Avropa İttifaqına üzv olan ölkədə Moskvaya meyl: əgər o seçilərsə...
“Politico” yazır ki, Macarıstanın Baş naziri Viktor Orban və onun slovakiyalı həmkarı Robert Fitso kimi Kremlə dost olan Mərkəzi Avropa liderlərinə gələn il daha bir tanış sima birləşəcək - Çexiyanın keçmiş Baş naziri Andrey Babiş. O, milli sorğularda yenidən yüksəlir.
Nəşr milyarder Babişi siyasi buqələmun adlandırır, Orban və ya Fitsodan daha az ideolojidir, lakin partiyasını güclü şəkildə sağa əyməyə qadirdir. O, Macarıstan və Slovakiyadakı həmkarlarının ritorikasını təkrarlayır.
Orban kimi Babiş də hesab edir ki, Donald Tramp ABŞ Prezidenti olsaydı, Rusiyanın Ukraynaya müdaxiləsi olmazdı. Çex maqnatı da Ukraynaya dəstəyin azaldılmasının tərəfdarı olduğunu bildirir.
Onun "Narazı vətəndaşların aksiyası" (ANO - Akce nespokojených občanů) partiyası artıq Macarıstan liderinin Brüsseldə yeni sərt sağçı, miqrasiya əleyhinə olan “Patriotlar” fraksiyasına qoşulub.
2025-ci ildə keçiriləcək milli parlament səsverməsi ərəfəsində, son regional seçkilərin nəticələrinə əsasən, çex seçiciləri dəstə-dəstə Babişə qayıdırlar. Sentyabr ayında keçmiş Baş nazir və onun müxalif partiyası ANO 2020-ci ildə keçirilən son regional seçkilərdəki 21 faizdən əhəmiyyətli dərəcədə çox olan 35 faiz səslə ölkənin 13 bölgəsindən 10-da böyük qələbə qazanıb. Bu, hazırkı hakim koalisiya və Brüssel üçün həyəcan siqnalı idi.
Ukraynayönlü mühafizəkar olan Baş nazir Petr Fialanın hazırkı hökuməti zəif ünsiyyətə və vergiləri artırmayacağına dair vədinə əməl etmədiyinə görə 24 faizlik rekord aşağı populyarlıq reytinqinə malikdir - 2013-cü ildən bəri Çexiya hökuməti arasında ən pis nəticədir. Bu da Babişin hakimiyyətə qayıtma şansını artırır.
2021-ci il parlament seçkilərində uduzduqdan sonra 70 yaşlı Babiş ifrat sağçı liderlərə xas olan alovlu ritorikadan istifadə etməyə başladı. O, yüksək enerji qiymətlərində Avropa İttifaqını (Aİ) günahlandırır, Ukraynaya hərbi yardımı şübhə altına alır və Cənubi Avropanın çimərlikləri boyunca hərbi qüvvələr yerləşdirməklə bununla mübarizə aparmaq istədiyi qeyri-qanuni miqrasiyadan qəzəblənir. 2023-cü ildə Çexiya Prezidenti olmaq iddiasını itirəndə Babiş NATO ilə Rusiya arasında hərbi münaqişə qorxusunu qızışdıraraq, Moskva və onun Budapeşt müttəfiqi Orbanla məşhur olan xətti təkrarlayırdı.
Lakin Babişin Brüsseldəki “Patriotlar”la (həddindən artıq sağçı Avstriya Xalq Partiyası da üzvdür və keçən ay keçirilən ümummilli seçkilərdə qalib gəlib) birləşərək sağa kəskin meyllənməsi partiyada ixtilaf yaradıb, daha liberal üzvlərin partiyanı tərk etməsi ilə nəticələnib. Keçmiş Avropa Parlamentinin vitse-prezidenti Dita Çaranzova və Avropa Parlamentinin deputatı Martina Dlabajova keçən il ANO-dan ayrıldılar və Avropa Komissiyasının vitse-prezidenti Vera Jourova yeni ifrat sağçı ittifaqın yaradılmasından qısa müddət əvvəl Babişdən ayrıldı.
Çarantsova “Politico”ya deyib ki, Çexiyadakı hadisələrdən ANO hərəkatının millətçi siyasət yürüdəcəyi aydın görünürdü: “Babiş Baş nazir olanda ifrat sağçı hökumət qurmaq istəyirdi. Martina Dlabajova ilə mən Praqaya getdik və dedik ki, o, bunu etsə, partiyasının bəzi üzvləri onu tərk edəcəklər. O, təslim oldu və əvəzinə Sosial Demokratlarla bir hökumət yaratdı”.
ANO partiyasının mövqeyini aydınlaşdırmaq üçün “Politico” Babiş və onun partiyasından şərh istəyib. Sədr müavini Havliçek belə cavab verib: “ANO həmişə universal partiya olub və olaraq qalır. Biz eyni qalırıq. Dəyişən odur ki, bəzi siyasətçilər öz düşüncələrini itiriblər və reallıq qarşısında susqunlaşıblar... Hesab edirəm ki, Aİ rəhbərliyindən fərqli fikirdə olmaq kifayət qədər qanunauyğundur və belə insanları dərhal kənarlaşdırmağa ehtiyac yoxdur”.
Maqnatın Çexiyanı şərqə çevirmək cəhdinin qarşısı 2023-cü ildə Babişə qarşı prezidentlik yarışında qalib gələn ölkənin avropapərəst Prezidenti Petr Pavel tərəfindən alına bilər. Bununla belə, Çexiya Prezidentinin icra hakimiyyəti yoxdur ki, bu da siyasi azadlığı Baş nazirin ixtiyarına verir.
Brnodakı Masaryk Universitetinin Beynəlxalq Siyasi Elmlər İnstitutunun direktoru Petr Kaniokun fikrincə, qalib gəlsələr, Babiş və Çexiyanın digər ifrat sağçı partiyalarının koalisiyası indiki Slovakiyaya bənzəyəcək - anti-Avropa, daha çox millətçi, daha az ukraynapərəst və passiv.
Moskvaya dost olan ultrasağçılar bloku Aİ-də güclənəcək və Ukraynaya yardım, Rusiyaya qarşı sanksiyalar və miqrasiya məsələlərində konsensusa nail olmaq daha çətin olacaq. Və ANO partiyasının özü belə mülahizələrə əsas verir.
Beləliklə, Babiş “Ukraynanın heç vaxt Aİ-yə üzv olmayacağına” ümid etdiyini bildirib. Və onun partiyasının üzvləri artıq Avropa Parlamentində Ukrayna ilə bağlı qəbul edilən qətnamələrin qarşısını almağa başlayıblar. Belə ki, ANO-nun altı deputatından ikisi sentyabrda üzv dövlətlərdən Kiyevin Rusiya ərazisindəki hədəflərə qarşı uzaqmənzilli raketlərdən istifadəsini təsdiqləməsini tələb edən qeyri-məcburi qətnaməyə səsvermədə bitərəf qalıb, digər dördü isə səsverməyə belə gəlməyib.
Onlar həmçinin iyulda Aİ-nin Ukraynaya əlavə dəstəyinin zəruriliyi ilə bağlı qəbul edilmiş qətnamədə səsverməyə gəlməyiblər və ya bitərəf qalıblar. Beləliklə, həqiqətən də Mərkəzi Avropada genişlənən və Çexiyanı da əhatə edən Kremlə dostluq bloku Aİ üçün ciddi problemə çevrilə bilər.