“Qaralar” “sarıları” barışdırmaq istəyir, amma...

Dünya

26.06.2023 - 14:24

Fərhad Məmmədov: “Türkiyə Rusiya-Ukrayna dialoqu platforması uğrunda Çinlə rəqabət aparacaq”

Rusiya-Ukrayna müharibəsinin nizamlanmasında vasitəçilik xidmətləri göstərməyi təklif edən ölkələrin sayı artıb. Bu dəfə münaqişənin həllinə töhfə vermək istəyən dövlətlər sırasında Afrika qitəsinin nümayəndələri də olub.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan Afrika ölkələrinin əksəriyyəti ya bitərəf, ya da rusiyayönümlü mövqe tutub. Təsadüfi deyil ki, Ukrayna Prezidenti Volodimir Zelenski ötən ilin iyununda Afrika İttifaqına videobağlantı vasitəsilə müraciət edəndə, orada yalnız bir neçə üzv ölkə yüksək səviyyəli rəhbərliklə təmsil olunurdu, bir çoxları yüksək səviyyəli olmayan diplomatlarla məhdudlaşırdı. Bəzi analitiklərin fikrincə, bu, demonstrativ məqsədlə edilmişdi.

İyunun 16-da isə Afrika ölkələrinin (Cənubi Afrika, Misir, Konqo Respublikası, Seneqal, Zambiya, Uqanda və Komor adaları) liderlərindən ibarət nümayəndə heyəti Kiyevə səfər edib. Zelenski ilə münaqişənin həlli üçün Afrika sülh təşəbbüsünü müzakirə etdikdən sonra ertəsi gün “Qara qitə”nin nümayəndə heyəti Sankt-Peterburqa yollanıb.

“Reuters”in yazdığı kimi, Afrika planına rus qoşunlarının çıxarılması, Belarusda taktiki nüvə silahı yerləşdirməkdən imtina, Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsinə dair orderinin dayandırılması, sanksiyaların yumşaldılması, taxıl və gübrələrə dair “şərtsiz” razılaşma daxildir.

Xüsusilə, Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa Sankt-Peterburqda Putinlə görüşdə bildirib ki, Ukrayna münaqişəsinin hər iki tərəfi üçün danışıqlara başlamağın və bu müharibəyə son qoymağın vaxtı çatıb.

Gördüyümüz kimi, Rusiya-Ukrayna münaqişəsində dolayısı ilə iştirak edən ölkələrin coğrafiyası genişlənir. Bəs Afrika ölkələrini sözün qlobal mənasında “ağır çəkililər” adlandırmağın çətin olduğunu nəzərə alsaq, bu prosesdə onların effektivliyi nədən ibarətdir? Və ümumiyyətlə, daha geniş mənada münaqişənin həllində digər ölkələrin vasitəçilik səylərinin effektivliyi nə dərəcədədir?

Mövzunu AYNA-ya Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov şərh edib:

“Rusiya Ukrayna qoşunlarının aktiv əks-hücumunun qarşısını hansısa yolla almaq ümidi ilə Ukraynanın iri şəhərlərini, o cümlədən Kiyevi atəşə tutur. Eyni şeyi, prinsipcə, Ukrayna da edir, həm işğal olunmuş ərazilərə, həm də Rusiya Federasiyasının ərazisinə raket zərbələri endirir.

Danışıqların gedişatına gəlincə, hamı yaxşı bilir ki, indiki şəraitdə nə Afrika vasitəçiliyi, nə də digər vasitəçilik faydalı və effektiv ola bilər. Həm Rusiya, həm də Ukrayna tam qələbə üçün kifayət qədər resurslara malik olduqlarına əmindir.

İndiyədək hər iki tərəfin resurslarında kritik tükənmə müşahidə olunmayıb. Onlar isə düşmənin resurslarının məhz bu qədər tükənməsinə nail olmaq üçün böyük döyüşlərə hazırlaşırlar ki, bu da bir-birinin danışıqlar mövqeyinə təsir edəcək.

İndiki şəraitdə Afrika ölkələrinin vasitəçiliyi həlledici əhəmiyyət kəsb etməyəcək. Bu gün Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsindən sonra intensiv şəkildə davam edən ənənəvi türk vasitəçiliyi, eləcə də Türkiyə rəhbərliyinin bu məsələdə öz mövqeyindən və seçki kampaniyası ilə məşğul olması səbəbindən yaranan müəyyən boşluqdan istifadə edən çinlilərin təşəbbüsü var. Əgər Ərdoğan seçkilərdə uduzsaydı, o zaman Çinin vasitəçilik missiyasını bir neçə dəfə artıracağını düşünürəm.

Amma bu gün biz görürük ki, Türkiyə bu kontekstdə oynayır və hələ də Rusiya-Ukrayna, Rusiya-Qərb dialoq platformaları uğrunda sözün yaxşı mənasında Çinlə uzunmüddətli rəqabət aparacaq”.

Müəllif: Fed Bakinski