏT-ə müraciətinin edilməsindən və Zəngəzur dəhlizinin reallaşmasından gedir. Rəsmi Bakı bəyan edib ki, tələbləri tam yerinə yetirilmədən sülh sazişi imzalanmayacaq. Xüsusilə də, Ermənistan Konstitusiyasında dəyişiklik edilmədən sülh sazişi kövrək olacaq, dayanıqlı olmayacaq. Rəsmi İrəvan isə sülh bəyanatları verməklə beynəlxalq aləmə göstərmək istəyir ki, guya sülhpərvərdirlər, amma Azərbaycan sülhdən yayınır. Eyni zamanda, Ermənistan yarımçıq sülh sazişi imzalamaqla, ərazi iddialarına davam etmək, zaman qazanmaq niyyətindədir. Kövrək sülh Ermənistanın maraqlarına uyğundur, Azərbaycanın yox. Ona görə də, hesab edirəm ki, Bakının haqlı şərtləri yerinə yetirilmədən sülh sazişinin imzalanması gözlənilən deyil.  

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş