Parlamentdə inflyasiya, kredit və faiz müzakirəsi: Baş bankir deputatla razılaşmadı: “Fərziyyədir”

İqtisadiyyat

12.06.2023 - 14:15

Həkimlər Klinikalar SEO Xidməti

Milli Məclisin komitə iclasında banklarla bağlı qanunlara dəyişiklik müzakirəyə çıxarılıb

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda bir sıra qanunlara, o cümlədən, banklarla bağlı qanunlara dəyişiklik təklifləri müzakirə olunub. Toplantıda Mərkəzi Bankın sədri Taleh Kazımov da iştirak edib. Kazımov çıxışı zamanı bildirib ki, Mərkəzi Bank bu ilin iyun ayından başlayaraq makroiqtisadi göstəricilərlə bağlı inflyasiya proqnozlarını açıqlayacaq. Onun sözlərinə görə, proqnozlar illik inflyasiya üzərində qurulub: “İllik və rüblük proqnozların verilməsi beynəlxalq təcrübədir. Mən buradan müvafiq qurumları iqtisadi göstəricilərlə bağlı öz proqnozlarını mütəmadi olaraq Mərkəzi Banka göndərməyə çağırıram”.

Baş bankir: “İnflyasiyanın proqnozdan daha yüksək olacağına az inanıram”

Baş bankir inflyasiyanın proqnozdan yüksək olacağı barədə iddialara da münasibət bildirib. Onun sözlərinə görə, inflyasiyanın qarşısının alınması əsas hədəflərdən biridir: "Ötən dəfə inflyasiya ilə bağlı fikirlər səsləndirildi, bildirildi ki, inflyasiya proqnozdan daha yüksək olacaq. Amma mən yenə deyirəm ki, buna az inanıram. Mərkəzi Bank inflyasiyanı 8,3 faiz olaraq bildirib. İki qurumun inflyasiya proqnozları arasındakı fərq normaldır. İqtisadiyyat Nazirliyinin verdiyi proqnozlar orta illik inflyasiyanın göstəricisidir. Mərkəzi Bank isə illik inflyasiya proqnozları verir. Bu isə keçən ilin istehlak səbəti ilə bu ilin istehlak səbətinin müqayisəsidir”.

“Bu aydan Mərkəzi Bank həm inflyasiya proqnozları verəcək, həm də iqtisadiyyatımızın digər sahələrinə dair proqnozlar açıqlayacaq. ÜDM, qeyri-neft ÜDM-i və digər makroiqtisadi göstəricilərə dair aktiv proqnozlaşdırma olacaq. Bunu ildə dörd dəfə, yəni rüblük olaraq edəcəyik ", T.Kazımov vurğulayıb.

Kənd təsərrüfatı mallarının istehsal və istehlakından danışan Mərkəzi Bankın sədri qeyd edib ki, bu sahə üzrə istehlakda inflyasiyanın 1,5 faiz olacağı proqnozlaşdırılır: “Mərkəzi Bank inflyasiyanın qarşısını almaq üçün istehlak kreditlərini məhdudlaşdırıb. Bu bir növ inflyasiyanın qarşısını almaq üçündür. Sabit məzənnə rejimi nominal effekt vasitəsi ilə inflyasiyaya azaldıcı təsir göstərir. Bundan başqa, inflyasiyanı nəzarət altına almaq üçün uçot dərəcəsinin effektivliyini artırmış olacağıq”.

“Kənd təsərrüfatı istehsalçıları üçün kreditlərin verilməsində yumşalmalar gözlənilir”

Baş bankir uçot dərəcəsindən danışarkən bildirib ki, bunun işlənib hazırlanması çox mürəkkəb bir prosesdir: “Burada bank sahiblərinin davranışı əsas məsələlərdəndir. Banklararası faiz dəhlizi uçot dərəcəsinə müsbət təsir edir”.

T.Kazımov vurğulayıb ki, qarşıya qoyulan əsas məqsədlərdən biri də uçot dərəcəsinin effektivliyinin artırılmasıdır: “Payız transmissiyası zəifdir. Ölkədə yeni pul siyasəti həyata keçirilib. Biz, ilk növbədə, banklararası bazarın yaradımasına nail olduq. Artıq banklararası orta aylıq dövriyyə 3 milyardı ötüb və bu da rekord göstəricidir”.

“İqtisadi aktivlik 2,8 faizdir. İlin sonuna 1,8 faiz olacağı proqnozlaşdırılır. Uçot dərəcəsinin yuxarı qaldırılması iqtisadi aktivliyə təsir edəcək”, - deyə o, bildirib.

Mərkəzi Bankın sədri qeyd edib ki, kənd təsərrüfatı istehsalçıları üçün kreditlərin verilməsində yumşalmalar gözlənilir.

Kredit faizləri niyə yüksəkdir? – Mərkəzi Bank sədri səbəbləri sadaladı

“Ötən iclasda Türkiyənin çek siyasətindən istifadə ilə bağlı təkliflər irəli sürüldü. Amma bizim mövqeyimiz bunun üçün beynəlxalq korporasiya ilə birgə işləməkdir”, - deyən T.Kazımov qeyd edib ki, bu, Türkiyədə çox effektiv prosesdir: “Türkiyədən fərqli olaraq biz bunu daha çox rəqəmsal kanallar vasitəsilə etmək istəyirik. Türkiyədə çek sistemi aktiv işləyir. Biz yenidən kağız daşıyıcıya qayıtmaq istəmirik. Bunun üçün rəqəmsal vasitələrdən istifadə etməyi planlaşdırırıq”.

Baş bankir kredit faizlərinin yüksək olması məsələsinə də toxunub: “Bank faizlərinin formalaşması dörd amildən ibarətdir. İlk növbədə, bu gün depozit faizləri 6-8 faizdirsə, bu, bankın verəcəyi kreditin maya dəyərinin ən azı 6-8 faizini təşkil edir. Bundan əlavə, bankın əməliyyat xərcləri var, o da 1-2 faiz arası olanda faizlər artır. Üstəlik, bankın marjası da var”.

“Məndən soruşsanız ki, belə olmalıdırmı, deyərəm, yox. Mən də başa düşürəm ki, faizlər yüksəkdir. Keçən dəfə ABŞ-la müqayisə aparıldı. Axı ABŞ-da biznesin xalis mənfəəti bizdəki kimi 15 faizi deyil, orda aşağıdır. Biz faizləri aşağı salmaq üçün depozitlərimizi aşağı salmalıyıq. Amma etiraf edək ki, 4-5 faizlə depozit qoyan olmayacaq”.

Deputatdan sual: “Necə olur, MDB ölkələrində faiz dərəcələrini aşağı salmaq olur, bizdə olmur?”

Müzakirə zamanı deputat Əli Məsimli Mərkəzi Bankın inflyasiya ilə bağlı proqnozlarına inamın olmadığını söyləyib: “Biz inflyasiya ilə bağlı məsələləri söz xatirinə qaldırmırıq. İnflyasiya əvvəl yoxsul təbəqəyə təsir edirdisə, indi orta təbəqəni təsiri altına alıb. Mərkəzi Bankın inflyasiya proqnozlarına inanmırıq ki, Azərbaycanda göstəricilər orta dünya, inkişaf etmiş ölkələrin, MDB-nin göstəricilərindən yüksəkdir”.

“Azərbaycanda bank sistemi komfort yaradıb. Banklar yüksək faizlərdən, depozitlərin faizlərindən, nağdlaşdırma zamanı komissiyalardan qazanır. Dərinə getsək, bank sahibkara yüksək faizli kredit verməklə bankın öz pulunu dövriyyə elətdirir. Belə olan zaman sual ortaya çıxır ki, necə olur, MDB ölkələrində faiz dərəcələrini aşağı salmaq olur, bizdə olmur?”, - deyə deputat bildirib.

"Əli Məsimlinin səsləndirdiyi fikirlər faktlara əsaslanmır”

Baş bankir deputatın fikirləri ilə razılaşmayıb: "Əli Məsimlinin səsləndirdiyi fikirlər faktlara əsaslanmır. Bu fikirlər sadəcə fərziyyələrdən ibarətdir və əsassızdır. Mərkəzi Bank tərəfindən səsləndirilən fikirlər tam faktlara əsaslanır. Amma burada qeyd olunan və bizə bildirilən məlumatlar sadəcə fərziyyədir. Biz statistikaya əsaslanıb məlumat bildiririk, göstəricilərimizi hansı ölkə ilə müqayisə edirik. Xahiş edirəm digər ölkələrin inflyasiya dərəcələrinə baxın”.

“Bəli, bəzi qonşu ölkələrdə inflyasiya aşağı düşür, çünki onlarda üzən məzənnə sistemi var. Amma bu, o demək deyil ki, Azərbaycanda inflyasiya yüksəkdir. Ona görə xahiş edirəm ki, mənə konkret başqa ölkələrdən faiz deyin, misal gətirin. Əli müəllim 2 faiz deyirsiniz, heç Amerikada 2 faizlik inflyasiya yoxdur”.

Müzakirələrdən sonra qanunlara dəyişiklik təklifləri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş