Qarabağ haqqında yarımçıq yazı, yaxud yataqxana dəhlizində baş verən “partlayış”

Aktual

27.02.2022 - 16:21

Ermənilər oğlanın ətini tikə-tikə doğrayır və anasının ağzına dürtürdülər...

...1980-ci illərin sonlarında valideynlərimin əlindən tutub, o zaman hələ Leninin adını daşıyan indiki Azadlıq meydanındakı mitinqlərə getməyimi yaxşı xatırlayıram. Yüz minlərlə insan seli, aclıq edən insanların oturduğu çadırlar, qışqırıqlar, şüarlar, şeirlər və hətta meyxanalar - SSRİ-də doğulan və cəmi üç televiziya kanalına baxaraq  böyüyən, 10-12 yaşlı uşaq üçün bu, həddindən artıq təsirli, yaddaqalan mənzərə idi. Axı biz etirazçılarla olan kadrları yalnız “çürüməkdə olan Qərbin kasıb sakinlərinin gündəlik işgəncələri” ilə bağlı görmüşdük. Onda başa düşmürdüm ki, tribunada bir-birini əvəz edən kişilər nə istəyirlər, nə üçün “Moskva”, “Rusiya imperializmi”, “ermənilər” kimi sözlər hər dəfə səslənəndə böyük izdihamdan narazı qışqırıq və fit səsləri eşidilir.

...1991. Kətillərə çıxaraq İliç haqqında şeirlər oxuyan uşaqların nəsli böyüyür və 80-ci illərin sonlarında həmin kütlənin narazılığının səbəblərini artıq başa düşməyə başlayırdı. Bunun üçün Qorbaçov əlindən gələni etmişdi - 1990-cı ilin Qanlı Yanvarı artıq baş vermişdi, o zaman Azərbaycanda on minlərlə yeniyetmə həmin gün öz doğma Sovet Ordusunun mühərriklərinin gurultusu və uğultusunu, SSRİ-nin bütün xalqlarının qardaşlıq hisslərini əbədi olaraq boğan tank kolonlarının öz evlərinin önündən keçidini izləyirdi.

Amma o zaman da mən tam başa düşə bilmədim ki, bu ermənilər bizə nə ediblər, Rusiyadan gələn ruslar niyə onlara kömək edir. Bugünkü reallıqlardan yanaşsaq, suallar, təbii ki, primitiv görünür, lakin həm ermənilərin, həm də rusların yan-yana yaşadıqları beynəlmiləl məhəllədə böyüyən yeniyetmə üçün kifayət qədər başadüşülən suallar idi. Yasamal “Zavokzalnaya” və ya Ermənikənd deyildi, amma yenə də biz Vazgen və Vanya kimi həmyaşıdlarımızı tanıyırdıq. Bəli, biz artıq eşitmişik ki, Bakıdan hardasa uzaqlarda - Qarabağda vanyaların köməyi ilə vazgenlər torpaqlarımızı zəbt edir, azərbaycanlıları (Bakıda hər keçən gün daha da çoxalırdılar) didərgin salırlar, amma yenə də hər şey orada, uzaqda baş verirdi...

...Tam olaraq, olanları şəxsi anlama, dərk etmə 1992-ci ilin əvvəlində, keçmiş tələbə yataqxanasının dəhlizində baş verdi. Özümü pis hiss etdim. Eşitdiklərimin acılığından boğularaq, o vaxt təzəcə tütünə dadanan mən bir siqaret çıxartdım. Beyin reallığı dərk etməkdən imtina edirdi. Bu, necə mümkün ola bilərdi?

Bu yataqaxanaya biz - yuxarı sinif şagirdləri, dinc əhalisi ermənilər və onlara kömək edən Rusiyanın 366-cı motoatıcı alayının əsgərləri tərəfindən vəhşicəsinə məhv edilmiş Xocalıdan olan qaçqınlar üçün yardım gətirmişdik. Edamlar, zorlamalar, hətta baş dərisinin soyulması… Vəhşilik hekayələri çox idi, amma yəqin ki, onlardan birini heç vaxt unutmayacağam.

Onu bizə yataqxanada əsirlikdən azad edilmiş qadının -  çevik polis əməkdaşının (OMON-çunun) anasının qonşusu danışdı. Onun danışdıqları dahi Nitsşenin sözlərini bir daha təsdiqlədi - insan ən qəddar heyvandır. Belə ki, qonşunun dediklərinə görə, ermənilər “OMON”-çunu yaxalayaraq ona işgəncələr verir, tikə-tikə doğrayır, ətini anasının ağzına dürtürmüşlər... Və qonşu bütün bu dəhşətləri danışarkən, ana - Cəhənnəmin bütün əzablarını görən ana səssizcə, sanki boşluğa baxaraq, yaxınlıqda oturmuşdu. Daxildə o, artıq ölmüşdü...

O vaxtdan beynimdə Xocalı insan qəddarlığının və vəhşiliyinin təcəssümü kimi qaldı və bu, mənim ermənilərə münasibətimi həmişəlik müəyyən etdi. Mən 30 ildir ki, Qarabağı qaytarıb, bu qisası alacağımıza ümid bəsləyirdim. Bəlkə də qisas ermənilərin Xocalıdakı əməlləri qədər qaniçən olmayacaq. Biz insanıq axı və dinc insanları məhv etməyəcəyik. Amma, nə qədər ki, bu qətliamın məlum iştirakçıları kef içində yaşayırlar, qisas olmalıdır.

…2021-ci ilin dekabrı. Jurnalistlərlə dolu “Sprinter”lər kolonu Zəfər yolu ilə Şuşaya gedir. Hər kəsin fərqli hissləri var, çoxları sevinir, şəkil çəkdirir, selfi çəkir. Bəs necə? Qələbə qazandıq, incimizi - 30 il işğal altında olan Şuşanı qaytardıq.

Medianın İnkişafı Agentliyi və “Şuşa” Dövlət Qoruğunun səyahət təşkilatçılığına söz ola bilməzdi. Rahat nəqliyyat, yol boyu yaranan istənilən problemi həll etməyə hazır olan əməkdaşlar, yaxşı yemək və ekskursiya - hər şey yüksək səviyyədə idi, amma...

Qoy, həmkarlarım məni bağışlasınlar, onlardan fərqli olaraq, mən bu səfər zamanı tam sevinə bilmədim. Bu Zəfər yolunun altındakı torpağın hər metrinin əsgərlərimizin qanı ilə suvarıldığını fikrimə gətirir, kədərlənirdim, sankı bir ağırlıq çökmüşdü içimə. Bəli, igid Vətən övladlarının yalnız yüngül atıcı silahlarla, süngü bıçaqları ilə Şuşaya qalxdıqları qayaları bizə göstərəndə ürəyimi qürur hissi bürüyürdü. Həqiqətən, tale igidləri sevir.

Oxşar qürur hissi bir vaxtlar Qarabağ xanlarının at yarışları və muğam gecələri keçirdikləri Cıdır düzünü ziyarət edərkən də yarandı. Bu nadir mənzərələri bir dəfə görürsənsə, artıq onları unutmaq mümkün deyil. Bu, bir ömür boyu qalacaq bir təəssüratdır. Uca Yaradan burada təkrarolunmaz gözəlliklər yaradıb.

Amma orada da səyahət boyu məni müşayiət edən eyni kədər və ağırlıq hissi dağ havasından və rənglərin palitrasından tam həzz almağa imkan vermədi.

Cıdır düzündə geriyə dönüb baxanda zəbt olunmuş Xankəndinin, necə deyərlər, əlçatacaq məsafədə yerləşən tikililərini, evlərini gördüm. Bir az irəlidə başqa yaşayış məntəqəsi görünürdü, amma Xankəndidən fərqli olaraq oradakı bütün tikililər çox “düzgün”, səliqəli, sanki, bir xətt üzrə yerləşmişdi. Bizə izah etdilər ki, gördüyümüz hələ də işğal altında inləyən Xocalıdır. Xocalıdakı bu səliqəli tikililər isə bizim, bədbəxtlikdən, Qarabağa buraxdığımız rus sülhməramlı kontingentinin kazarmaları idi.

Bu Rusiya sülhməramlıları öz addımları ilə uzun müddətdir ki, müxtəlif müzakirələrin və şərhlərin mövzusuna çevriliblər, onlar "mif yaradanlar", "sülh məramsızlar" və s. kimi "xalq sinonimləri"nə layiq görülüblər. Yəqin ki, bu qərarı qəbul edən ən yüksək rütbəlilər də başa düşürlər ki, Azərbaycan cəmiyyətinin şüurunda həmin “sülhməramlılar” erməni işğalçılarından çox da fərqlənmir. Onlar özləri işğal etməyiblər, lakin işğalçılara Azərbaycan ərazisində möhkəmlənməyə aktiv şəkildə kömək edirlər.

…Bu, nadir hallardandır ki, məqaləni məntiqi sunluqla bitirə bilmirəm. Gözlərimin önündə gah RMK tərəfindən yenidən tikilən işğal altında olan Xocalı, sağlığında soyuq daşa çevrilmiş “OMON”-çunun anasının siması, “Moskva”, “Rus imperializmi” və “ermənilər” kimi sözlər hər dəfə səslənəndə narazılıqla fit çalan camaatın hay-küy kadrları ardıcıl olaraq bir-birini əvəzləyir.

Maraqlıdır, mən nə vaxtsa bu yazını məntiqi sonluqla  bitirə biləcəyəmmi? Axı artıq 30 il keçib...

Müəllif: Mətin Yaşaroğlu