Qanunvericiliyə “tapmaca” dəyişiklik?

İqtisadiyyat

25.11.2022 - 10:21

Keçmiş nazir: “Təklif edilən dəyişikliklər qeyri-müəyyəndir”

Hüquqşünas: “Çox savadsız formada hazırlanıb və heç özləri də bilmirlər ki...”

Milli valyutada və xarici valyutada qiymətli kağızlar anlayışı dəyişir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Valyuta tənzimi haqqında qanun”a təklif edilən dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, milli valyutada qiymətli kağızlar anlayışı artıq nominal dəyəri manatla ifadə edilmiş səhmlər, istiqrazlar, vekseller və digər qiymətli kağızlar sayılacaq. Qüvvədə olan qanuna əsasən, milli valyutada qiymətli kağızlar anlayışı manatla ifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkreditivlər və s.), fond sərvətləri (səhmlər, istiqrazlar) və digər borc öhdəliklərini əhatə edir.

Eyni zamanda, təklif edilən dəyişikliyə əsasən, xarici valyutada qiymətli kağızlar anlayışı nominal dəyəri xarici valyutada ifadə edilmiş səhmlər, istiqrazlar, vekseller və digər qiymətli kağızları əhatə edəcək. Qüvvədə olan qanuna əsasən, xarici valyutada qiymətli kağızlar xarici valyutada ifadə edilmiş ödəniş sənədləri( çeklər, veksellər, akkreditivlər və s.), fond sərvətləri (səhmlər, istiqrazlar) və digər borc öhdəliklərini əhatə edir. Qanun layihəsinə əsasən, milli və xarici valyutada olan qiymətli kağızlarla bağlı bu qanunun tələbləri çeklərə və digər ödəniş sənədlərinə də şamil ediləcək.

Qeyd edək ki, qiymətli kağızlar, pul və yaxud əmtəə sənədləridir və onların sahibinə mülk hüquqları verilir. Müəyyən pul məbləğlərinin, gəlirlərin alınmasına hüquq yaradır. Pullu qiymətli kağızlara - istiqraz vərəqələrini, vekselləri, pul çeklərini aid etmək olar.

Əmtəə qiymətli kağızlara isə onların sahiblərinin maddi, mülkiyyət hüquqlarını təsbit edən əmtəə fakturaları, özəlləşdirmə çekləri anbar vəsiqələri aiddir. Qiymətli kağızların arasında xüsusi yeri səhmlər tutur, onlar istər pul istərsə də mülk hüquqlarını əks etdirir. Qiymətli kağızlar alqı-satqı obyekti ola bilər, ancaq onlar üçün zaman məhdudiyyəti nəzərdə tutulmayıb. Yəni, heç zaman tədavüldən çıxarıla və ya dəyərdən düşmüş hesab edilə bilməz.

Qanunvericilikdə nəzərdə tutulan son dəyişikliklər qiymətli kağızlar bazarına hansı yenilikləri gətirəcək? Bu qanunun qəbulu özəlləşdirmə çeklərinin yenidən tədavülə qayıtmasına səbəb olacaqmı?

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov AYNA-ya açıqlamasında deyib ki, “Valyuta tənzimi haqqında qanun”a təklif edilən dəyişikliklər qeyri-müəyyəndir: “Yaxşı olardı ki, bununla bağlı daha ətraflı ictimaiyyətə məlumat verərdilər. Görünən odur ki, bu dəyişikliklər barədə təfsilatlı informasiya yoxdur. Mövcud açıqlamada dəyişikliyin nədən ibarət olacağı barədə müfəssəl məlumat verilmir. Burada “digər” sözünün nələrə şamil olunduğu izah edilmir. Bilinmir ki, söhbət hansı digərlərdən gedir”.

“Bir hissədə qeyd olunur ki, milli valyutada qiymətli kağızlar anlayışı artıq nominal dəyəri manatla ifadə edilmiş səhmlər, istiqrazlar, vekseller və digər qiymətli kağızlar sayılacaq. Ardınca isə milli valyutada qiymətli kağızlar anlayışı manatla ifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkreditivlər və s.), fond sərvətləri (səhmlər, istiqrazlar) və digər borc öhdəliklərini əhatə etdiyi qeyd olunur. Bu, anlaşılan deyil və müvafiq qurumlar buna aydınlıq gətirməlidir”, - deyə həmsöhbətimiz bildirib.

Yusifovun sözlərinə görə, qanunda hər hansı dəyişiklik baş verirsə, bu, konkret formada elan olunmalıdır: “Yəni, hansı dəyişikliklər olacaq, bu dəyişikliklər özündə nələri ehtiva edəcək... Göründüyü kimi, bununla bağlı məqamlar verilən açıqlamada öz əksini tapmır. Yalnız “digər” sözü ifadə olunur. Bu digərin hansı anlamda işlədildiyi də qeyri-müəyyəndir. Müstəsna hallarımı nəzərdə tuturlar, yoxsa digər məqamdır? Heç bir şərh yoxdur. Bu baxımdan hər hansı münasibət bildirmək də çətindir”.

Bank və maliyyə eksperti, hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı AYNA-ya şərhində söyləyib ki, burada yalnız texniki dəyişikliklərdən söhbət gedir: “Olduqca bisavad formada hazırlanıb. Heç özləri də bilmirlər ki, nəyi dəyişirlər. Burada akkreditiv qiymətli kağız kimi qeyd olunur. Əslində isə akkreditiv qiymətli kağız deyil. Səhmlər və istiqrazlar fond sərvətləri deyil. Mülki Məcəlləyə görə, səhmlər və istiqrazlar investisiya qiymətli kağızlarıdır. Veksellər isə ödəniş qiymətli kağızlarıdır”.

“Sonra qeyd olunur ki, “digər borc öhdəlikləri”. Bu da kökündən yanlışdır. Hər borc öhdəliyi qiymətli kağız sayıla bilməz. Azərbaycanda qiymətli kağız anlayışı Mülki Məcəllə ilə təsbit olunur. 2000-ci ildən bu, belədir və məcəllədə qiymətli kağızlar haqqında aydın rəy verilir. “Valyuta tənzimi haqqında qanun” ondan da əvvəl qəbul edilib. Köhnə qaydalara görə tərtib edilib və bu səbəbdən, görünür, yeniləməyə ehtiyac duyublar. Lakin burada heç bir ciddi dəyişilikdən söhbət gedə bilməz”, - deyə Həsənov fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev