Dünya həyəcan siqnalı verir: <font color=red> Bizim də ayılmaq vaxtımızdır</font>

Cəmiyyət

06.10.2019 - 11:01

Ekspert: “Xanımlarımız erkən müayinələrə getməklə bu bəladan xilas ola bilərlər”

 

Oktyabr ayı dünya səviyyəsində döş xərçəngi haqda maarifləndirmə ayıdır. Azərbaycanda da qadınlar arasında bu xəstəlikdən əziyyət çəkənlər az deyil, yaxud xəstəliyə düçar olduqlarından məlumatsız olanlar var. Çünki ölkədə bu sahədə maarifləndirmə, demək olar ki, yoxdur.

 

Uşaqəmizdirmə üzrə məsləhətçi Səltənət Zülfüqarova AYNA-ya şərhində qadınların diqqətli olmalarının vacibliyindən danışıb: “Biz öz səy və güclərimiz hesabına oktyabr ayı ərzində döş xərçənginin profilaktik yolları və özünümüayinə barədə sosial şəbəkədə materiallar paylaşacağıq. Həmçinin hamilə və körpəsi olan xanımlar üçün saytımızda (www.vib.az ) davamlı məlumatlar verəcəyik. Xanımlarımız erkən müayinələrə getməklə bu bəladan xilas ola bilərlər”.

 

Mütəxəssisin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında göstərilir ki, dünyada qadınların xərçəngdən ölüm səbəbinin 15%-i, məhz döş xərçənginin payına düşür: “Digər mənbələrə əsasən, əmizdirmə səbəbilə ildə 20 000 nəfər qadının həyatını qurtarmaq və daha 20 000-ni döş xərçəngindən profilaktika etmək olar. Azərbaycanda statistikaya görə, qadınlar arasında ən geniş yayılan xərçəng döş xərçəngidir”.

 

“Araşdırmaların nəticəsində qeyd edilir ki, istər birbaşa döşdən, istərsə də sağılmış südü ilə körpəsini qidalandıran ana laktasiya etdiyi hər il üçün özünün döş xərçəngi riskini 4.3% azalda bilir. “MD Anderson Cancer” Mərkəzinin məlumatına görə, 13 aydan çox əmizdirən ana 7 ay əmizdirən ana ilə müqayisədə yumurtalıq xərçəngi riskini 63% azaltmağa nail ola bilir”, - Zülfüqarova deyib.

 

O, bir neçə gün əvvəl Moskvada keçirilən, "Новый Уровень" adlı beynəlxalq tədbirin nəticələri ilə bağlı təəssüratlarını da bölüşüb: “Mövzu ana südünün dəyərinin artırılması yolları, əmizdirmə məsləhətçiləri üçün yeniliklərin bəyan olunması idi. İki günlük konfransda, həmçinin spikerlər arasında ana südünə aid kitabların müəllifləri, səriştəli laktasiya məsləhətçiləri və xaricdən dəvət olunmuş ekspertlər ana südü sahəsində təqdimatlar etdilər”.

Raminə Eyvazqızı