“Arabir o dərəyə boylanıram və yaman darıxıram, yuxuma da girir, həmin gözəl, ağappaq və müdrik görkəmi ilə...”
Qardaşımın fermasının ərazisinə yaxın dərədə, tamamilə qocalmış, qocalıqdan bütün tükləri ağarmış və olduqca cüssəli bir yalquzaq yaşayırdı. Bəlkə də adi canavardan iki dəfə böyük idi.
O qədər qocalmışdı ki, çətinliklə hərəkət edirdi. Ayda-ildə bir dəfə dərədən çıxıb yaxınlıqdakı gölə sarı gedir, axşamadək yenidən dərəyə qayıdırdı.
Yaxınlıqda yerləşən iki kəndin əhalisi üçün artıq doğmalaşmışdı bu qoca qurd. İtlər də hürmürdü ona. Kənd camaatı süfrədən qalan, yaxud kəsilmiş heyvanların lazımsız hissələrini dərənin kənarına atardı. Bunun sayəsində, heyrətamiz gözəlliyə malik olan həmin yalquzağın bir neçə il artıq yaşamasına səbəb oldular.
Mən onu axşam çağı, gün batana yaxın görmüşdüm. Təsəvvürə gətirmək belə, çətin olan gözəl, ağır yerişli, tamamilə ağ bir qurd... Üfüqdə yoxa çıxmağa hazırlaşan Günəşin şüaları altında əsrarəngiz bir görüntü yaradırdı.
“Niva”nı bir az yaxına sürməyi xahiş etdim qardaşımdan. Bizim yaxınlaşdığımızı görüb dayandı və boynunu məğrur şəkildə bizə tərəf çevirdi. O, artıq vahiməli deyildi, müdrik idi. Müdrik və çox gözəl bir yalquzaq...
Təqribən, 4 il bundan qabaq həmin qurd öldü. Və kənd camaatı onu həmin dərədə dəfn etdi. Qardaşım deyir ki, “arabir o dərəyə boylanıram və yaman darıxıram, yuxuma da girir, həmin gözəl, ağappaq və müdrik görkəmi ilə...”
P.S.
Bu maraqlı və təsirli əhvalat Calilabad sakini Şəhriyar Əsgərov adlı oxucu tərəfindən, Elçin Şıxlının “ON DÖRD CANAVAR” başlıqlı yazısına rəy olaraq qələmə alınıb.