Parisin arzuları və ya Amerikaya qarşı fransız həmləsi: “Qorxmayın!”

Dünya

28.10.2021 - 13:24

Fransanın istəyi heç avropalı ekspertlərin özləri tərəfindən ciddi qarşılanmır

Fransanın müdafiə naziri Florens Parli NATO-dakı həmkarlarını Avropa İttifaqının (Aİ) müdafiə planlarından qorxmamağa çağırıb və deyib ki, ABŞ bundan yalnız udacaq və Avropanın istənilən imkanları Alyansı gücləndirəcək. Bu barədə “Evropeyskaya Pravda” xəbər verir.

NATO-nun müdafiə nazirlərinin görüşündə səsləndirilən fikirlər, Aİ-nin hərbi qüvvələr yaratmaq üçün son səylərinin Alyansla rəqabətə aparıb-aparmayacağına dair aylarla davam edən qeyri-müəyyənliyə son qoymaq məqsədi daşıyırdı.

“Avropa müdafiəsi ilə bağlı bəzi bəyanatları eşidəndə və müəyyən təhdidləri görəndə, o cümlədən bu təşkilat daxilində “Qorxmayın!” deyirəm. Avropa müdafiəsi NATO-ya qarşı qurulmayıb, əksinə: güclü Avropa Alyansın möhkəmlənməsinə və sabitliyinə töhfə verəcək”, - deyə Parley bildirib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu sözləri müsbət qiymətləndirərək, daha bacarıqlı Avropa müdafiəsini alqışladığını söyləyib və bu fikirlərin Fransa və ABŞ prezidentlərinin sentyabr ayında yaydıqları birgə bəyanatla səsləşdiyini deyib: “Biz NATO-nun gördüyü işləri tamamlayan təşəbbüslər görmək istərdik”.

Avropa ölkələri yaxşı təlim keçmiş əsgərlərə və mükəmməl kiber, dəniz və hava qüvvələrinə malik olsa da, Aİ-nin istənilən döyüş missiyasına Birləşmiş Ştatların təminatı çatışmayacaq. Artıq Aİ-nin üzvü olmayan Böyük Britaniya da İttifaqın NATO üçün dəstək rolunu oynaya biləcəyini deyir. Lakin Böyük Britaniyanın müdafiə naziri Ben Uolles cümə axşamı günü Avropa ordusu qurmaq cəhdini “diqqəti yayındırmaq” adlandırıb.

Aİ-nin 27 üzv dövlətindən 21-i həm də NATO üzvüdür. Lakin Birləşmiş Ştatlar uzun müddətdir ki, blokun öz sərhədlərində böhranlarla mübarizə aparmaq üçün daha çox şey edə bilmək imkanına malik olmalı olduğunu bildirir. Gələn ilin martında Aİ gələcək təhdidləri müəyyən etmək üçün əsas hərbi strategiya sənədini razılaşdırmaq niyyətindədir, eyni zamanda İttifaq əsas diqqəti silahların birgə inkişafına, habelə böhranlara müdaxilə edə biləcək yeni Aİ qüvvələrinin müəyyənləşdirilməsinə yönəldir.

Lakin NATO-nun Baş katibi Yens Stoltenberq Alyansı təkrarlamamaq barədə xəbərdarlıq edib: “Bizim yeni strukturlara deyil, daha çox imkanlara yiyələnməyə ehtiyacımız var”.

Yəni burada Aİ ordusunun yaradılması ideyası ilə bağlı iki fikir toqquşub. Maraqlıdır, burada kim daha haqlıdır, o, hansı rolu oynayacaq - NATO-ya qarşı müxalifət, yoxsa əksinə, Şimali Atlantika blokunun möhkəmlənməsinə və sabitliyinə töhfə verən qüvvə?

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

Latviyalı politoloq, müstəqil jurnalist Aleks Qriqoriyevs:

“Ostin və Stoltenberqlə razı olduğumu desəm, böyük sürpriz olmayacaq, amma Fransa xarici işlər nazirinin sözlərinə çox şübhə edirəm. Məsələn, NATO ölkələri ÜDM-in 2%-ni müdafiəyə xərcləməyi öhdələrinə götürüb. Əslində, bu öhdəliyi yalnız bir neçə, əsasən də Şərqi Avropa ölkələri yerinə yetirir. NATO-nun ən nüfuzlu ölkələrindən biri olan Almaniya ÜDM-in yalnız 1,5%-ni müdafiəyə xərcləyir. Yalnız ABŞ müdafiəyə real pul xərcləyir - ÜDM-in təxminən 4%-i. Bu pul da Avropanın müdafiəsinə gedir və Avropa ölkələrinə hətta ABŞ-da belə, olmayan səxavətli sosial müdafiə sisteminə sahib olmağa imkan verir. Buna görə də Avropa ölkələrinin xüsusi rolu haqqında bütün söhbətlər NATO və Aİ-də onsuz da X qərarların mürəkkəb olan qəbulu prosesinə ən yaxşı halda zərərsiz, ən pis halda zərərli bir “töhfədir”.

Sizə bir misal çəkim. Aİ böhranla üz-üzədir. Lukaşenka Polşa, Litva və Latviya ilə hibrid müharibə aparır, Yaxın və Orta Şərq vətəndaşlarını bu ölkələrlə sərhədə gətirir və onları qeyri-qanuni sərhədi keçməyə məcbur edir. Böhran bir aydan çoxdur ki, davam edir, Polşa, Latviya və Litva hasar çəkərək, miqrantların öz ərazilərinə keçməsinin qarşısını almağa çalışır. Hasar olmadığı halda miqrantlar günlərlə iki tərəfin sərhədçiləri arasında olan ərazidə isti paltarsız, yeməksiz və susuz qalıblar. Aİ hasarın tikintisini maliyyələşdirməkdən imtina edib və heç bir alternativ təklif etmir. Yəni Polşa, Litva və Latviya Lukaşenkonun təşkil etdiyi miqrant axınının öhdəsindən özləri gəlməlidir. Mən istəməzdim ki, NATO da eyni ləngliyi və qətiyyətsizliyi göstərsin”.

Təqaüdçü Qərbi Avropa diplomatı, Norveç Krallığının Azərbaycandakı keçmiş səfiri Steynar Gil:

“Mövzu köhnədir. İyirmi il əvvəl bu mövzuda dediklərimi təkrar edirəm: NATO qüvvələri və strukturlarından ayrı yeni Aİ qüvvələrinin yaradılmasının mənası yoxdur, xüsusən də Aİ-yə üzv ölkələrin böyük əksəriyyəti (27-dən 21-i) həm də NATO üzvü olduğuna görə.

Baş katib Stoltenberqlə razıyam. Aİ üzvlərinin hərbi qüvvələrini təkrarlamaqdan heç bir qazanc yoxdur. Onu da nəzərə almaq lazımdır ki, Avropanın hərbi cəhətdən ən güclü ölkəsi Böyük Britaniya artıq Aİ-nin üzvü deyil”.

Müəllif: Rauf Orucov