Paskal və Pasxa

İbrahim Nəbioğlu

06.05.2024 - 14:20

Həkimlər Klinikalar SEO Xidməti

Əgər Transsendental dünya yoxdursa...

Blez Paskal (1623 – 1662) nəhəng fransız alim idi. Həm riyaziyyatçı idi, həm də fizik, həm ədəbiyyatçıydı, həm də filosof.

Hidrostatikanın əsas qanununun müəllifi, eləcə də hesablama texnikasının ilk nümunələrinin yaradıcısı olmaqla bərabər fransız ədəbiyyatının da klassikidir.

Blez Paskalın adı bizə Pasxa bayramını xatırladır.

Fransızlar Pasxaya “Pâques” deyirlər. Nəsə mistik bir əlaqə var burda.

Paskal dini inancın rasional bir seçim olduğunu göstərən məşhur “Paskal Mərci” ilə də məşhurdur…

Görkəmli alimin ən böyük arzularından biri ateizmin tənqidi və inancın müdafiəsilə bağlı fundamental bir əsər yazmaq idi. Ömrünün sonuna doğru bu haqda müxtəlif qeydlər aparır, onları daha sonra sistemləşdirməyi düşünürdü.

Xəstəliyi ona mane oldu, həkimlər onu hər cür əqli çalışmadan uzaqlaşdırdılar.

39 yaşında vəfat edən Paskal arzusuna çata bilmədi. Ölümündən sonra dostları onun qeydləri əsasında “Düşüncələr” (fr. Pensées) adlı kitabı nəşr etdilər…

▪ Əgər Transsendental dünya Tanrıdırsa, ölməz ruh və əbədi həyat mövcuddur. Və insan buna inanır, lakin deklarativ olaraq, həqiqətən inanır. Yəni bu dünyada yaşamaq, hərəkət etmək, düşünmək, arzulamaq və ümid etmək üçün məhz bu imanına söykənir, onda o insanın  sonsuz qazanc əldə etmək imkanı var - bu, Əbədi Həyatdır.

▪ Əgər Transsendental dünya yoxdursa, amma insan ona inanırsa, onda o, qazanmadığı kimi heç nə itirmir, çünki “yox” vəziyyətində nə itki, nə də qazanc mümkündür, “yox”un hökmü yoxdur.

▪ Əgər Transsendental dünya varsa, lakin insan ona inanmırsa və bu inamsızlığa uyğun yaşayırsa, o, sonsuz itki və ya əbədi itki ehtimalına məruz qalır - o, ölümsüzlük əvəzinə əbədi əzaba məhkumdur.

▪ Əgər Transsendental dünya yoxdursa və insan ona inanmırsa, o, ikinci halda olduğu kimi heç nə qazanmır, heç nə əldə etmir və heç nə qazanmır və itirmir. Çünki Yoxluqda nə əldə edib itirmək olar ki?..

“Düşüncələr” fransız ədəbiyyatının incisinə çevrildi.

Paskal həm istedadlı yazıçı, həm də istedadlı riyaziyyatçı kimi tarixə düşən tək mütəfəkkirdir.

Son kitabında belə yazırdı:

“İnsanlar yalnız üç kateqoriyaya bölünür:

Bəziləri Allahı tapıb Ona xidmət edir. Bu insanlar ağıllı və mutludurlar;

Digərləri Onu tapmayıb və Onu heç axtarmırlar da. Bu insanlar dəli və bədbəxtdirlər;

Yerdə Qalanlar isə Onu tapmayıblar, ancaq Onu axtarırlar. Bu insanlar ağıl sahibidirlər, lakin yenə də bədbəxtdirlər”.

Müəllif: İbrahim Nəbioğlu