Qardaş ölkə müşahidələri: Sevinclə məyusluq arasında var-gəl

Cəmiyyət

15.10.2019 - 12:59

Hər yerdə eşitdiyim bir cümlə oldu: “Türkiyəmiz güclüdür və bizi kimsə təhdid edə bilməz”

 

Türkiyənin Burdur və Dənizli Universitetlərində Hatem Cabbarlının rəhbəri olduğu Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə 8-12 oktyabr tarixlərində təşkil olunan konfranslarda iştirak etdim. Hər iki konfransın mövzusu Ermənistanın işğal siyasəti ilə bağlı idi. Mənim məruzəm sırf Dağlıq Qarabağ münaqişəsinə və bunun bölgəyə təsirinə həsr olunmuşdu. Məruzəmdə bölgədə marağı olan dövlətlərin münaqişəyə baxışları da yer almışdı.

 

Toplantıya Türkiyənin erməni məsələsini araşdıran tanınmış mütəxəssiləri də dəvət olunmuşdu. Türkiyənin regional siyasəti barədə maraqlı məruzələr dinlədim. Fərəhləndirici haldır ki, çıxış etdiyimiz zallar dolu idi, müəllim və tələbələr məruzələrimizi diqqətlə dinlədilər.

 

Ancaq təəssüf etdiyim hal da oldu. Bu iki universitetdə Azərbaycanın dərdinə aid olan konfranslarda yalnız Spartadan bir tələbəmiz Şahməran Mahmudov qatıldı. Burdur və özəlliklə də Dənizlidə çoxsaylı gənclərimizin təhsil almasına baxmayaraq konfransımıza gəlmədilər. Türkiyədə təhsil dalınca gedən bir qrup tələbəmizin heç nəyə maraq göstərmədiyini mənə söhbət etdiyim yerli müəllimlər də dedilər. Məyus oldum.

Elxan Şahinoğlu, politoloq