“ABŞ-ın İranla müharibəyə başlamaq niyyəti yoxdur”

Siyasət

13.05.2020 - 10:28

İqor Pankratenko: “Tehranın zəiflədilməsi üçün potensial vasitələrdən hələ tam istifadə olunmayıb”

 

Rusiyalı politoloq, Yaxın Şərq araşdırmaçı İqor Pankratenko AYNA-ya müsahibəsində bölgədə gedən prosesləri şərh edib. Müsahibəni təqdim edirik:

 

- Prezident Donald Tramp Konqresin İranla bağlı qərarına veto qoyub. Sizcə, Ağ Ev rəhbəri İranla müharibə variantını özündə saxlayır?

 

- Məncə, söhbət müharibəyə başlamaq hüququna sahib olmaqdan deyil, bölgədə İrana bağlı qüvvələrə qarşı xüsusi əməliyyatlar aparmaq səlahiyyətini özündə saxlamaqdan gedir. Yəni, bu ilin yanvar ayında Trampın “Əl-Qüds” qüvvələrinin komandirinə süi-qəsd etmək əmri verməsi buna nümunədir. Ağ Ev İranın Yaxın Şərqdə, Suriyada, İraqda mövcudluğunu qəbul etmir və buna qarşı kəşfiyyat işinin, xüsusi əməliyyatların genişləndirilməsini zəruri sayır və bu müddətdə Konqres, “arabada olan beşinci təkər” kimidir. Tramp məhz bu maneəni aradan qaldırmağa çalışır.

Игорь Панкратенко: На серьезную конфронтацию с США из-за Ирана ...

- Bəzi ekspertlər ABŞ Prezidentinin ikinci müddətə seçiləcəyi təqdirdə, İranla müharibəyə başalayacığnı düşünürlər. İran belə bir ssenariyə hazırdırmı?

 

- Mən bu ehtimalın tərəfdarları ilə həmfikir deyiləm. Əvvəla, 21-ci əsrin ikinci onilliyindəki müharibələrin xarakteri kəskin şəkildə dəyişdiyinə görə, qeyd etdiyiniz ekspertlərin vəziyyəti dərindən analiz etmədikləri bəlli olur. Tramp 2018-ci ildə nüvə razılaşmasından çıxdıqdan sonra Amerikanın İrana tətbiq etdiyi genişmiqyaslı sanksiyalar təsirlərini göstərməyə başladı, İran iqtisadiyyatına ciddi ziyan dəydi, əhalinin vəziyyəti get-gedə pisləşir və bütün bunlar İslam Respublikasında sosial gərginliyin artmasına səbəb olur. Dolayı müharibələr Suriya və İraq kimi İranın da büdcəsini çökdürür. İndi Tehran, demək olar ki, neft satışından əldə etdiyi gəlirdən məhrum olub.

 

Bütün bunlarla yanaşı, İrana qarşı həm iqtisadi həmlələr, həm də sərhədlərindən kənarda xüsusi əməliyyatların limiti bitməyib, Tehranın zəiflədilməsi üçün bütün vasitələrdən hələ tam istifadə olunmayıb. Düşünürəm ki, Tramp yenidən seçiləcəyi təqdirdə, bu yöndəki təzyiqləri artıracaq, nəinki müharibəyə başlayacaq. Yeri gəlmişkən, İrandakı bəzi siyasi dairələrin ümid etdikləri kimi, ABŞ-da Demokratların hakimiyyətə gələcəyi təqdirdə, Tehran üçün vəziyyət yaxşılığa doğru dəyişməyəcək. Çünki Amerika siyasi elitasında İran rejiminin devrilməsi barədə oturuşmuş bir fikir mövcuddur.

 

- Hazırda ABŞ-ın hədəfində İran qədər Çin də var. Bu amil Tehran və Pekini ortaq düşmənə qarşı birləşdirə bilir?

 

- Əlbəttə ki, birləşdirir. Bu, həm iqtisadi, həm də siyasi səviyyələrdə olduqca açıq nəzərə çarpır. Vacib olan başqa şeydir: bu birliyin “dərinliyi” Pekin və Tehranın qucaqlaşması qədər isti olacaq. Və burada ABŞ-ın İranla açıq müharibəyə başlamayacağını anlamaq lazımdır. Bu, Vaşinqtonun maraqlarına cavab vermir, üstəlik, belə bir addımın zərərləri faydalardan xeyli çox olacaq.

Müəllif: Nicat Hacıyev