Benzin ucuzlaşdı, amma sevinən yoxdur

İqtisadiyyat

01.05.2020 - 22:52

Əhalini maraqlandıran yerli istehsal benzin və dizelin qiymətinin endirilməsidir

 

Mayın 1-dən etibarən idxal olunan Premium Aİ-95 markalı benzininin qiyməti 10 qəpik (8,3%) ucuzlaşaraq, 1 litr üçün 1,1 manata endirildi. Bu, mart ucuzlaşmasından sonra ölkəyə gətirilən avtomobil yanacağının qiymətindəki növbəti azalmadır.

 

Qeyd edək ki, bir ay əvvəl Aİ-95 markalı benzin 1,5 manatdan 1,2 manata, Aİ-98 isə 1,6 manatdan 1,4 manata düşüb. Əvvəlki qiymət azalması nəticəsində Premium Euro-95 markalı benzin 20%, Super Euro-98 12.5% ucuzlaşıb.

 

Hər iki markalı benzin ümumi bazar həcminin yalnız 3-4%-ni təşkil edir və bu səbəbdən onların ucuzlaşması ümumi əhali və biznes xərclərinə təsir etməyəcək. İqtisadiyyata və əhaliyə təsir etmək üçün Aİ-92 markalı benzin və dizelin ucuzlaşması lazımdır. Lakin neft qiymətlərinin düşməsinə, eləcə də mətbuatda və ekspert dairələrində ümumi istehlak üçün avtomobil yanacağının qiymətinin aşağı salınmasına dair təkliflərə baxmayaraq, hökumət hələ buna reaksiya göstərmir.

 

İqtisadçıların fikrincə, yerli istehsal dizel və benzinin, eləcə də əhali tərəfindən geniş istifadə olunan digər enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsi ciddi müsbət sosial-iqtisadi təsir göstərəcək. İqtisadçı-ekspert Nemət Əliyevin AYNA-ya dediyinə görə, sözügedən yanacaq növlərinin qiymətlərinin endirilməsi yerli iqtisadiyyatın inkişafı üçün son dərəcə vacibdir.

 

“Hazırda enerji ehtiyatlarının ucuzlaşması üçün optimal iqtisadi, psixoloji və sosial amillər formalaşmaqdadır. Geridə qalır hökumətin ucuzlaşma qərarı verməsi”, - deyə iqtisadçı bildirib.

 

Qeyd edək ki, indiyədək Dövlət Neft Şirkəti (SOCAR) brend markalı benzinin ucuzlaşmasını onun idxal olunması ilə əlaqələndirir. Bildirilir ki, dünya bazarında neftin qiymətinin ucuzlaşması xaricdə istehsal olunan benzin növlərinin də qiymətinin aşağı düşməsinə səbəb olur.

 

İstənilən halda, Aİ-95 və Aİ-98 markalı benzin növlərinin ucuzlaşması Azərbaycan vətəndaşlarının o qədər də maraq dairəsində deyil. Bizim əhalinin ən çox istifadə etdiyi Aİ-92 markalı benzin və dizel yanacağı ucuzlaşmayacağı təqdirdə, kimsə bunun adını “benzin ucuzlaşdı” deyə anmayacaq…

Müəllif: Tanya Samsonova

Ramanada faciə

Dünən, 17:26 Hadisə