Nə üçün Ukrayna səmasını qorumaq İsrail səmasını qorumaqdan çətindir?

Dünya

17.04.2024 - 11:28

Beynəlxalq ekspertlər Ukrayna Prezidentinin suallarına bəndlərlə cavab veriblər

Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində Qərbin İsrail və Ukraynaya hücumların dəf edilməsində iştirakını müqayisə edib. AYNA bildirir ki, onun sözlərinə görə, İranın hücumu zamanı İsrailə kömək edən ölkələrin heç biri Ukraynada müharibəyə cəlb olunmayıb və effektiv birlik nümayiş etdirməyib.

Almaniyanın “Der Spiegel” nəşrinin məlumatına görə, ekspertlərin fikrincə, iki cəbhədə hərbi şərait fərqlidir.

Onlar bu fərqlərin izahlarını belə veriblər:

- İranın hücumunun xarakterinin Rusiya hücumları ilə oxşarlığına baxmayaraq, o daha böyük məsafədən həyata keçirilib və zərbənin dəqiq haradan verilə biləcəyi barədə siqnallar əvvəlcədən var idi. Bu, İsrail tərəfinə hazırlaşmağa imkan verdi.

- İran raketləri bir neçə ölkənin, xüsusən də İraqın hava məkanını keçdi və orada yerləşmiş Amerika hava hücumundan müdafiə qüvvələri onlardan bəzilərini vura bildi. Ukrayna məsələsində belə bir imkan yoxdur, çünki Ukrayna cəbhəsi birbaşa Rusiya ilə həmsərhəddir.

- Birləşmiş Ştatlar Aralıq dənizi sahillərində öz esmineslərini yerləşdirdi və onların köməyi ilə ən azı 70 pilotsuz təyyarə və 3 ballistik raketin qarşısını ala bildi. Rusiyanın orada olması və Türkiyənin digər hərbi gəmilərin Bosfor boğazından keçməsinə icazə verməməsi səbəbindən Amerika gəmilərinin Qara dənizdə yerləşdirilməsi mümkün deyil.

- İranın hücumu tək əks-hücumdur, Rusiya isə Ukraynaya qarşı uzunmüddətli kampaniya aparır. Buna görə də İranın hücumu gecəsi hətta hava hücumu siqnalının belə eşidilmədiyi Təl-Əvivdə yaranmış şəraitə bənzər şərait Ukraynanın geniş ərazisində gözlənilməməlidir.

Müəllif: Ayna.az