Müəllimlərin daimiləşmə imtahanından narazılıq: hicablı və hamilə xanımlarla bağlı nə baş verir?

Cəmiyyət

08.05.2022 - 06:38

Narazı müəllimlərin şikayətləri bir-biri ilə örtüşür, lakin Təhsil Nazirliyi reaksiya verməyə ehtiyac hiss etmir

Bu günlərdə müddətli müqavilə əsasında işləyən müəllimlərin daimiləşmə imtahanının müsahibə mərhələsi keçirilib. Müsahibə mərhələsi müəllimlərin narazılığı ilə yadda qalıb. Diqqətçəkən məqamlardan biri hicablı müəllimlərin məhz baş örtüyü üçün qəsdən kəsilmələri haqqında (özlərinin dediyinə görə) şikayətləridir.

AYNA imtahanda iştirak edən bir sıra müəllimlərlə həmsöhbət olub.

Riyaziyyat müəllimi Jalə Bayramova imtahanının nəticələrindən narazı qalıb. Onun sözlərinə görə, daimiləşmək üçün olan imtahanın müsahibə mərhələsində verilən bütün sualları cavablandırdığı halda nəzərdə tutduğu vakant yerə uyğun görülməyib: “Apellyasiyaya müraciət etdim və bu mərhələdə də qərəzli münasibət gördüm. Verdiyim doğru cavabları, sanki yanlışmış kimi fərqli sözlərlə mənə yenidən təqdim edirdilər. Mövzuya uyğun məsələ qurduğum halda komissiya üzvü mənə dedi ki, o, şagirdlərin xoşuna gəlməyəcək, daha sonra özü başqa məsələ dedi. Halbuki məsələnin oxşarı metodik vəsaitdə var. Həm də xoşuna gəlməməyi mənim yanlış cavab verdiyim anlamına gəlmir”.

Müəllim qeyd edib ki, kəsilənlərin əksəriyyəti hamilə və hicablı müəllimlər olduğuna görə, onlar bu məsələdə qərəzli yanaşma olduğu qənaətindədirlər: “Tək mən yox onlarla müəllim var ki, iş yerində daimiləşə bilmir və daimiləşə bilməmə səbəbi də bizə məlum deyil. Kəsilənlərin əksəriyyətinin hamilə və ya hicablı olmasına görə düşünürük ki bu mərhələdə qərəzli münasibət var. Bu, bizim şəxsi fikrimizdir”.

Lerik rayonu Durğan kənd orta məktəbində müddətli müqavilə ilə işləyən informatika müəllimi Nərmin Əlizadə də nəticələrdən narazı olanlardandır. Onun dediyinə görə, aprelin 26-da keçirilmiş iş yerinin daimiləşdirilməsi müsahibəsində suallara yaxşı cavab verməyinə baxmayaraq kəsilib: “Xahiş edirəm, bu məsələyə haqq çərçivəsində, düzgün qiymət verilsin. Mən iki azyaşlı övladımla iki aydır çətinliklə oxuyub musahibədə cavab vermişəm. Kəsilən hicablı müəllimlərdən biriyəm. Onu da qeyd edim ki, hazırda analıq məzuniyyətindəyəm və ümid edirəm ki, sentyabrda işimə qayıdacağam. İşimi itirmək istəmirəm”. 

Daha bir şikayətçi, Sabirabad rayon 9 nömrəli məktəbdə müddətli müqavilə ilə işləyən texnologiya fənni müəllimi Sənurə Nərimanova 5 aprel saat 17:00-da və 27 aprel saat 14:50-də keçirilmiş müsahibə mərhələsinin şəffaflığından narazıdır: “Suallara doğru cavab verdiyim halda hər iki mərhələdən mənfi rəy almışam. Səbəb olaraq sadəcə hicabımı göstərə bilərəm. Apellyasiya mərhələsində komissiya üzvündən birinin qərəziylə qarşılaşmışam. Texnologiya müəllimi olduğum üçün əl işlərimi göstərmək istədiyim halda buna qəti sürətdə icazə vermədi. Hətta qeyd edim ki, apellyasiya mərhələsinin cavabları çıxmadığı halda mən artıq mənfi rəy aldığımı bilirdim. Çünki mənə “get yenidən hazırlaş” deyib sağollaşmışdılar”.

“Bu, nə dərəcədə düzgündür ki, ictimaiyyətə elan olunmamışdan əvvəl nəticəni deyirlər?! İxtisasım və pisixologiyadan suallara düzgün cavab verdiyim halda dünyagörüşündən verilən mənasız suallara görə məni mənfi qiymətləndirirlər. 10 dəqiqəlik müsahibə ilə bizim iş həyatımızla oynamasınlar. Həyəcanlı ola bilərik, bu da təbii haldır. Biz bu müsahibə mərhələsindən uğur qazanmaq üçün sadəcə olaraq orada oturan 3 komissiya üzvünün xoşbəxt anına təsadüf etməliyik?! Məktəb rəhbərliyi və şagirdlərin fikrini də nəzərə alsınlar. Çox xahiş edirəm, bu məsələyə doğru-düzgün baxılsın”, - deyə müəllim şikayətində qeyd edib.

Müəllim yoldaşlarının etirazını izləyən və bu barədə AYNA ilə fikirlərini bölüşən müəllim Şəlalə Nuriyeva hesab edir ki, əgər müəllimlərin baş örtüyünə görə imtahandan kəsilməsi ehtimalları doğrudursa, müəllimlərin baş örtüyündən istifadə edib-edə bilməyəcəkləri barədə qəti qərar verilməəlidir: “Şikayətçi müəllimlərdən biri video şəklində müraciət yayımlamışdı. Açığı deyim, müəllimin rabitəli nitqini, özünü ifadə etmə tərzini, şifahi nitq savadlılığını çox bəyəndim. Düşünmədim ki, xanım ona verilən suallar qarşısında özünü itirsin və ya aciz qalsın. Özünün dediyinə görə də, bütün sualları yetərincə cavablamışdı və belə bir çox hicablı müəllimlərin şikayətləri var idi. Bəziləri isə müsahibə götürən müəllimlərin hətta açıq-aşkar onların geyimlərini sorğulamaları, "vahid məktəb geyimi tətbiq olunsa, hansını seçərdiniz" sualını verdiklərini iddia edirlər. Əgər, həqiqətən, belədirsə, o zaman bu mövzuda birdəfəlik qəti qərar qoyulmalıdır: Müəllim hicab örtə bilər, yoxsa yox?”.

“Azərbaycanda təhsil sistemi dünyəvi xarakter daşıyır və dini konsepsiyaların təhsil sisteminə əngəl yaratmasına icazə verilmir. Yəni təhsil sistemimiz dini konsepsiyalara qarşı çıxmır. Amma həm də onlara əsaslanmır. Doğrudan da, maraqlıdır ki, əgər Azərbaycanda bütün təhsil ocaqlarında müəllimlər üçün vahid məktəb geyimi tətbiq olunarsa, vəziyyət necə olar? Hicablı müəllimlər hanqqında hansı qərar veriləcək? Ona görə heab edirəm ki, nazirlik bu məsələlər haqqında, nə qədər çətin olsa da, qərar qəbul etməlidir”, - deyə müəllim söyləyib.

Həmsöhbətimizin fikrincə, özü hicablı olmasa da, dindar müəllimlərə şəxsiyyət olaraq dəyər verməli və onların dini inanclarına və geyimlərinə görə hansısa hüquqlarından məhrum edilmələrinə qarşı çıxılmalıdır: “Bir dəfə bir şagirdim dedi ki, "müəllim, mən eşitmişəm ki, dində musiqi dinləmək haram hesab olunur" və az qalmışdı ki, bunu əsaslandırsın. Təbii ki, belə bir düşüncənin kökdən yanlış olduğunu izah etdim. Amma çox təəssüf etdim ki, bu cür köksüz və əsassız düşüncələri din adı altında beyinə yeritməyə çalışanlar hələ də mövcuddur. Buna görə mən şagirdlərə din barədə nəyisə təbliğ etməyin qəti əleyhinəyəm”.

“Hicablı müəllimlərin hüquqları müdafiə olunur, amma bu, o demək deyil ki, hər kəs hər şeyi qəbul etməlidir. Onların müəllimlik hüquqlarını da bu kimi inancların, radikal, dövlət siyasətinə xələl gətirəcək dini düşüncələrin məktəb və sinif mühitində şagirdlərə təbliğ olunmaması şərti ilə müdafiə edirik. Düşünürəm ki, müsahibə götürən müəllimlər onların din mövzusunda düşüncələrini çox asan yollarla (suallarla) üzə çıxara bilərlər”, - deyə Nuriyeva fikrini yekunlaşdırıb.

Qeyd: Sözügedən iddia və şikayətlərlə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlsaq da, suallarımız cavabsız qaldı.

Müəllif: Aləmdə Nəsib