Yenə hər yerdə öskürən və asqıran insanlar - <font color=red> Dərman almağa tələsməyin</font>

Cəmiyyət

10.10.2019 - 16:16

V.Qarayev: "Yersiz istifadə olunan antibiotiklərin ciddi fəsadları olur"

 

Qapalı yerlərdə, xüsusən ictimai nəqliyyatda qrip, öskürək viruslarının yayılma ehtimalı böyükdür. Havanın nə yay, nə payız olduğunu müəyyən edə bilmədiyimiz bir vaxtda həkimlər hamını həm diqqətli olmağa, həm də özbaşına dərman qəbul etməməyə çağırırlar.

 

Mütəxəssis həkim-pediatr Vaqif Qarayev AYNA-ya açıqlamasında bildirib ki, xüsusən uşaqlar arasında öskürək halları artıb: “Ən pis hal odur ki, valideynlər telefonda, sosial şəbəkələrdə "mənə bir öskürək dərmanı deyin", - deyə xahiş edirlər, ya da özbaşına apteklərdə öskürək dərmanı axtarırlar”.

Картинки по запросу həkim-pediatr Vaqif Qarayev

Pediatr əlavə edib ki, əksər hallarda öskürəyə heç bir dərman lazım deyil, özü keçəcək: “Ciddi vəziyyət varsa, həkim baxışı olmadan virtual müalicə və aptek satıcısının verdiyi dərman çox uşağın vəziyyətini ağırlaşdıra bilər. Son vaxtlar dəbdə olan inhalyasiya aparatından da özbaşına istifadə etmək düzgün deyil. Mənə ən çox müraciətlər arasında "doktor, aparatım var, mənə dərman deyin, uşağın öskürəyi keçsin" kimi xahişlər edilir. Öskürək üçün həkimsiz antibiotik qəbulu heç düzgün deyil. Biz adi burun tutulmasına da məişətdə qrip deyirik, düzgün deyil. Qrip xüsusi viruslar tərəfindən törədilən, bəzən ölümcül fəsadları olan ağır xəstəlikdir. İndi rast gəlinən xəstəliklər daha yüngül gedişlidi, ağırlaşmalar, demək olar ki, olmur”.

 

Həkim vətəndaşlara xəbərdarlıq da edib: “Hər qızdırmaya, hər öskürəyə görə antibiotik qəbul etməyin. Həkim təyinatı olmadan heç etməyin. Yersiz istifadə olunan antibiotiklərin ciddi fəsadları olur. Apteklərdə qizdirmasalıcı kimi antibiotik təklif edərlərsə, almayın”.

 

Qeyd edək ki, Səhiyyə naziri Oqtay Şirəliyev “2019-2020-ci ilin payız-qış mövsümündə Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb.

 

AYNA-ya Nazirlikdən verilən məlumata görə, sənəddə 2019-2020-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

Əhali arasında qrip və kəskin respirator virus xəstəliklərinin profilaktikası məqsədi ilə sanitariya-maarifi işinin aparılması, ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələr aparılmasının təşkili, qripə şübhəli xəstələrin, xüsusən uşaqlar və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılmasının təmini, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsinin təmini göstərişləri Əmrdə əks olunub.

 

Əmrdə eyni zamanda, profilaktik dezinfeksiya işlərinin gücləndirilməsi, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatının yaradılması, ölkənin şəhər və rayonlarının gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində, habelə tibb müəssisələrində sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayətin gücləndirilməsi kimi əhəmiyyətli göstərişlər də verilib.

Müəllif: Raminə Eyvazqızı