Yanacağın bahalaşması barədə: Qiyməti bazarın öhdəsinə buraxın

İqtisadiyyat

05.01.2021 - 16:17

Həkimlər Klinikalar SEO Xidməti

Ekspertlər digər sahələrdə də qiymət artımının olacağını bildirirlər

 

Yanvarın 4-də Tarif Şurasının növbəti iclası keçirilib və iclasda Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiyməti artırılıb. Belə ki, alınan qərarlara əsasən, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

 

Təbii ki, anidən verilən bu qərar ölkə vətəndaşları arasında birmənalı qarşılanmayıb və vətəndaşlar müharibədən yenicə çıxmış və pandemiyadan, onun iqtisadi zərərlərindən əziyyət çəkən ölkədə qiymət artımını düzgün hesab etmirlər.

 

İqtisadçı-ekspert Samir Əliyev AYNA-ya şərhində deyib ki, istər dizel, istərsə də Aİ-92 markalı benzinin qiyməti bazar tərəfindən yox, dövlət tərəfindən tənzimlənir: “Dövlət də adətən qiymətləri artıranda, bunu hansısa məsələlərlə əsaslandırır. Məsələn, yanacağın maya dəyərinin artması, yaxud keyfiyyətin artırılması və s. Amma bu əsaslandırma, hardasa qeyri-müəyyən əsaslandırmadır. Çünki həmin əsaslandırmada əsas vurğu ona edilib ki, yanacağın qiyməti Avro standartalara çatdırılacaq. Lakin SOCAR yalnız 2022-ci ildə Avro standartlara uyğun yanacaq istehsal ediləcəyini bildirib. Əgər bu istehsal 2022-ci ildə olacaqsa, 1.5 il öncədən qiymət nə üçün arıtırılır?”.

Samir Əliyev: Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil

“Məlum olduğu kimi, yanacağın qiyməti 2013-cü ildə də artmışdı. Həmin artım onunla əlaqələndirilmişdi ki, o dövrdə dünya bazarında neftin qiyməti 100 dollardan da baha idi. Lakin sonradan dünya bazarında neftin qiyməti iki dəfə ucuzlaşdı. O zaman neftin bahalaşdığına görə yanacaq bahalaşırdısa, məntiqlə neftin qiyməti ucuzlaşanda yanacağın qiyməti ucuzlaşmalı idi. Necə ki, biz bunu Amerika başda olmaqla, digər ölkələrdə də müşahidə etmişik. Amma bizdə bu, baş vermədi. Nəinki baş vermədi, hətta müəyyən dərəcədə bir bahalaşma da oldu. Yəni, göründüyü kimi, istənilən vaxt heç bir səbəb olmadan qiymət artırıla bilir. Əsas da gətirilir ki, bu, keyfiyyətin artması ilə bağlıdır. Amma biz bu günə qədər qiymət artımından sonra nəyin keyfiyyətinin artmasını görmüşük ki, bunu yancaqda da müşahidə edək?! Bu baxımdan düşünürəm ki, qiymət artımı sadəcə olaraq büdcəyə pul gəlməsi və SOCAR-ın əlavə gəlir əldə etməsi ilə bağlıdır”, - deyə ekspert bildirib.

 

Onun sözlərinə görə, yanacağın qiymətinin artması digər sahələrə də təsir edə bilər: “Biz buna iki istiqamətdən baxmalıyıq. Birinci istiqamət Aİ-92 markalı benzinin qiymətinin 11 fazi bahalaşması, ikinci istiqamət isə dizel yanacağının 33 faiz bahalaşmasıdır. Dizel yanacağı bizdə daha çox kənd təsərrüfatı sahəsində istifadə edilir deyə, bahalaşması da dolayısı ilə fermerlərin xərclərinin artmasına səbəb olacaq. Fermerlərin xərclərinin artması isə avtomatik olaraq kənd təsərrüfatı məhsullarının bahalaşmasına gətirib çıxaracaq. Digər tərəfdən, bu bahalaşma taksi xidmətlərinə də təsirsiz ötüşməyəcək. Çünki taksi ximətlərinin əksəriyyəti məhz dizelin hesabına kifayət qədər ucuz idi. Ona görə də biz taksi xidmətlərinin də bahalaşmasını müşahidə edəcəyik”.

 

“Digər tərəfdən, daşınma işləri, məsələn, topdan satışdan pərakəndə satışa, yaxud istehsalçıdan topdansatşa daşınmalar Aİ-92 benzini ilə fəaliyyət göstərir. Belə olan halda daşınma xərcləri də artacaq. Daşınma xərcləri artdığı üçün məhsulların qiyməti də artacaq. Ola bilsin ki, tələbat az olduğu üçün qeyri-ərzaq məhsullarının qiymətində dəyişiklik olmasın, amma ərzağa tələbat yüksək olduğu üçün, ərzağın qiymətində artım müşahidə edəcəyik”, - Əliyev fikrini yekunlaşdırıb.

 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da AYNA-ya açıqlamasında deyib ki, yanacağın bahalaşması digər sahələrdə qiymət artımına səbəb olacaq: “Yanacaq enerji vahidi kimi iqtisadiyyatın sadəcə inkişafında deyil, məişətdə və həyatda da gündəlik minimal normaları tənzimləmək üçün bu və digər şəkildə iştirak edən vacib elementdir. Ona görə də yanacağın qiymətinin artması, istənilən halda hər bir sahəyə təsir edir. Bazar iqtisadiyyatı şəraitində bu təsirlər gözəgörünməz ola bilər, amma dövlət tənizmləməsində kifayət qədər özünü qabarıq şəkildə büruzə verən əlamətə çevrilir. Çünki bundan sui-istifadələr, yaxud da mövcud iqtisadi mühitin iştirakçıları tərəfindən savadlılığın kifayət qədər olmaması səbəbindən artım tempinə baxıb, öz mal və xidmətlərinə əlavə dəyərlər gətirməsinə şərait yaradır”.

Neftin qiyməti düşür: Rusiya neqativ ssenariyə hazırlaşmışdı, Azərbaycan da  artıq bu ssenari ilə gedir

“Məsələn, 2013-cü ilin dekabrında mən buna bənzər bir mənzərə ilə rastlaşdım. Belə ki, o zaman dizel yanacağının qiyməti 32 fazidən bir qədər çox artmışdı. Hələ sovet dövründən bazar elementlərinin olduğu bir məkanda - Yasamalda yaşayırdım. Ancaq bir gecənin içində dizelin bahalalaşması ilə hər yerdə 10 qəpiyə satılan göyərti dəstəsi 20 qəpiyə oldu. Onda mən yazmışdım ki, tutaq ki, Gədəbəydən bir nəfər 100 manat verib 5 tonluq maşınla kartof gətirirsə, qiymət də qalxıb 130 manat olubsa, bu o demək deyil ki, 60 qəpiyə satılan kartofun üstünə 30 faiz gəlib, 80 qəpik etməlidir. Reallıqda onun nəqliyyat xərcləri 30 manat artıb və bunu da 5 ton məhsula böləndə, təxminən 2-5 qəpik artım edir. Yəni, insanların bəziləri, ümumiyyətlə hesab əməliyytı apara bilmirlər. Sonradan da göz öyrəşəndə, qiymətlər artan temp üzrə davam edir. Yəni, bazar elmentlərinin inkişaf etdiyi yerlərdə bu, əslində, özünü daha az büruzə verir və ya heç vermir”, - Şaban vurğulayıb.

 

Ekspert məsələyə taksi xidmətlərinin fəaliyyəti ilə nümunə gətirib: “Məsələn, taksi xdimətlərinin qiyməti bir müddət əvvəl iki dəfə aşağı düşdü. Taksi xidmətlərinin fəaliyyəti 2015-ci ildən etibarən bazarda liberallaşmağa başladı. Çünki onlardan artıq “Ziyanın qoçuları” deyilən adamlar əlavə pul yığmadılar, taksi xidməti göstərmək üçün onlara əlavə məmur baryerlərini aşmaq lazım olmadı. Sadəcə olaraq, “ASAN xidmət”dən xidmət göstərmək üçün əvvəlkindən iki dəfə ucuz lisenziya aldılar və bununla da qiymətlər ucuzlaşdı. Demək istədiyim odur ki, bazar özü çox şeyi tənzimləməyə qadirdir, həm də müsbətə doğru, nəinki inzibati amirlik yolu ilə”.

Müəllif: Mərahim Nəsib