Azərbaycanın Ukraynadakı səfiri: “Mühüm sənədlərin imzalanması planlaşdırılır”

Siyasət

11.12.2019 - 13:15

Həkimlər Klinikalar SEO Xidməti

Azər Xudiyev: “Cənab Zelenskinin ölkəmizə səfərinin hərtərəfli əlaqələrin inkişafına yeni təkan verəcəyinə əminik”

 

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev AYNA-ya özəl müsahibə verib. Müsahibəni təqdim edirik:

 

- Bu həftə, dekabrın 12-də Kiyevdə GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclası keçiriləcək. Bu iclasda hansı məsələlər müzakirə ediləcək və bu görüşün nəticələri barədə gözləntiləriniz nədən ibarətdir?

 

- Bəli, dekabrın 12-də Kiyevdə GUAM-a üzv dövlətlərin hökumət başçılarının görüşünün keçirilməsi planlaşdırılır. Görüşdə GUAM formatında siyasi qarşılıqlı fəaliyyət, parlamentlərarası əməkdaşlıq və sənaye əməkdaşlığının inkişafı, habelə digər ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri müzakirə ediləcək. GUAM-a üzv dövlətlərin hökumət başçılarının görüşü çərçivəsində Ukrayna Ticarət və Sənaye Palatasının toplantı zalında "GUAM Ticarət və Nəqliyyatın Asanlaşdırılması Layihəsinin həyata keçirilməsində dövlət-özəl tərəfdaşlıq" adlı ikinci GUAM Biznes Forumu keçiriləcək. Bu tədbirdə iştirak etmək üçün iqtisadiyyat, ticarət nazirliklərini, gömrük orqanlarını və biznes qurumlarını təmsil edən milli nümayəndə heyətlərinin üzvləri dəvət olunur. İşgüzar forum GUAM-a üzv dövlətlər arasında ticarət və nəqliyyat əməkdaşlığını təşviq etmək üçün rəqəmsal texnologiyaların tətbiqinə yönələcək.

 

Elə həmin gün GUAM-a üzv dövlətlərin hökumət başçılarının görüşü və Biznes Forumundan əvvəl GUAM-a üzv ölkələrin gömrük xidmətləri rəhbərlərinin görüşü planlaşdırılır. Gündəliyə vətəndaşlar və müəssisələr üçün rahat mühit yaratmaq üçün gömrük prosedurlarının sadələşdirilməsi yolu ilə ticarətin asanlaşdırılması, gömrük rəsmiləşdirmə prosesinin rəqəmsallaşdırılması və müasir İT texnologiyalarının tətbiqi, gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq, habelə GUAM üzvləri dövlət idarələri arasında niyyət protokollarının imzalanması kimi məsələlərin müzakirəsi daxildir.

Əkbər Həsənov