Milli Məclisin payız sessiyası sükutla başladı - İlk iclasda Xankəndi barədə təkliflər səsləndirilib

Aktual

02.10.2023 - 14:08

Deputatlar lokal antiterror tədbirlərini qiymətləndiriblər: Prezidentə və orduya təşəkkürlər edildi

Bu gün Milli Məclisin payız sessiyası başlayıb. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən ilk plenar iclasın gündəliyinə 18 məsələ daxil edilib. Qanun layihələrinin müzakirəsindən əvvəl deputatlar gündəmin mövzuları ilə bağlı fikirlərini bildirib, təkliflər səsləndiriblər.

Spiker: “Azərbaycanla Ermənistan arasında sülhün yaranması daha yaxın və realdır”

Milli Məclis sədri S.Qafarova sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda başlatdığı və bir gün davam edən lokal antiterror tədbirlərindən danışıb və bildirib ki, tədbirlərlə Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları, eləcə də xunta rejimi darmadağın edilib: “Bununla da Azərbaycanın suverenliyi bütün ərazisində bərpa olundu. Xalqımıza bu sevinci yaşadan Prezident, Ali Baş Komandan İlham Əliyevə, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edirəm”.

Spikerin təklifi ilə iclasda Birinci və İkinci Qarabağ müharibələri zamanı, Qarabağdakı antiterror tədbirləri zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“İndi demək olar ki, Azərbaycanla Ermənistan arasında sülhün yaranması daha yaxın və realdır. Cənubi Qafqazda sülh və sabitlik elə də uzaq deyil. Bizə xor baxanlar, torpaqlarımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç zaman unutmasın ki, “Dəmir yumruq” yerindədir”, - Qafarova əlavə edib.

“Artıq rayonlarımızın işğal günlərini deyil, azad olunma günlərini qeyd edirik”

“Son hərbi tədbirlərlə Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi, Vətən övladlarının qəhrəmanlığı nəticəsində 30 illik işğala son qoydu. Bu gün biz artıq rayonlarımızın işğal günlərini deyil, azad olunma günlərini qeyd edirik”, - deyən deputat Ceyhun Məmmədov vurğulayıb ki, azərbaycanlılar Ermənistan ərazisindən 30 il əvvəl didərgin salınıblar: “Mən və mənim kimi 1 milyon insan barbarcasına öz doğma torpaqlarından didərgin salınıb. 1990-cı illərin əvvəllərində ölkəmiz çox ağır durumda idi. Bir tərəfdən torpaqlarımız işğal olunur, digər tərəfdən vətəndaş müharibəsi ilə üz-üzə qalmışdıq. İnsanlar ümidsiz və çarəsiz durumda idilər. Ermənilər yolu bağlayaraq insanların xilas olmasına mane olmağa çalışdılar. İnsanlar Arazı keçərək xilas oldular. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur.

"3 il bundan əvvəl Zəngilan işğaldan azad olundu. Bu gün Zəngilanda hava limanı, Konqres mərkəzi, məktəb və bağça fəaliyyət göstərir. Bu gün Zəngilan şəhərsalma ilə bağlı beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edir. Bu gün nəinki Zəngilan, bütün işğaldan azad olunmuş rayonlar, Cəbrayıl, Qubadlı, Füzuli, Ağdam, Şuşada da sürətli quruculuq və abadlıq işləri həyata keçirilir. Bütün bunlar onu söyləməyə əsas verir ki, tezliklə cənab Prezidentin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək”, - C.Məmmədov söyləyib.

Deputatdan xəbərdarlıq: “Revanşist qüvvələr və onların havadarları Azərbaycana qarşı fəaliyyətlərini dayandırmayacaqlar”

Xankəndinin deputatı Tural Gəncəliyev çıxışında deyib ki, lokal antiterror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib: “Lakin görünən odur ki, Ermənistandakı revanşist qüvvələr və onların havadarları Azərbaycana qarşı fəaliyyətlərini dayandırmayacaqlar. Hesab edirəm ki, bu gün informasiya müharibəsində ayıq-sayıq olmaq lazımdır. Çünki müxtəlif platformalardan hücumlar davam edəcək. Bu yaxınlarda Kolifornayada radikal emrəni qruplarının üzvləri Azərbaycanın və Türkiyənin səfirliyinə hücum ediblər. Eyni halların Avropada yerləşən səfirliklərimizə olacağı ehtimalını görürük. Odur ki, bu məsələlərdə ayıq-sayıq olmaqda fayda var”.

“Qərbi azərbaycanlılar Ermənistan vətəndaşlığı üçün müraciət etsinlər”

Millət vəkili Fazil Mustafa isə çıxışında təklif edib ki, Azərbaycan təqvimindən matəm günləri çıxarılmalıdır: “Qalib dövlətin tarixində sadəcə qələbə günləri olmalıdır. Azərbaycan tarixinə baxsaq, 20-ə yaxın gündə matəm günləri var. Düşünürəm ki, biz bu günlərə baxmalı və çıxarmalıyıq”.

Deputatın daha bir təklifi isə Qərbi Azərbaycanla bağlı olub. F.Mustafa qeyd edib ki, Qərbi Azərbaycandan olan azərbaycanlılar Ermənistan vətəndaşlığı üçün müraciət etməlidirlər: “Azərbaycan Konstitusiyasına görə, Azərbaycan torpağında doğulan şəxslər ölkənin vətəndaşı sayılır. Bununla bağlı onlar müraciət etməlidirlər. Bundan başqa, 300 minə yaxın soydaşımız Ermənistandan qaçqın düşüb. Buna görə də Qərbi Azərbaycandan olan soydaşlarımız Ermənistan vətəndaşı üçün müraciət etməlidirlər. Bu, bizim diplomatiyamızda uğurlu addım ola bilər. Ümid edirik ki, bundan sonra yeni dövr başlayar”.

“Separatizm və qarşıdurma “minası” tam olaraq zərərsizləşdirildi”

“19-20 sentyabrda baş verən hadisə, Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri və bu tədbirlər nəticəsində ərazimizdə olan qanunsuz hərbi birləşmələrin təslim olması, sentyabrın 28-də isə Qarabağda yaradılmış qondarma rejimin özünü buraxmağa məcbur edilməsi təkcə ayın və ya ilin deyil, son 200 ilin ən mühüm tarixi hadisəsi oldu. Bununla da, ölkəmizə qarşı oynanılan 200 illik oyun bitirildi, Qarabağda basdırılmış separatizm və qarşıdurma “minası” tam olaraq zərərsizləşdirildi, dünya erməniliyinin birlik və ideoloji “qalası” çökdürüldü, Cənubi Qafqazı “qan gölü”nə çevirən, 18400 azərbaycanlının həyatına bais olan “terror yuvası” darmadağın edildi”. Bu sözləri isə deputat Azay Quliyev səsləndirib.

Millət vəkili xatırladıb ki, dünya erməniliyinin 1923-cü ildən bəri Qarabağı zorla Azərbaycandan qoparmaq üçün başlatdığı siyasi, ideoloji və informasiya müharibəsi tamamilə iflasa uğrayıb: “Bəşəriyyət xəstə “Miatsum” ideologiyasından və təfəkküründən birdəfəlik canını qurtardı. Əminəm ki, gözümüzün qarşısında yazılan bu qəhrəmanlıq səlnaməsinin müəllifinə, Cənubi Qafqazın, Mərkəzi Asiyanın və Şərqi Avropanın gələcəyini dəyişən, bu coğrafiyada yeni geosiyasi reallıqlar formalaşdıran, dünyada separatizmin və işğalın kökünü kəsməyin müasir modelini yaradan- cənab İlham Əliyevə indiki və gələcək nəsil daim minnətdar olacaqdır”.

“Onlar dövlətimizin suverenliyini qəbul etmədikləri üçün Qarabağı tərk edirlər”

“Qarabağın erməni sakinlərinin Azərbaycanın konstitusion quruluşu və qanunları çərçivəsində qalıb yaşamaları üçün ən ali səviyyədə zəmanət verilib. Kim Azərbaycanın vətəndaşlığını qəbul edib, qanunlarına hörmət edərək yaşamaq istəyirsə, hökumətimiz onlar üçün hər cür şərait yaradacaq. Amma görünən odur ki, separatizm və bölücülük xəstəliyinə tutulmuşlar heç də Azərbaycanın bu dəyərli jestini qəbul etmək fikrində deyillər. Onlar dövlətimizin suverenliyini qəbul etmədikləri üçün Qarabağı tərk edirlər. Əlbəttə, bu onların seçimidir və bu seçimə müdaxilə etmək doğru olmaz. Lakin uğardıqları tarixi məğlubiyyətlə barışmaq istəməyən Ermənistan və onun havadarları, o cümlədən BBC, CNN, DW, France 24, Sky news, NBS news və s. kimi beynəlxalq media qurumları Azərbaycana qarşı yalan və  böhtan kampaniyasına başlayıblar, mövcud reallıqları və həqiqətləri qəsdən təhrif edərək könüllü olaraq Qarabağı tərk edənlərin  guya “etnik təmizləmə” yə məruz qalmaları haqqında cəfəng fikirlər səsləndirirlər”, - deyə millət vəkili qeyd edib.

A.Quliyev əlavə edib ki, bu iftiralarla bağlı dəlil, sübut və faktlar yoxdur: “Əgər Azərbaycan tərəfindən ermənilərə qarşı hər hansı bir zorakılıq halı baş versəydi, onu dərhal şişirdərək bütün dünyaya car çəkərdilər. Yoxdu belə bir fakt, xüsusilə, nəzərə alsaq ki, indiki texnologiyanın inkişaf etidiyi bir şəraitdə, hər adamın əlində kameralı telefonun olduğu bir vaxtda belə faktlar olsaydı, ermənilər çox asanlıqla onları çəkib hər kəsə nümayiş elətdirərdilər. Ancaq belə bir görüntüyə heç kim rast gəlməyib, çünki belə bir hal olmayıb. Oktyabrın 1-də isə Azərbaycan BMT-nin Bakıdakı rezident əlaqələndiricisinin rəhbərliyi ilə BMT-nin müxtəlif strukturlarının nümayəndələrini Xankəndiyə dəvət edib. Bu bir daha Azərbaycanın özünə, sözünə və əməlinə arxayın olmasından xəbər verir. Ümid edirik ki, BMT rəsmiləri real vəziyyəti yerində araşdırıb obyektiv hesabat hazırlayacaq və bununla da, “etnik təmizləmə” haqqında şouya birdəfləlik son qoyulacaq”.

Millət vəkili: “Azad olmuş ərazilərdə yerli özünüidaretmə sisteminin tətbiqi formaları barədə qərar verilməlidir”

Deputat Siyavuş Novruzov çıxışında bildirib ki, azad olmuş ərazilərdə yerli özünüidaretmə sisteminin tətbiqi formaları fikirləşilməlidir, qərar verilməlidir. Millət vəkili xatırladıb ki, azad olunmuş ərazilərdə artıq kəndlər birləşdirilir: “Xocalıda, Ağdərədə bələdiyyə sisteminin formalaşması üçün biz qanunvericilikdə dəyişiklik etməliyik. Bizdə idarəetmədə icra hakimiyyəti və Prezidentin xüsusi nümayəndəliyi var. Hesab edirəm ki, bunun effektivliyi ortaya çıxandan sonra ikisindən birini seçməliyik”.

“Bələdiyyələrlə bağlı 28-ə qədər qanuna dəyişikliklər qəbul edilib. Bunu artıq Məcəllə şəklində qəbul etməliyik. Qarşıdan seçkilər gəlir, seçkilərə qədər bələdiyyələrlə bağlı qanunvericiliyə dəyişiklik zəruridir. Çünki bəzi müddəalar artıq qüvvədən düşüb. Biz bələdiyyələrlə bağlı qanunvericiliyi qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanuna uyğunlaşdırmalıyıq”.

“Ermənistandan qovulmuş azərbaycanlılar Xankəndiyə köçürülsünlər”

Deputat Qüdrət Həsənquliyevin təklifi isə bu olub ki, Ermənistan ərazisindən qovulmuş azərbaycanlılar Xankəndiyə köçürülsünlər: “Düşünürəm ki, Ermənistan ərazisindən qovulmuş soydaşlarımızı Xankəndi və digər yaşayış məntəqələrinə köçürməliyik. Uca Tanrı xalqımızın dualarını eşitdi, Prezident İlham Əliyevə kömək oldu ki, onun Ali Baş Komandanlığı ilə Azərbaycan silahlı qüvvələri müttəfiqlərimizin də siyasi mənəvi dəstəyi ilə 35 il işğal altında qalan torpaqlarımızı azad etdi, ilahə ədalət öz yerini tutdu. Allah xalqımızın qarğış və lənətlərini bizə çox acılar yaşatmış erməni separatçılarının üzərinə yönəltdi ki, onlar Azərbaycandan köçmək qərarına gəldilər. Çünki gözlərimizə baxmağa üzləri yoxdur. Azərbaycan bu günlərdə öz tarixinin ən şanlı səhifələrini yazır, xalqımız özünün ən qürurlu günlərini yaşayır. Qələbəmizdə payı olan hər kəsə, partiyamız və seçicilərim adından dərin minnətdarlığımı bildirməklə yanaşı onu da özümə borc bilirəm. Biz, bu günkü Ermənistan ərazisindən acımasızcasına, işgəncələrə məruz qoyularaq, təhqir olunaraq qovulmuş soydaşlarımızı Qarabağı tərk etmiş, Azərbaycan vətəndaşlığını qəbul etməyən separatçıların yaşadığı Xankəndi və digər yaşayış məntəqələrinə köçürməliyik. Həm də bunu bacardıqca tez etməliyik”.

“Bir milyon azərbaycanlı qaçqını ermənilərin dağıtdığı şəhər və kəndlərimizi görməyən ermənipərəst dairələrə isə üzümü tutub deyirəm ki, bir gün bu ədalətsizliyinizə görə, bir gün sizlər də bu gün müdafiə etdiyiniz separatçılar kimi Allahın lənəti ilə üzləşib qəzəbinə gələcəksiniz”, - deyə Həsənquliyev vurğulayıb.

Deputatların çıxış və təkliflərindən sonra iclasda gündəliyə çıxarılan qanun layihələrinin müzakirəsinə başlanılıb.

Müəllif: Anar Bayramoğlu