Çindən Rusiyaya zərbə: daşınma tarifləri kəskin artırılıb

Dünya

08.05.2024 - 17:12

Qiymət artımı Rusiya ərazisindən tranzitlə Çindən Aİ-yə konteynerlərin dəmir yolu ilə daşınmasının bərpası fonunda baş verib

Rusiya və Çin arasında ticarət-iqtisadi əməkdaşlıq daha bir zərbə aldı: Çin tərəfi Rusiya və Belarusa malların daşınması xərclərini kəskin şəkildə artırıb.

Ekspeditor şirkəti “Infotrans” Belarus nəqliyyat və logistika portalına bildiriblər ki, mayın 6-dan dəmir yolu ilə yüklərin çatdırılması gediş stansiyasından asılı olaraq bir konteyner üçün 500-800 ABŞ dolları və ya daha çox bahalaşıb.

Ekspeditorların sözlərinə görə, tariflərin artırılması Çində pulsuz konteynerlərin sayının azalması, eləcə də Çin-Rusiya sərhədində böyük tıxaclarla bağlıdır.

Dəmir yolu ilə çatdırılma qiymətlərinin artması ilə eyni vaxtda Çindən dəniz nəqliyyatı ilə daşıma tarifləri də artıb. Tarif artımı gediş limanından asılı olaraq hər konteyner üçün 800-1000 dollarla 1300-1500 dollar arasında dəyişib. Eyni zamanda, may ayında gəmilərdə mövcud yerlərin çoxu artıq bron edilib. Buna görə də daşıma xətləri yalnız mayın sonu - iyunun əvvəlində yük daşımaları təklif edir.

Qiymət artımı Rusiya ərazisindən tranzitlə Çindən Aİ-yə konteynerlərin dəmir yolu ilə daşınmasının bərpası fonunda baş verib. Yanvar-mart aylarının nəticələrinə görə, onlar illik müqayisədə 44 faiz artaraq 90 min konteynerə çatıb. Bu, Ukraynadakı müharibə ilə əlaqədar tranzitin faktiki dayandırılmasından sonra baş verib.

Eyni zamanda, Çindən Rusiyaya ixrac axını demək olar ki, iki illik hərbi əməliyyatlar dövründə ilk dəfə olaraq azalmağa başlayıb. Belə ki, mart ayında Çinin Rusiyaya ixracı illik müqayisədə 15,7 faiz azalıb. Bu barədə “Bloomberg” Çin gömrüyünün məlumatlarına istinadən yazıb.

Ticarət həcmlərinin azalmasına səbəb Çin banklarının ikinci dərəcəli sanksiyalar təhlükəsi səbəbindən Rusiyaya malların tədarükü üçün ödənişləri qəbul etməkdən imtina etməsi olub. Rusiya idxalçılarının fikrincə, köçürmələr bir neçə həftə gecikdirilə bilər və banklar alıcının sanksiyaya məruz qalan şəxslər və ya Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli olmadığını təsdiqləyən çoxsaylı sənədlər tələb edirlər. Amma bütün sənədləri təqdim etdikdən sonra da banklar çox vaxt əməliyyatları həyata keçirməkdən imtina edirlər.

Rusiya Prezidenti Vladimir Putin may ayında Çinə gözlənilən səfəri zamanı Çin lideri Si Cinpinlə bank ödənişləri problemini müzakirə etmək niyyətindədir. Bu barədə Rusiyanın işgüzar dairələri “Reuters” agentliyinə bildiriblər.

Qaydar İnstitutunun məlumatına görə, Çin malları Rusiyaya idxalın 43 faizini təşkil edir ki, bu da ötən il 285 milyard dollar təşkil edib.

“Çinin ticarət dövriyyəsində aparıcı mövqeləri möhkəm Rusiyaya dost olmayan ölkələr tutur ki, bu da ikinci dərəcəli sanksiyalar təhlükəsi ilə tədarükün azalması riskini artırır", - ekspertlər vurğulayırlar.

Müəllif: Turan Abdulla