“Azərbaycandan “soydaş vəsiqəsi” alan şəxs Rusiyada casus hesab ediləcək”

“Azərbaycandan “soydaş vəsiqəsi” alan şəxs Rusiyada casus hesab ediləcək”

ABŞ-da yaşayan soydaşımız: “Azərbaycanın dəstəyi lazım deyil, əsas odur ki, bizə mane olmasınlar”

 

Xəbər verdiyimiz kimi, Azərbaycan dövləti xaricdə yaşayan azərbaycanlılara sosial yardım etməyi düşünür. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) İnsan resursları, hüquq və sənədlərlə iş şöbəsinin müdir müavini Şahin Camalov əməkdaşımızla söhbətində bildirmişdi ki, xaricdə yaşayan soydaşlara yardım göstərilməsi ilə bağlı Prezidentin müvafiq sərəncamından sonra qanunda dəyişiklik edilib və bundan irəli gələrək yeni qaydalar hazırlanıb. Həmin qaydalarda kimlərə, necə, hansı halda maddi dəstəyin verilməsi nəzərdə tutulur.

 

Bundan başqa, "Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında" Qanun layihəsində "soydaş" anlayışı müəyyən edilib. Bu anlayış xaricdə yaşayan və özünü azərbaycanlı sayan hər kəsə şamil olunacaq. Valideynləri Azərbaycandan olan, Azərbaycan SSR-in və indiki Respublikanın vətəndaşı olmuş, amma indi xarici ölkə vətəndaşı olanlara "soydaş vəsiqəsi" veriləcək.

“Dünya təcrübəsindən yararlanaraq, Azərbaycan da özünü azərbaycanlı sayanlara müxtəlif imtiyazlar verməyi düşünür. Məsələn, “soydaş vəsiqəsi” olanlar və onların ailə üzvləri 90 gün ərzində Azərbaycana vizasız gəlib qala biləcəklər. Onlara başqa imtiyazlar da veriləcək”, - deyə Ş.Camalov vurğulamışdı.

 

Sözügedən yeniliklər xaricdəki soydaşlarımızı nə dərəcədə məmnun edir? Onlar dövlətin yardımı və “soydaş vəsiqəsi” üçün müraciət etməyi düşünürlərmi? AYNA mövzunu davam etdirir.

 

ABŞ-da yaşayan Elnur Salmanovun sözlərinə görə, sözügedən qanun layihəsində yaxşı müddəalar var, amma əməl edilsə: “Məsələn, vizasız gediş-gəliş. Bu məsələlər lazımı qaydada həllini tapsa, faydalı olar. Çox adam var ki, uşağı ABŞ-da doğulduğu üçün uşaq valideynlərindən qabaq  ABŞ vətəndaşı olur. Azərbaycana getmək istəyəndə uşaq üçün viza ehtiyacı yaranır. Əslində belə bir qayda Pakistanda var. ABŞ-da yaşayan, işləyən pakistanlılar rahat şəkildə ölkəsinə gedib-gəlirlər, hətta onlara yatırım imkanları, vergi güzəştləri, xüsusi imtiyazlar da verilir ki, ölkəsi ilə bağları qopmasın”.

 

“Bizimkilərə gəldikdə isə, əsas odur ki, xaricdəki soydaşlara mane olmasınlar. Burada bizə dəstəkləri lazım deyil, ölkədə şərait yaratsalar, şəxsən mənim özümün o qədər kiçik və orta biznes fikirlərim var ki, onları həyata keçirərəm. Buna böyük maddi imkan lazım deyil, amma adam məlum səbəblərə görə tərəddüd edir. Diasporun fəaliyyətinə gəldikdə isə, mən ABŞ-a gələndən sonra, sadəcə bir dəfə xarici pasportun dəyişdirilməsi ilə bağlı konsulluğa işim düşüb, onda da açığı, çox razı qalmışam, qısa müddətdə almışam xarici pasportumu. Üç ildir ABŞ-dayam, başqa da heç bir tədbirdə iştirak üçün çağıran olmayıb, diasporun fəaliyyətinə şahid olmamışam”, - E.Salmanov bildirib.

 

Rusiyada yaşayan Tünzalə Hümbətova yeni təkliflərindən daha çox, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) fəaliyyətinə diqqət çəkib: “Komitə sədri Moskvaya gəlmişdi, onunla görüşdə, əvvəldən siyahı üzrə yazılmış adamlar iştirak edirdilər. Mənim xeyli müraciətim, araşdırdığım faktlar var idi, istəyirdim ki, özünə təqdim edəm. Çünki yeni sədrə ümidlə yanaşdım. Amma məni həmin tədbirə buraxmadılar. Tənqidi yazılar yazıram, diasporda fəallıq edirəm deyə, məni “qara siyahı”ya salıblar. Özlərinin görüşdürdüyü adamların da çoxu yalançı, satqındır. İllərdir eyni simalar var ortada. Əvvəllər xarici pasport üçün səfirliyə gedirdiksə, indi bunu ayrı-ayrı adamlar edir və qat-qat artıq pul alırlar”.

 

“Qaldı ki, “soydaş vəsiqəsi”nə, bunun kimlərə veriləcəyini təxmin edirəm. Sosial yardım isə miqranta verilə bilər. Yaxud xarici ölkədə yaşayan azərbaycanlıya bu yardımın öz ölkəsi tərəfindən verilməsi nə qədər məntiqlidir? Başqa ölkə vətəndaşı olmuş soydaşın isə öz ölkəsindən sosial yardım alması həmin şəxsin casusa çevrilməsidir, necə ki, bizdə də belə qəbul edirlər. Bu status həmin adamı məsuliyyət altına qoyur. Mənim bacım Rusiya vətəndaşıdır, poçt müdiridir, amma Vətəni üçün hələ də əlindən gələni edir. Belə çıxır, bacım soydaşımız deyil?”, - T.Hümbətova vurğulayıb.

Fransada yaşayan Aysel Kərimova adlı soydaşımız isə deyib ki, onun yaşadığı ölkədə, ümumiyyətlə Azərbaycan diasporu yoxdur: “Tədbirləri səfirlik təşkil edir. Onlar da istədikləri adamı dəvət edirlər, istəmədiklərini yaxın buraxmırlar”.

 

“Tanıdığım ailələrin 80%-i Fransada siyasi mühacir kimi yaşayır. Onların Vətənə girişinin özü problemdir, o ki qala, “soydaş vəsiqəsi” alalar. Ona görə də buradakı soydaşlarımızın çoxu Azərbaycanla bağlı məsələlərə qarışmırlar”, - deyə Kərimova qeyd edib.

Müəllif: Raminə Eyvazqızı      19 Dekabr 2019 13:16
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin