"Novruz bayramına qədər bağça və məktəblərdə tədris dayandırılsın"

Cəmiyyət

26.02.2020 - 12:14

Koronavirusa qarşı təxirəsalınmaz tədbirlər proqramı: 10 vacib addım

 

Təklif edirəm ki, bağça, məktəb və universitetlərdə təshil gələn həftədən Novruz bayramına qədər dayandırılsın. Koronavirusun coğrafiyası genişlənir, hələ ki, hətta güclü tibbə malik olan ölkələr belə, onu dayandıra bilmir. Cənubi Koreya infeksiya daşıyıcılarının, İran isə virusun can aldığı insanların sayına görə Çindən sonrakı ikinci yeri bölüşür.

 

İranda baş verənlər bütün qonşular üçün təhlükələr yaradır. Rəsmi məlumatlarda İranda 15 nəfərin bu virusdan vəfat etdiyi göstərilsə də, raketlə vurduğu sərnişin təyyarəsini bir neçə gündən sonra etiraf edən İran rəsmilərinin məlumatına nəinki xaricdə, hətta daxildə özləri də şübhə edirlər. Böyük ehtimalla, İranda virusun həm daşıyıcılarının, həm də virusdan ölənlərin sayı saxtalaşdırılır.


İran ötən il xaricə səfər edən hər 5 Azərbaycan vətəndaşından 2-nin, bütövlükdə isə 2 milyondan çox insanın səyahət etdiyi ölkədir. Adətən İrandan Azərbaycana daha çox turist, 21 gündən sonra qədəm qoyacaq Novruz bayramı ərəfəsində müşahidə olunur. Odur ki, İranda can alan virusun Azərbaycana daxil olması ehtimalı yüksəkdir. Onun qarşısını almaqda Azərbaycan səhiyyəsi acizdir. Amma, təxirəsalınmaz və qabaqlayıcı tədbirlərlə gündən-günə artan riskləri azaltmaq olar.

 

Nə etməli? Təklif edirəm ki:


1. İranla Azərbaycan arasında canlı ünsiyyət yaradan bütün kommunikasiya və nəqliyyat vasitələri (hava, avtomobil və s.) ikitərəfli qaydada dayandırılsın;


2. İranla sərhəd keçid məntəqələri gediş-gəliş və transit daşımalar üçün bağlansın. Digər sərhəd keçid məntəqələrində Çindən və virusun yayıldığı digər 30 ölkədən gələnlər xüsusi tibbi yoxlamardan keçirilsin;


3. Səhiyyə Nazirliyi tibbi personalı təlimatlandırsın, xəstəxana, ambulator-klinik və diaqnostik mərkəzlər lazımı resusrlarla (dərman, sarğı ləvazimatı, infeksiya vasitələri və s.) təmin edilsin, şübhəli şəxslərin müayinələri və bu istiqamətli testlər yalnız ixtisaslaşmış tibb müəssisələrində aparılsın;


4. Qapalı yerlərdə nəzərdə tutulan kütləvi idman, mədəniyyət, incəsənət və sair tədbirlər (toylar da daxil olmaqla) təxirə salınsın;


5. Bu həftə ərzində uşaq bağçalarında, məktəblərdə, kolleclərdə, texnikumlarda və universitetlərdə təlimatlandırma və maarifləndirmə işləri aparılsın, gələn həftədən Bakı, Gəncə, Sumqayıt və respublika tabeli digər şəhərlərdə yerləşən təhsil müəssisələrində tədris Novruz bayramına qədər qayandırılsın;


6. Əhali arasında kütləvi informasiya vasitələri, xüsusilə də televizorlar vasitəsilə maariflənidmə işi həyata keçirilsin, əhali posterlər, video-roliklər vasitəsilə virusdan mühafizə vasitələri barədə məlumatlandırılsın;


7. Virusun mənşə ölkəsinə, eləcə də onun geniş yayıldığı ölkələrə məxsus olan restoran-kafelərdə qidalanmaya, həmin ölkələrdən idxal olunan ərzaq mallarının satışına məhdudiyyətlər qoyulsun;


8. Dərman və tibbi ləvazimatların idxal və ixracına nəzarət gücləndirilsin. Ən zəruri dərman preparatlarının, tibbi ləvazimatların və sarğı materiallarının ünvanlı şəkildə dövlət büdcəsi hesabına çatdırılması təmin edilsin;


9. Naxçıvanın blokadaya düşməsini əsas götürərək Bakı-Naxçıvan istiqamətində uçuşların intensivliyi artırılsın və gediş-gəliş biletinin qiyməti aşağı salınsın;


10. Əhali ictimai nəqliyyatdan (metro və avtobus) istifadəni maksimum surətdə azaltmağa çalışsın.


Təkliflər arasında bağçalar, məktəblər, kolleclər, texnikumlar və universitetlərdə təhsilin Novruz bayramına qədər qayandırılmasının ən çox müzakirəyə səbəb olacağını nəzərə alaraq, fikrimi aşağıdakılarla arqumentləşdirmək istərdim:


- Hazırda valideynlər uşaqlarını şəhərlərdə bağça və məktəblərə göndərməkdə tərədüd edirlər, onların bir çoxları artıq uşaqlarını bağça və məktəblərə buraxmır;


- Mart ayı qeyri-iş günlərinin sayı ən çox olan aydır. Bu ay ərzində şənbə-bazar günləri ilə birlikdə qeyri-iş günlərinin sayı 15 gündür. Bu, o deməkdir ki, onsuz da ay ərzində 15 gün dərs olmayacaq, yerdə qalan 16 günün dərsləri isə təklif edirəm ki, yaz semestrinin sonuna əlavə edilsin;


- Milli səhiyyə bərbad haldadır, uzun müddətdir ki, uşaqlar peyvənd olunmur, əgər bu virus Azərbaycana gələrsə, daha sürətlə yayıla və çox can ala bilər;


- Havaların qızması virusun neqativ təsilərini azaltdığından, martdan çıxsaq, hesab edirəm ki, bu dərddən də çıxa bilərik.

Müəllif: Qubad İbadoğlu, iqtisadçı-alim