Əsas səhifə Haqqımızda Xəbər lenti

Böyük yalan faş oldu – AXI NİYƏ?!

Böyük yalan faş oldu –     AXI NİYƏ?!

İlham Əliyev BMT tribunasında bu bəlanı dilə gətirməlidir

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

4 may 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, Qoşulmama Hərəkatına üzv ölkələrin (NAM) COVID-19 pandemiyasına qarşı mübarizə üzrə təmas qrupunun onlayn zirvəsi zamanı, BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr olunmuş 31-ci xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüs, əksər BMT üzv dövlətləri tərəfindən dəstəkləndi. Bildirilir ki, 5 noyabr 2020-ci il tarixində BMT Baş Məclisi plenar iclasında “Koronavirus pandemiyasına (COVID-19) qarşı mübarizəyə cavab olaraq Baş Məclisin Xüsusi iclası” adlı bir qərar qəbul etdi.

 

Qətnaməyə uyğun olaraq, Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürdüyü təşəbbüs əsasında, bu il dekabrın 3-4-də COVID-19 ilə mübarizəyə həsr olunmuş BMT Baş Məclisinin dövlət və hökumət başçıları səviyyəsində xüsusi iclasının keçirilməsi qərara alındı. Və Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri olaraq sessiyada çıxışı gözlənilir.

 

Yazıya bu informasiya ilə başlamağımın səbəbi var. Mən hesab edirəm ki, İlham Əliyev BMT səviyyəsində daha bir iclasın cağırılmasına nail olmalı və burada dünyanı bürüyən koronavirus pandemiyasından daha böyük bir bəladan söz açılmalıdır. Əslində, pandemiya gəlib keçəcək, amma bu bəla əsrlərdir ki, bizim yaxamızdan əl çəkmir. Niyə belə hesab edirəm?! İzah edim.

 

40 gündən çoxdur ki, Azərbaycan Ordusu Qarabağın azad edilməsi üçün müzəffər yürüşünü davam etdirdiyi bir müddətdə, biz bu bəlanın fəsadlarını yaşamaqdayıq. Əvvəllər əsəbləşir, sonra gülür, arada istehza edir və sonda “bu qədər də olmaz” deyirik. Söhbət bədxah qonşularımızın iliyinə qədər işləmiş yalandan gedir.

 

Müharibənin öz qanunları və reallıqları var, amma düşmənimiz bəzən o qədər ağ edir ki, bunu necə etdiklərinə təəccüblənməyə bilmirsən. Gah dedilər ki, Gəncəni özümüz vurduq raketlərlə və bu, o qədər xoşumuza gəldi ki, ardınca Bərdəni də vurduq. Hətta, Mingəçevirə də raket atdıq ki, Azərbaycanın hamısını işıqsız, yarısını su altında qoyaq ki, erməniləri “neprav çıxaraq”. Daha sonra keçdilər suriyalı muzdlular məsələsinə: “radiodanışıqlar” tutdular, “əsir” götürdülər, hər şey etdilər ki, bütün dünya bu yalana inansın – guya, Azərbaycan Ordusunun tərkibində Suriyada ya İŞİD-ə qarşı vuruşan, ya da elə İŞİD-in tərkibində vuruşan muzdlular döyüşür.

 

Artıq bəzi dövlət rəsmiləri də bu mənbəyi bəlli olmayan yalanı tirajlayırlar. Amma qonşularımızın söylədiyi son yalan onların probleminin çox ciddi olduğunu, beyinlə əlaqəli bir problem olduğunu üzə çıxardı. Erməni təbliğatçıları “əsir götürülmüş” hansısa PKK-çı yaraqlını danışdıraraq, onun bizim ordunun tərkibində vuruşduğunu vurğulayır. Onun danışığında elə detallar var ki, bu zaman kimin – PKK-çının, yoxsa ermənilərin absurd yalan danışması adamda sual doğurur.

 

Özünüz baxın: Suriyada İŞİD-in tərkibində və ya qarşı (bunu hələ ermənilər özləri üçün dəqiq müəyyənləşdirməyiblər) vuruşan döyüşçülər, verilən ifadəyə görə, Azərbaycana gəldikdən sonra, döyüşdən o qədər qorxublar ki, bizim tərəf onlara qorxunu dəf edən hansısa həblər paylayıb. Yəni, İraqda, Suriyada, ermənilərin məntiqinə görə, baş kəsən, vəhşilik edənlərin, Qarabağda qarşılarında “məğlubedilməz Aşotu” görən kimi başlayıb dizləri əsməyə. Deyiblər ki, “yoox, bizi aldadıblar. Bizə deməmişdilər ki, burada acımasız bir müharibədə iştirak edəcəksəniz...” Bizim həkimlər də onlara həblər veriblər ki, “ay balam, qorxmayın, bu kiborq Aşot sizin vuruşduğunuz kürd silahlıları və ya ABŞ xüsusi təyinatlıları kimi təhlükəli deyil, gedin vuruşun”.

 

Mən bilmirəm, əgər həqiqətən varsa, o muzdluları Azərbaycana müharibədə iştirak etmək üçün deyilsə, nəyə çağırmışdılar ki? Bakıda muğam müsabiqəsində kövrəlməyə? Yəni, absurd dalbadal gəlir və artıq düşmən tərəfin özü də inanır ki, məsələ doğrudan da belədir.

 

Bu xəbərləri oxuyandan sonra psixologiya barədə yazılan bir neçə məqalə ilə tanış olmaq fikrinə düşdüm ki, əcaba, bu, nə bəladır ki, qarşı tərəf təkcə özü deyil, hətta, yekə-yekə dövlətlərin başçılarını da buna inanmağa məcbur edir. Və tapdım.

 

Patoloji yalan, mifomaniya və ya “pseudologia fantastica” (lat.) adlanan bu bəla-vərdiş psixoloqlar və psixiatrlar arasında çox mübahisələrə səbəb olur. Bəziləri bunun daha mürəkkəb bir pozğunluğun simptomu olduğuna inanırlar (məsələn, şəxsiyyət pozuqluğu, sosiopatiya və ya narsisizm), bəziləri bunun öz-özlüyündə bir sapma olduğuna əmindirlər.

Muhtemelen hayatınızda en az bir psikopat tanıyorsunuz

Bunun xüsusi bir asılılıq forması olduğu fərziyyəsi var: bir insan, alkoqol və ya qumar kimi psixoloji bir impulsun təsiri altında aldadır. Ancaq bəzi insanlar daimi yalan danışırlar. Onların hiyləgərliyini xroniki adlandırmaq olar, çünki ömür boyu müşahidə olunur və ya insanın ikinci naturası olaraq, vərdişə çevrilir.

 

Pato loji yalançılar:

- müəyyən bir məqsəd üçün yalan danışırlar;

- sonsuz sayda yeni detallarla tamamlana biləcək fantastik hekayələr icad edirlər;

- özləri danışdıqları hər şeyə inanırlar;

- aldatmaqda şübhəli olduqları zaman küsürlər;

- səlahiyyətlərini gücləndirmək üçün yalan danışırlar;

- utanıb-qızarmır və özlərini narahat hiss etmirlər.

 

Psixoloqların fikirlərinə görə, patoloji yalançıların məqsədli söylədikləri yalanı qüvvətləndirmək üçün istifadə etdikləri ən sınanmış üsul özlərini qurban kimi qələmə verməkdir. Başqalarının rəğbətini və dəstəyini qazanmaq üçün xəyali bədbəxtliklərdən şikayət edirlər. Onlar xəstəliklər, yaxınlarının ölümü, kiminsə qəddarlığı və yaşadıqları iddia edilən digər fəlakətlər uydururlar ki, dedikləri daha inandırıcı olsun.

 

Yalançıların özünüqiymətləndirmə səviyyəsi çox aşağı olur. Bu səviyyə digər əlamətlərlə birləşdirildikdə, həyasız bir yalançının portretini tamamlayır. Adətən məcburi yalançıların özünüqiymətləndirməsinin arxasında ifşa ediləcəyindən narahatlıq və inamsızlıq gizlənir.

 

Bu dediklərim psixoloqların patoloji və məcburi yalançılar barədə söylədikləri fikirlərdir. Və hesab edirəm ki, İlham Əliyev bir dəfə də BMT səviyyəsində dünya psixiatırlarını bir araya gətirilməsi təşəbbüsü ilə çıxış etməlidir. Axı dünya da anlamalıdır ki, nağılların gerçəkliklə heç bir əlaqəsi yoxdur və ola da bilməz.

 

Sonda psixiatırların pataloji yalançılara verdiyi son qiymətlə də, əziz oxucu, səni tanış edirəm.

 

... Onların həyatları nizamsız və faciələrlə doludur. Dürüst görünməyə çalışaraq bunun üçün dəridən-qabıqdan çıxırlar, amma gec-tez insanlar onların yumşaq desək, gopa basdıqlarını başa düşürlər: münasibətlər dağılır, işlərini itirirlər, dostlar üz çevirir, amma patoloji yalançı öz xasiyyətindən əl çəkmir - qulağına əriştə asa biləcəyi sadəlöhv adamlar axtarışını davam edir...

Müəllif: Yoldaş Mircəfər      10 Noyabr 2020 10:26
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin