Qanun hayqırır, hökumət susur: bu məsələyə nöqtə qoyulsun artıq

Cəmiyyət

26.05.2022 - 18:24

Hüquqşünas: “Bu, ona bənzəyir ki, qəfildən çıxıb, “evinizi satın, bir müddət sonra mənzillərin satışı qadağan ediləcək” deyirlər”

Vəkil: “Vətəndaşlar çeklərini cırıb tullayası deyillər ki?!”

Sabiq deputat: “Özəlləşdirmə payları üçün konkret müddət təyin edərək, sonradan tədavül müddətinin başa çatdığını elan etmək doğru deyildi”

Özəlləşdirmə çekləri ilə bağlı fərmanın qüvvəyə minməsindən 26 ildən artıq zaman ötür. “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında” Əsasnamədə qeyd olunur ki, özəlləşdirmə çekləri dövlət mülkiyyətində olan əmlakın Azərbaycan Respublikası vətəndaşlarına əvəzsiz olaraq verilməsini təmin edən qiymətli kağızdır. Qanunda özəlləşdirmə paylarının ölkə vətəndaşlarına özəlləşdirilən dövlət müəssisələrinin və investisiya fondlarının səhmlərini almaq üçün verilməsi təsbit olunub.

Bütün bunları nəzərə alsaq, açıq şəkildə söyləyə bilərik ki, özəlləşdirmə çekləri bu gün üçün də dövlət qiymətli kağızıdır. İnflyasıyadan qorunan əmlak ekvivalenti kimi 1997-ci ildən bu günə qədər olan inflyasiyanı əsas götürsək, ən qiymətli kağızdır. Lakin buna baxmayaraq, 2011-ci ildən özəlləşdirmə çeklərinin tədavül müddəti başa çatıb. Bununla da yüzminlərlə vətəndaşın əllərində qalan qiymətli kağızlar dəyərini itirib. Hansı ki, qanunda özəlləşdirmə payları ilə bağlı müddət nəzərdə tutulmayıb.

Son dövrlər tanınmış ictimai-siyasi xadimlər, Milli Məclisin deputatları, hüquqşünaslar, iqtisadçılar hökumətə çağırış edərək, çekləri əllərində qalmış vətəndaşların problemlərini həll etməyə səsləyirlər.

Tanınmış hüquqşünas, vəkil, ictimai xadim Fuad Ağayev AYNA-ya açıqlamasında deyib ki, özəlləşdirmə çekləri Azərbaycan Respublikası vətəndaşlarının dövlət mülkiyyətindəki payını əks etdirən çox vacib qiymətli kağızdır: “Qanuna istinad edərək, özəlləşdirmə paylarını ən qiymətli kağız da adlandırmaq olar. Ötən əsrin sonlarında bununla bağlı imzalanan fərmanda özəlləşdirmə payı ilə bağlı müddət nəzərdə tutulmayıb. Orada qeyd olunmurdu ki, bu qiymətli kağız nə zamansa əhəmiyyətini itirə bilər. Çünki bu, vətəndaşların mülkiyyət hüququnu əks etdirir və bununla bağlı hər hansı müddətin tətbiq olunması da qanunsuz olardı”.

“Lakin sonradan bu proses yarımçıq saxlanıldı. Təəssüf ki, bir çox sahələrdə olduğu kimi, bu sahədə də özbaşınalıqlar meydana çıxdı. Bir qrup məmur-oliqarx işbazlarla birləşərək prosesi yarımçıq saxladılar. Başqa sözlə ifadə etsək, əhalinin halal haqlarını qəsb etdilər. Nəticədə isə yüzminlərlə vətəndaşın hüquqları pozuldu”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, əllərdə qalan özəlləşdirmə çeklərinin taleyinə aydınlıq gətirilməlidir: “Bir daha qeyd etmək istəyirəm ki, “tədavül müddəti” deyilən anlayışın özü hüquqi baxımdan düzgün termin deyil. Lakin bir halda ki, buna gediblər, heç olmasa, bütün vətəndaşların bu prosesdə iştirakına şərait yaratsınlar. Hökumət orqanları bunu belə əsaslandırır ki, həmin vətəndaşların imkanı olub ki, zamanında vauçerlərini satışa çıxarsınlar. Bu, düzgün yanaşma deyil! Əgər vətəndaş mülkiyyət əldə edirsə, onun hüququ var ki, öz əmlakını qorusun. Bu, ona bənzəyir ki, birdən-birə deyirlər ki, “evinizi satın, bir müddət sonra mənzillərin satışı qadağan ediləcək”. Bu kökündən yanlış yanaşmadır”.

Ağayev hökuməti bununla bağlı qəti qərar verməyə çağırıb: “Özəlləşdirmə çeklərinin tədavül müddəti yenidən artırılmalı, əllərdə qalan çeklərin taleyinə aydınlıq gətirməklə bu məsələyə nöqtə qoyulmalıdır. Bununla bağlı müəyyən dəqiqləşdirmələr aparılmalı və ardınca vətəndaşların hüquqları təmin olunmalıdır”.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Mirismayıl Hadı da AYNA-ya söyləyib ki, özəlləşdirmə çeklərinin qiymətləndirilməsi düzgün aparılmayıb: “O zaman bu fərman cəmiyyətdə ruh yüksəkliyi ilə qarşılandı. Çünki Azərbaycan bir sistemdən digər sistemə keçid edirdi. Sovetdən qalma dövlət əmlakları müstəqil Azərbaycan Respublikasının vətəndaşlarının, onların ata-babalarını əmlakı idi. Sovetlər dövründə kollektiv təsərrüfatçılıq deyilən anlayış vardı”.

“Təbii ki, o zaman bununla bağlı fərman və təsdiq edilən əsasnamə yüksək səviyyədə tərtib olunmuşdu. Həm də dövrün tələbləri ilə uyğun idi. Lakin sonradan bu proses dayandı və milyonlarla vətəndaşın hüquqları pozuldu. Açıq şəkildə söyləmək olar ki, özəlləşdirmə prosesi çox ciddi pozuntularla müşayiət olundu”, - deyə mütəxəssis vurğulayıb.

Vəkil hesab edir ki, Azərbaycan hökuməti gec də olsa, bu məsələyə yenidən qayıtmalıdır: “Əslində bu məsələ çoxdan öz həllini tapmalı idi. Yüzminlərlə vətəndaş çekləri əllərində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Vətəndaşlar çekləri cırıb tullayası deyil ki?! Hökumət bu istiqamətdə konkret addımlar atmalıdır”.

“Bunu necə və hansı üsullarla həyata keçirmək isə müvafiq qurumların işidir. Özəlləşdirmə dövrünün təftiş olunması, uyğun qərarların qəbul edilməsi, ya tədavül müddətinin artırılması, ya da dəymiş zərərin kompensasiya olaraq ödənilməsi şəklində - bütün hallarda bu məsələyə dair yekun qərar verilməlidir. Vətəndaş mülkiyyət sahibidirsə, imkan yaratmaq lazımdır ki, öz hüququndan istifadə etsin”, - deyə Hadi fikrini yekunlaşdırıb.

Milli Məclisin sabiq üzvü, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə AYNA-ya şərhində xatırladıb ki, Ulu Öndər Heydər Əliyevin fərmanı vətəndaşların hüquqlarını qorumaqla yanaşı, onları mülkiyyət sahibi edib: “Hesab edirəm ki, bu məsələyə məntiqi yekun vurulmalıdır. İddialara görə, yüzminlərlə vətəndaş çekləri əllərində gözləyir. Bu, bir qiymətli kağızdır. İmkan vermək olmaz ki, onlar əllərdə öz ömrünü başa vursunlar”.

“Əslində özəlləşdirmə payları üçün konkret müddət təyin edərək, sonradan tədavül müddətinin başa çatdığını elan etmək doğru deyildi. Çünki qanunun geriyə qüvvəsi yoxdur. Bu, o zaman qəbul edilən əsasnamə və Prezident fərmanı ilə tənzimlənir. Yaxşı olardı ki, müvafiq qurumlar araşdırma aparsın və özəlləşdirmə çekləri əllərində qalan vətəndaşların problemləri həll edilsin”, - deyə müsahibimiz qeyd edib.

Qənizadə Ulu Öndər Heydər Əliyevin təsdiqlədiyi və bu gün də qüvvədə olan “Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Qanundan maddələrlə misallar da gətirib:

2.2. Dövlət əmlakının özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır:

2.2.1. özəlləşdirməyə dair tədbirlərin aşkarlıq şəraitində həyata keçirilməsi və onun gedişi üzərində dövlət və ictimai nəzarətin təmin edilməsi;

Maddə 3. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericilik:

Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və onlara uyğun olaraq qəbul edilən digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 31. Dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi. 

31.1. Dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün aşağıdakılar əsasdır:

31.1.1. Bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması;

Maddə 10. Dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi:

Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi - manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur.

QEYD

Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri 1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün  özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray