Qarabağdakı separatçıların sayılı günləri qaldı: "Dinc şəkildə çıxarılacaqlar"

Siyasət

23.05.2023 - 10:21

Fuad Çıraqov: "Silahlı birləşmələrin çıxarılması artıq zaman məsələsidir, bir ay, iki aydan sonra onlar oradan çıxarılacaqlar"

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində aparılan danışıqlar intensiv xarakter alıb. Xarici işlər nazirləri – Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Vaşinqtonda keçirilən 4 günlük danışıqlardan sonra, mayın 14-də liderlər – İlham Əliyev və Nikol Paşinyan arasında Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri şarl Mişelin vasitəçiliyi ilə görüş keçirildi. Mayın 19-da isə Moskvada yenidən XİN başçıları Rusiya XİN başçısı Sergey Lavrovun da iştirakı ilə üçtərəfli danışıqlar apardılar.

Bakı və İrəvandan hələlik rəsmi təsdiqlənməsə də, mayın 25-də liderlərin Moskvada görüşəcəyi barədə rus mediasında məlumatlar yayılıb. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov iki gün əvvəl Moskvanın Azərbaycan və Ermənistan rəhbərlərini görüşdürmək üçün hazırlıq apardığını açıqlayıb və əlavə məlumat verməyib.

Onu da qeyd edək ki, iyunun birində Prezident və Baş nazirin Kişinyovda Avropa Siyasi Birliyinin toplantısı çərçivəsində görüşəcəyi bildirilir. Sözügedən görüşdə Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun da iştirak edəcəyi gələn xəbərlər arasındadır.

Ekspertlər bildirirlər ki, bu cür intensiv diplomatik proseslər sülh sazişinin xeyrinədir. Analitiklərin qənaətincə diplomatik təmasların artması, danışıqların intensivləşməsi sülh sazişinin imzalanması prosesini sürətləndirə bilər. Prosesləri AYNA-ya şərh edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov deyib ki, Vətən müharibəsindən sonrakı danışıqlar üçün ilk platforma Rusiya platformasıdır:

- Digər oyunçuları regiona Azərbaycan yox, Ermənistan dəvət etmişdi. İrəvanın məqsədi bu idi ki, çox sayda oyunçuları prosesə qoşsun, danışıqları uzatsın, mümkün qədər prosesi dondursun. Yaxud da ki, özünün xeyrinə hansısa addımların atılmasına nail olsun. Ermənistan rəhbərliyi gözləmirdi ki, bu dinamikadan Bakı qazana biləcək. İnanmırdılar ki, Azərbaycan bir platformada əldə etdiyi diplomatik uğuru digərinə transformasiya edə biləcək. Amma əksi oldu, Azərbaycan diplomatik gedişləri ilə prosesi nəzarətində saxlaya bildi.

- Söhbət hansı uğurlardan gedir?

- Məsələn, liderlərin Praqa görüşündə əldə olunan razılaşmaya diqqət yetirək. Alma-Ata Bəyannaməsinə istinad edilməsi və bu istiqamətdə razılaşma sonradan Soçidə təsdiqləndi. Düzdür, Rusiya rəsmilərinin narazılığı, şikayəti oldu, amma son nəticədə, Praqada əldə olunan razılaşma Soçidə təsdiqləndi. İndi isə Brüsseldə əldə olunan nəticələr Moskvada XİN başçıları tərəfindən təsdiqləndi. Mayın 25-də liderlərin Moskva görüşü gözlənilir ki, Brüsseldə əldə edilən razılaşmaların Moskvada liderlər səviyyəsində də təsdiqlənəcəyi qaçılmaz olacaq.

Bu bir qədər güləşə bənzəyir: bir cığal güləşçi olur, hansısa platformadakı məğlubiyyətindən narazı qalır və deyir ki, başqa yerdə də güləşək. Həmin başqa yerdə də məğlub olur, yenə razılaşmır, tamam başqa bir yerdə yarışmaq istəyir. Nəticədə hər yerdə məğlub olur və sonda məğlubiyyətini istəməsə də, qəbul edir. İndi İrəvan özünü həmin cığal güləşçi kimi aparır.

Düşünürəm ki, proses Azərbaycan Ordusunun əldə etdiyi nəticələrdən, Azərbaycan diplomatiyasının üstünlüyündən və qətiyyətindən asılıdır.

- Yəni əslində XİN başçılarının Moskva görüşündə razılaşdırılan məsələlər Brüsseldə liderlərin görüşündə əldə olunan razılaşmaların təsdiqi idi?

- Tamamilə, doğrudur. Azərbaycan Brüssel masasında fundamental nəticələr əldə etdi. Moskva görüşündən əvvəl Bakı diplomatik sahədə əlini gücləndirdi. Məsələn, Brüsseldə kommunikasiyalarla bağlı önəmli razılıq əldə edildi. 2021-ci ilin əvvəllərində kommunikasiyalarla bağlı razılıq əldə edilmişdi. Amma Ermənistanın mövqeyinə görə bu proses dondurulmuşdu. Brüsseldə isə tezliklə bu məsələnin həllini tapması təsdiqləndi.

Bundan başqa, Brüsseldə Paşinyan bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü 86.6 min kvadrat kilometr ərazi çərçivəsində tanıyır. Hansı ki, Paşinyan bu bəyanatını iki gün sonra Reykyavikdə təsdiqlədi. Bu, çox vacib məqamdır. Ona görə ki, rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını əvvəllər də bəyan etmişdi, amma Qarabağı Azərbaycan ərazisi kimi tanımırdı. 2004-cü ildə Ermənistanın Prezidenti olmuş Robert Köçəryan ATAT-in toplantısındakı çıxışı zamanı bildirmişdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin Qarabağ bura daxil deyil. Bu mantranı Köçəryandan sonrakı Ermənistan rəhbərliyindəkilər təkrar edirdilər. Deyirdilər ki, “Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyünə aid deyil, Azərbaycanın daxili işi deyil”. Paşinyan isə fərqli fikir bildirdi və Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi. Bundan sonra nə Ermənistan rəhbərliyi, nə də ki, hansısa xarici dairələr, xarici politoloqlar Qarabağın “mübahisəli ərazi” olması iddiasında olmayacaqlar. Axı bəziləri Qarabağla bağlı “mübahisəli ərazi” ifadəsindən istifadəni sevirdilər. Artıq bunu deməyə heç kəsin ixtiyarı yoxdur, çünki ilk növbədə Qarabağın Azərbaycan ərazisi olduğunu İrəvan rəsmi şəkildə bəyan etdi.

- Brüssel görüşü ilə bağlı Şarl Mişelin bəyanatında Qarabağdakı ermənilərlə bağlı da yanaşma vardı. Bunu necə qiymətləndirirsiniz?

- Bu hissə də çox önəmlidir və hesab edirəm ki, Azərbaycan diplomatik səylər nəticəsində bu məsələyə də aydınlıq gətirilməsinə nail oldu. O mənada ki, bəyanatda “Qarabağdakı erməni əhalinin hüquq və təhlükəsizliyi” deyilir. Orada istifadə olunan söz nə “xalq” oldu, nə “milli azlıq” oldu, sadəcə “əhali” oldu. Bununla da “öz müqəddəratını təyinetmə” məsələsi birdəfəlik bağlanmış oldu. Ermənistan üçün Qarabağdakı erməni sakinlərin “xalq” adlandırılması çox vacib və fundamental idi. Çünki “xalq” ifadəsi İrəvanın gələcək işğalı üçün əsas baza kimi nəzərdə tutulmuşdu. İrəvanın bu niyyəti də alınmadı.

Ümumilikdə, biz görürük ki, bir-biri ilə rəqabətdə olan danışıqlar platformalarında Azərbaycan uğur əldə edir. Azərbaycanın maraqlarına zidd olan ifadələr danışıqlar sənədlərindən, danışıqlar leksikondan çıxarılır. “Dağlıq Qarabağ” ifadəsindənm istifadə edilmir, “status” sözü deyilmir və ən nəhayət, Qarabağdakı ermənilərə “xalq” deyimini, yəni “öz müqəddəratını təyin etmə” prinsipinə rəvac verə biləcək ifadəni çıxarmış olduq. Hərbi vəziyyəti öz xeyrimizə dəyişdiyimiz kimi, siyasi leksikonu da öz xeyrimizə dəyişmişik ki, bu, böyük uğur sayılmalıdır. Hesab edirəm ki, bütün danışıqlar platformalarında Bakı diplomatik qələbələrini qazanır.

- Yəqin ki, bundan sonrakı danışıqlarda reinteqrasiya məsələsi üzərində kökləniləcək. Qarabağın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə hələ də qeyri-qanuni erməni silahlı dəstələri mövcuddur. Onlar isə reinteqrasiyaya ən böyük əngəl sayılır. Silahlı separatçıların çıxarılması məsələsi qarşıdakı danışıqlarda həllini tapa bilər, yoxsa Azərbaycan hərbi yola əl atacaq?

- Hesab edirəm ki, Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrin çıxarılması artıq zaman məsələsidir, bir ay, iki ay müddətdən sonra oradan çıxarılacaqlar. Brüssel danışıqlarındakı nəticələr bunu deməyə əsas verir. Nədənsə, məndə ümid var ki, oradakı silahlılar dinc şəkildə çıxarılacaqlar. Ola bilsin ki, müəyyən hərbi əməliyyatlar olsun. Amma böyük əməliyyat gözləntisi azalıb. Çünki Brüsseldə Azərbaycan diplomatiyası elə mühüm nəticələr əldə edib ki, məsələnin həll olunmamasına imkan qalmayıb. Təbii ki, İrəvan qarşıda yenidən mövqe dəyişikliyi etsə, vəziyyət gərginləşə bilər.

Brüssel görüşünün gündəliyində Qarabağın erməni əhalisinin reinteqrasiya məsələsi var idi. Qeyd etdiyim kimi, onlar “əhali”, “sakin” adlandırıldı ki, bu, reinteqrasiyaya təkan verir. Ermənistan ciddi cəhdlə çalışırdı ki, Azərbaycanın üzərinə Qarabağın erməni sakinləri ilə bağlı hansısa öhdəlik, mexanizm qoysunlar. İrəvan “Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi” adı altında beynəlmiləl mexanizmin yaradılmasına çalışdılar. Ermənistan separatçı qondarma qurumu “tərəf” etmək eşqinə düşmüşdü. Amma Brüssel görüşü sənədində Azərbaycandan nəzakətlə xahiş edildi ki, Qarabağdakı ermənilərlə söhbət edilsin. Kimsə ünvan göstərilmədi ki, bu şəxslərlə danışın, – təbii ki, göstərilə də bilməz, kimlə danışmaq istədiyimizi özümüz seçəcəyik – nə qondarma rejimlə danışıqlar aparılması istənildi. Qarabağdakı bir erməni kənd müəllimi də ola bilər, sadə bir sakin də ola bilər – Bakı reinteqrasiya məsələsində bu tiplərlə söhbət edə bilər. Yoxsa ki, özünə “prezident”, “nazir”, “ombudsman” deyən təlxəklər toplusu ilə danışıq aparmaq, bu olmayacaq.

Müəllif: Anar Bayramoğlu