Polşa XİN başçısı: “Rusiya səfirinə o formada etiraz təbiidir”

Dünya

09.05.2022 - 19:28

“Ərləri vətənlərinin müdafiəsi uğrunda cəsarətlə döyüşən ukraynalı qadınların emosiyaları başa düşüləndir”

Polşa Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevə hücumla bağlı insidentin ciddiliyindən xəbərdardır. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Lukaş Yasina bildirib.

"Biz vəziyyətin ciddiliyini bilirik, onu izləyirik", - deyə nazirlik rəsmisi söyləyib.

Polşanın xarici işlər naziri Mariuş Kaminski isə diplomata o formada etirazı təbii saydığını söyləyib: “Hər gün soyqırımı cinayətinin baş verdiyi Ukraynaya qarşı Rusiyanın təcavüzü əleyhinə olanların toplanması təbii idi. Nümayişdə iştirak edən, ərləri vətənlərinin müdafiəsi uğrunda cəsarətlə döyüşən ukraynalı qadınların emosiyaları başa düşüləndir”.

Qeyd edək ki, bu gün Varşavada 9 May – Qələbə Günü ilə bağlı keçirilən anım tədbiri zamanı naməlum şəxslər Rusiyanın Polşadakı səfiri Sergey Andreyevə hücum ediblər. Diplomatın üzərinə qırmızı boya tökülüb və Qələbə Gününün qeyd olunması şərəfinə xatirə çələnginin qoyulmasına əngəl yaradılıb. Andreyevi həyat yoldaşı və Rusiya diplomatik missiyasının bir qrup diplomatı müşayiət edib. Hadisə videogörüntülərə düşüb.

Müəllif: Ayna.az