NATO sammitində Ukraynaya qoşun göndərməkdən rəsmən imtina edəcək

Dünya

08.05.2024 - 13:43

“Ramstein Group”un rəhbərliyi ABŞ-dan NATO-nun Brüsseldəki mənzil-qərargahına keçəcək

NATO ölkələri Ukraynaya qoşun yeritmək fikrində deyil və Moskva ilə Kiyev arasında silahlı münaqişəyə birbaşa müdaxilə etməkdən imtinalarını rəsmi sənədlə rəsmiləşdirməyə hazırlaşır. AYNA xəbər verir ki, bu barədə “Corriere della Sera” iyulun 9-11-də Alyansın Vaşinqtonda keçiriləcək sammitində qəbul oluna biləcək bəyannamə layihəsinə istinadən yazır.

Bundan əlavə, sənəddə bildirilir ki, Ukraynaya yardım edən “Ramstein Group”un rəhbərliyi ABŞ-dan NATO-nun Brüsseldəki mənzil-qərargahına keçəcək.

Nəşr qeyd edir ki, belə bir addım yardımın daha effektiv idarə olunmasına imkan verəcək.

Fevralın sonunda Fransa Prezidenti Emmanuel Makron Qərb ölkələrinin Ukraynaya qoşun yeritməli olacağını istisna etməyib. Mayın əvvəlində o, bunun üçün iki şərtin adını çəkib: Rusiya ordusu cəbhə xəttini yarıb keçməlidir, Kiyev isə müvafiq yardım sorğusu göndərməlidir.

Öz növbəsində NATO-nun baş katibi Yens Stoltenberq qeyd edib ki, Alyansın “Ukraynada NATO döyüş hissələrini yerləşdirmək” planı yoxdur. Birləşmiş Ştatlar həmçinin qeyd edib ki, Prezident Co Bayden Rusiyanın Ukraynaya qarşı müharibəsinin lap əvvəlindən Amerika hərbçilərinin münaqişə zonasında hərbi əməliyyatlarda iştirakını istisna edib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, Kiyev Qərb ölkələrinin Ukrayna qüvvələrinə kömək üçün öz ordusunu göndərmək qərarını dəstəkləyəcək: “Bizim könüllü birləşmələrimiz var ki, orada başqa dövlətlərdən insanlar gəlib Ukrayna üçün döyüşürlər. Əgər kimsə Ukraynaya kömək etmək istəsə, buna heç vaxt etiraz etmərik”.

Eyni zamanda o vurğulayıb ki, Kiyev özü təşəbbüskar ola və başqa ölkələrin ordularını açıq şəkildə dəvət edə bilməz. Onun sözlərinə görə, bu, Rusiyanın “qlobal etirazları artırmasına” və “bizə hərbi yardımı dayandırmaq üçün hər şeyi etməyə” gətirib çıxaracaq.

Mayın əvvəlində Rusiya Müdafiə Nazirliyi “yaxın gələcəkdə” taktiki nüvə zərbəsi təlimləri keçirmək niyyətində olduğunu açıqlamışdı. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun bildirib ki, bu təlimlər bilavasitə Qərb ölkələrinin Ukraynaya mümkün qoşun göndərilməsi ilə bağlı bəyanatları ilə bağlıdır.

Müəllif: Ayna.az