SEPAH komandirlərini kim və niyə “dənləyir” – <font color=red> İKİNCİ QƏTLİN İZİ İLƏ</font>

Siyasət

22.01.2020 - 19:51

Hikmət Hacızadə: “Baş verənlər İran daxilindəki münaqişələrdən qaynaqlana bilər”

 

Yanvarın 3-də İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qanadının komandanı general Qasım Süleymaninin ABŞ Prezidenti Donald Trampın göstərişi ilə öldürülməsindən sonra iki ölkə arasındakı gərginlik daha artdı. Hər iki tərəfdən qarşılıqlı təhdidlər başladı, ardınca İran ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbələri endirdi.

 

Bu gün səhər saatlarında isə SEPAH-ın “Bəsic” qolunun komandirlərindən olan Əbdülhüseyn Mücəddəmi evinin qarşısında qətlə yetirildi. Hadisə ilə bağlı dəqiq məlumatlar verilməsə də, basqının ABŞ cəsusları tərəfindən törədilməsi versiyası səslənir.

 

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə baş verənləri AYNA-ya şərh edib.

 

- Hikmət müəllim, İran ilə Amerika Birləşmiş Ştatları arasında gərginlik durmadan artır. Bugünlərdə İran tərəfdən ABŞ Prezidenti Donald Trampın “başına pul qoyuldu”. Bu gün isə SEPAH-ın daha bir komandiri qətlə yetirildi. Nələr baş verir?

 

- Burada iki ehtimal var: Birincisi odur ki, Amerika bu qətl hadisəsinə imza ata bilər. Çünki İranda ABŞ-ın xəfiyyələri və tərəfdarları çoxdur. İkincisi isə SEPAH-ın və hökumətin daxilində müxtəlif quruplar var ki, bu, onların da mübarizəsi çərçivəsində ola bilər. Yəni daxili ziddiyyətlər və konfliktlər bu hadisənin baş verməsinə rəvac verə bilər.

 

- Bu dəfəki qətlin də ABŞ tərəfindən törədildiyi təsdiqini taparsa, hansı nəticələr meydana çıxacaq?

 

- Qarşıdurma daha da dərinləşə bilər, lakin mən böyük müharibə olacağını güman etmirəm. Çünki nə İran, nə də Birləşmiş Ştatlar böyük müharibə istəyir. Onlar bu cür kiçik hadisələrlə mövqelərini möhkəmləndirmək və qarşı tərəfi danışıqlara cəlb etmək istəyirlər. Əlbəttə ki, gələcəkdə hadisələr müxtəlif istiqamətlərdə cərəyan edə bilər, lakin sırf bu ölüm hadisəsinə görə, silahlı qarşıdurmanın olacağı inandırıcı deyil.

- Bu şəkildə nə vaxtadək davam edəcək?

 

- Əlbəttə ki, ABŞ İrandan kifəyət qədər güclüdür. Və ABŞ-ın tələbləri yerinə yetirilənə qədər bu proses davam edəcək. Tələblər isə bundan ibarətdir ki, İranın nüvə proyekti tam dayandırılsın, Tehran Yaxın Şərqdə baş verən proseslərə müdaxilə etməsin və öz dəstələrini Suriyadan, İraqdan, Livandan, Yəməndən geri çəksin. Yəni ABŞ-ın bu tələbləri İran tərəfindən qəbul edilənə qədər gərginlik davam edəcək.

 

- İranın Amerikanın təzyiqləri nəticəsində geri çəkiləcəyini güman edirsiniz?

 

- Bu, bir növ Trampın impiçmenti ilə də bağlıdır. Əgər impiçment Senatda qəbul edilsə, ola bilər ki, bu məsələyə xitam verilsin. Yox, əksi olsa, Tramp istəyinə nail olana qədər gərginlik davam edəcək. Ümumiyyətlə, Trampdan əlavə, Amerikanı idarə edən qüvvələr, dərin dövlət və supergüclər də Trampın bu planını dəstəkləyir. Çünki ABŞ-ın “Böyük Yaxın Şərq” planı var. Ki, Şərqdəki bütün rasional qüvvələr ram edilsin və demokratik hökumətlər hakimiyyətə gəlsin. Bununla da onlarla rahat ticarət əlaqələri qurulsun və gəlir əldə olunsun.

 

- O zaman, mümkündürmü ki, Trampın impiçmenti Senatda rədd edilsin və proseslərin davamına şərait yaradılsın?

 

- Əlbəttə, ola bilər. İmpiçmentlə bağlı sənədlər hələ də Senatdadır. Senatda da Trampın Respublikaçı tərəfdarları çoxluq təşkil edir. Çətin ki, onlar Trampa qarşı çıxsınlar. Yəni impiçmentin qəbul edilmə ehtimalı az, proseslərin davam etmə ehtimalı isə çoxdur.

Müəllif: Mərahim Nəsib