Bəlkə Azərbaycan məmuru da tərpənsin – <font color=red> AXI NİYƏ?!</font>

Cəmiyyət

05.08.2019 - 10:08

Bu gün xərclənən məbləğ sabah xəstə millətin müalicəsi üçün xərclənəcək olan milyonlardan qat-qat azdır

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Səhər pomidor-yumurta, şirin çay, qaymaq, bal, günorta xəngəl, tut arağı, axşam quyruq kababı, lülə, tikə, antrikot, sonda da qutab...

 

Yəqin ki, hər bir azərbaycanlı kişisi gündəlik rasionunun belə olmasına etiraz eləməz və ən azı bununçün çalışar. Düzdür, səhərini bir stəkan su və ya qatıq içərək, yaxınlıqdakı parkda qaçan, sonra da duş qəbul edərək velosipedə minib işə gələnlər də var. Ancaq bu sağlam həyat tərzi bizə yaddır.

 

Etiraf edək ki, biz sağlam həyat tərzi sürən insaların düz elədiyini qəbul etsək də, özümüz heç zaman onun etdiyi kimi etmirik. Məsələn, yaxınlarınızın içərisində velosipedlə işə gələn çoxdurmu? Yəqin ki yox və olsa belə, siz onun kimi etməz, etdiyinə bir bığaltı gülərsiniz də. Nəticəsi isə qadınlı-kişili alışdığımız “icazəsiz çıxarılan balkonlar”...

 

Dünyada 640 milyon insan artıq çəkidən əziyyət çəkir. Bristol Unversitetinin alimləri tətqiqatlar nəticəsində bu qənaətə gəliblər ki, artıq çəkidən hər il əvvəlki ildən daha çox adam dünyasını dəyişir. Azərbaycan əhalisinin də yarısı artıq çəkidən əziyyət çəkir. Yemək-içmək, fast-food, oturaq həyat tərzi bizim də milli problemimizə çevrilib. Həkimlərə görə, əgər genetik faktorları saymasaq, artıq çəkinin əsas səbəbi düzgün qidalanmamaqdadır. Hətta az yeyən insanlar belə, gündəlik rasionumuzdakı QMO məhsullarına görə kökəlirlər.

 

Artıq statistik məlumatlar və özümün də heç vaxt əməl etmədiyim həkim məsləhətləri ilə beynini yormaq istəmirəm, əziz oxucu. Mən bu gün dövlətin artıq çəkidən xilas olmaqla bağlı vətəndaşa necə kömək etməsindən danışacağam. Xaricdə sosial reklam çarxları, müxtəlif klinikalar tərəfindən endirimli pəhrizlər, insanların rahatlığı üçün velosiped yolları, parklarda və idman mərkəzlərində havayı və ya cüzi məbləğə idman qurğularında məşq etmək imkanı və daha nələr-nələr həyata keçirilir.

 

Bizdə isə, təəssüflə qeyd etməliyik ki, bunların əksəriyyəti yox səviyyəsindədir, parklarda olan idman qurğuları isə birinci laxlamağa qədər işləyir və park açılandan sonra bu trenojorlar qalır Allahın ümidinə. Elə velosiped yolları da ancaq Bakı barədə rəngarəng çarxlar çəkiləndən çəkilənə yada düşür.

 

İnsanları sağlam həyat tərzinə dəvət etmək üçün müxtəlif yollar var. O dəqiqə misal üçün ABŞ və ya Almaniya təcrübəsinə əl atmaq lazım deyil. Məlumdur ki, bizdə idman zalına aylıq abunə 60-70 manatdan başlayır ki, bunu da hər adam verə bilmir. Parklarda qaçmağa isə, etiraf edək ki, tənbəllik edirik. Biz rusca, ingiliscə danışsaq belə, xoşumuza gələn, təəccübləndiyimiz bir şeyə “vau”, “molodes” qışqırsaq da, kafaca şərqliyik.

 

Biz şəxsi marağımız olmadan çox zaman özümüzə gələcək perspektivdə xeyir olan bir şeyləri də etmirik. Qardaş saydığımız Anadolu türkləri də belədir. Odur ki, Türkiyə dövləti hər gün artıq çəkili insanları sağlam həyat tərzinə, idmana dəvət etmək üçün yeni-yeni nəsnələr fikirləşir. Son olaraq onların Səhiyyə naziri Fəxrətdin Qoca digər nazirliklər və qurumlarla birgə araşdırmalar aparıldığını, nəticənin isə mənfi olduğunu elan etdi:

 

“Araşdırmalar görə, türk toplumunun üçdə biri obez (artıq çəkinin saölamlığa mənfi təsir etməsi), üçdə biri isə artıq çəkili insanlardır. Uşaqların yüzdə onu ümimiyyətlə idman etmir, yüzdə 20-də isə bu rəqəm gündə 1 saatdan da azdır. Ümumən götürəndə Türkiyə toplumu çox hərəkətsiz toplumdur və bu, bizim gələcəyimizə ziyandır. Odur ki, bələdiyyələr və Ətraf Mühit Nazirliui ilə birgə əhalimizi aktiv həyat tərzinə sövq edəcək bəzi planlarımız var. Məsələn, gündəlik idman edənləri xəstəxana növbələrində qabağa sala və endirimlər edə bilərik, iş yerlərində onlara müəyyən güzəştlər etdirə bilərik, idman zallarında böyük endirimlər nəzərdə tutula bilər. Əsas hədəfimiz isə uşaqları fəal həyata qaytarmaqdır. Onları idmana daha yaxın və iqtisadi baxımdan daha əlçatan etmək üçün müəyyən təkliflərimiz var”.

 

Təbii ki, biz Azərbaycan reallığında yaşayırıq və gözəl anlayarıq ki, bizdə Səhiyyə nazirinin və ya Gənclər və İdman nazirinin buna bənzər təkliflə çıxış etməsi real deyil və ya olsa belə, yaxşı halda telekanallarda görünmək üçündür.

 

Axı niyə?! Praktikada bunun belə olması üçün əlimizdə hər bir imkan var. Yəni bizim də məmurlar rəhbərliyin xoşuna gələcək, görülən işlərlə bağlı yağlı təriflərlə yanaşı, tutaq ki, idman zallarında qiymətləri aşağı sala bilməzlərmi? Və ya məktəblərdə, institutlarda idmanla məşğul olan insanlara dəstək üçün bəzi güzəştlər etmək (tutaq ki, onları velosipedlə təmin etmək, uşaq futbol məktəblərinə çıxışına yol açmaq) olmazmı?

 

Olar, təbii ki! Axı niyə etmirik? Ona görə ki, bir türk məmuru gözəl anlayır ki, millətinin genofondu təhlükədədir və onu da bilir ki, bu gün idmana və sağlamlığa xərclənəcək hər bir lirə gələcəkdə bu ölkənin sağlam, işlək mütəxəssislərinin yetişdirilməsi deməkdir. Və bu gün xərclənən bu məbləğ sabah xəstə millətin müalicəsi üçün xərclənəcək olan milyonlardan qat-qat azdır. Bu, sərfəlidir! Hamıya - dövlətə, millətə, gələcəyə! Biz niyə bu prossesdə iştirak etməyək ki? Axı niyə?!

Müəllif: Yoldaş Mircəfər