Faciə baş verən yerdə axtarış-xilasetmə əməliyyatı on saatdan çoxdur davam edir
Tiflisin Kvemo Poniçala kəndindəki çoxmənzilli binada baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı beşə çatıb. Xilasedicilər dağıntılar altından daha iki qurbanın cəsədini çıxarıblar.
AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, faciə baş verən yerdə axtarış-xilasetmə əməliyyatı on saatdan çoxdur davam edir.
Uçmuş binanın dağıntıları altında daha iki nəfərin axtarışı aparılır.
Əməliyyatda 150-yə xilasedici iştirak edir. Onlar itlər və xüsusi avadanlıqların köməyi ilə axtarış aparırlar.
Bir neçə saat əvvəl xilasedicilər üç yaşlı qızı dağıntılar altından diri çıxara biliblər. O, səkkiz saatdan çox dağıntılar altında qalıb; uşağın huşu özündə olub və ciddi xəsarətlər almayıb. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər.
Partlayış nəticəsində xəsarət alan daha iki nəfər Tiflis xəstəxanasındadır. Daha iki nəfər tibbi yardım aldıqdan sonra evə buraxılıb.
Qeyd edək ki, 19 noyabrda Kvemo Poniçalada beşmərtəbəli binada güclü partlayış baş verib. Zərbə dalğası binanın döşəmələrini və damını zədələyib. Bir neçə pilləkən qəfəsi dağılıb. İlkin məlumatlara görə, qəzaya beşinci mərtəbədəki mənzildə qızdırıcıdan qaz sızması səbəb olub.
Prokurorluq təhlükəsizlik qaydalarını pozduğuna görə Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsinin 1-ci hissəsi ilə cinayət işi açıb. Tiflis Şəhər Meriyası və Samxarauli Bürosu tərəfindən birgə aparılan ekspert qiymətləndirməsi binanın iki girişinin yaşayış üçün yararsız olduğunu müəyyən edib. 28 ailə (təxminən 143 nəfər) müvəqqəti olaraq otellərə köçürülüb.