"Rusiya və Gürcüstan arasında münasibətlərin inkişaf etdirilməsi maraqları naminə əlaqələrin davam etdirilməsi barədə razılığa gəlinib"
Rusiya və Gürcüstan əlaqələri davam etdirmək barədə razılığa gəliblər. Gürcüstan Baş nazirinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Georgi Zurabaşvili ilə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında Minskdəki ilk görüşdən sonra bir sıra praktik razılaşmalar əldə edilib. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) Minskdəki danışıqlardan sonra açıqlamasında bildirilib.
XİN-in məlumatına görə, tərəflər ticarət, iqtisadi, mədəni və humanitar əməkdaşlığa diqqət yetirərək ikitərəfli əməkdaşlığın cari məsələləri üzrə "əsaslı fikir mübadiləsi" aparıblar. Lakin Moskva əldə edilən razılaşmaların konkret məzmununu açıqlamayıb.
Məlumatda həmçinin iştirakçıların "regional təhlükəsizlik məsələlərini" müzakirə etdiyi qeyd olunub. Rusiya XİN danışıqların bu hissəsində müzakirə olunan konkret məsələləri dəqiqləşdirməyib.
Nümayəndə heyətlərinin rəhbərləri həmçinin görüşün təşkilində göstərdikləri köməyə görə Belarus tərəfinə təşəkkür ediblər.
Rəsmi Moskva vurğulayıb ki, "Rusiya və Gürcüstan arasında münasibətlərin daha da inkişaf etdirilməsi maraqları naminə əlaqələrin davam etdirilməsi barədə razılığa gəlinib".
Gürcüstan tərəfi görüşün nəticələrini təqdim etməyib.
Minskdəki görüş, Abaşidze-Karasin formatında təxminən bir illik fasilədən sonra Zurabaşvili ilə Rusiya nümayəndəsi Qaluzin arasında danışıqların ilk raundu oldu. Bu görüş 2012-ci ildə ticarət, iqtisadi, humanitar və mədəni məsələlərin müzakirəsi üçün qeyri-rəsmi platforma kimi başlayıb.
Hazırda Gürcüstan xarici işlər nazirinin birinci müavini vəzifəsində olan Zurabaşvili 21 oktyabrda Baş nazir İrakli Kobaxidzenin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi təyin edilib.
Hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan" Partiyasının əleyhdarları bunu 2008-ci il müharibəsindən bəri ölkələr arasında diplomatik münasibətlərin olmaması nəzərə alınmaqla, Moskva ilə rəsmi, birbaşa dialoqun faktiki bərpası istiqamətində atılan addım kimi qiymətləndirirlər.
Danışıqların keçirilən yeri kimi Minskin seçilməsi də tənqidlərə səbəb olub. İndiyə qədər bu formatda görüşlər əsasən Praqada keçirilirdi. Keçmiş diplomatlar məkanın dəyişdirilməsini Tiflisin xarici siyasətində dəyişikliyin sübutu kimi qiymətləndirərək, Moskvanın müttəfiqi ərazisində beynəlxalq vasitəçilər olmadan danışıqların Rusiya üçün əlverişli şərait yaratdığını qeyd ediblər.
Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli mövzusunun Gürcüstanın xüsusi nümayəndəsinin mandatına daxil edilməsi də suallar doğurub. Baş nazir Kobaxidze əvvəllər bəyan etmişdi ki, Gürcüstan ərazilərinin işğalı davam etdiyi və Moskva Abxaziyanın və Sxinvali bölgəsinin “müstəqilliyini” tanıdığı müddətcə Rusiya ilə diplomatik münasibətlərin bərpası mümkün deyil.