"ABŞ işğalçı ordusunun hissələri İraqdan Suriyanın Haseke əyalətinə keçib"
Amerikalı hərbçilər yenidən İraqdan Suriyanın şimal-şərq hissəsinə qayıdıblar.
AYNA-nın xəbərinə görə, bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.
"ABŞ işğalçı ordusunun hissələri İraqdan Suriyanın Haseke əyalətinə keçib. Qeyri-qanuni sərhəd keçid məntəqəsi olan əl-Validdən keçən onlarla hərbçi və hərbi texnikanı vertolyotlar müşayiət edib", - Syria TV-nin məlumatında bildirilir.
Qeyd edək ki, ABŞ müttəfiqləri ilə birgə 2014-cü ildən Suriya və İraqda İŞİD-ə qarşı mübarizə aparır. ABŞ hərbi qüvvələri Suriyanın şimal-şərqini oktyabrın 9-da Türkiyə bu ərazidə YPG/PKK terrorçularına qarşı "Barış bulağı" əməliyyatı aparmağa başlayanda tərk edərək İraqa keçmişdi.