Milli Məclisdə İrana sərt tənqid və çağırışlar: “Casus və intriqa yuvası bağlanmalıdır”

Aktual

07.04.2023 - 13:50

Parlamentin iclasında İranın təhdidləri pislənildi: deputatlar cavab bəyanatı qəbul etdilər

Milli Məclisin bu gün keçirilən plenar iclasında İranın Azərbaycana qarşı təxribatçı siyasəti pislənilib. Deputatlar Tehran rejiminin təhrikçi siyasətinə cavab veriblər.

Milli Məclisin sədri Sahibə Qafarova İran Parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil olunduğunu xatırladıb və bildirib ki, qəbul olunan bəyanat saxta və uydurma ittihamlar üzərində qurulub.

Spiker: “Azərbaycanın suveren hüquqlarına qarışmağa heç kəsin ixtiyarı yoxdur”

“Təəssüf ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, xalqımızın əsrlər boyu yaratdığı sərvətləri vəhşicəsinə talan etmiş Ermənistana bir dəfə də olsun etiraz etməyən, hətta ona müxtəlif vasitələrlə dəstək verən İran bu gün Azərbaycanın İsrail dövlətində səfirliyinin açılmasından narahat olur. Hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və hansı ölkə ilə necə münasibətlər qurması onun daxili işidir”, - spiker əlavə edib.

S.Qafarova qeyd edib ki, Azərbaycanın suveren hüquqlarına qarışmağa heç kəsin ixtiyarı yoxdur: “Biz İran tərəfindən ölkəmizə qarşı irəli sürülmüş əsassız ittihamları qətiyyətlə rədd edirik. İran Parlamentini Azərbaycanla bağlı bu cür təbliğatlara son qoymağa çağırırıq”.

Milli Məclis sədri İran İslam Şurasının İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyən qərarına cavab olaraq bəyanat hazırlanmasını, bunun üçün komissiyanın yaradılmasını təklif edib. Təklif qəbul edilib və komissiyanın sədri Milli Məclis sədrinin müavini Fəzail İbrahimli seçilib. Deputatlar Zahid Oruc, Cavanşir Paşazadə, Rafael Hüseynov, Afət Həsənova, Kamran Bayramov isə komissiyanın üzvləri seçilib. S.Qafarova bəyanatın mətninin hazırlanması üçün tapşırıq verib.

“İran deputatları erməni canilərlə qucaqlaşıb öpüşməkdən ar etsinlər, utansınlar”

“Azərbaycan xalqı İranın bu mövqeyindən hiddətlənib”, - deyən deputat Bəxtiyar Əliyev bildirib ki, İran özünün ifşa olunduğunu görərək Azərbaycan səfirliyinə qarşı olan terrorda təqsirli bilinən şəxsi ruhi xəstə kimi qələmə verir: “Eyni zamanda, Azərbaycan Parlamentinin deputatı Fazil Mustafaya qarşı olan terrorun da izləri İrana gedib çıxır”.

Deputat Azər Badamov bildirib ki, İranlı parlamentarilərin qərarı onların sivil dünya dəyərlərindən uzaq olduğunu göstərir: "Əvvəlcə İran deputatları erməni canilərlə qucaqlaşıb öpüşməkdən ar etsinlər, utansınlar. Onların Azərbaycana qarşı riyakarlığı ortadadır. Bu ölkənin Azərbaycanın daxili işlərinə qarışmaq ixtiyarı yoxdur”.

Deputat Nizami Cəfərov isə qeyd edib ki, İran İsraillə bağlı Azərbaycanın siyasətinə qarışa bilməz: “İranda anlamalıdırlar ki, Azərbaycan müstəqil dövlətdir. Biz İsraildən ancaq dostluq, dəstək, İrandan isə ancaq xəyanət görmüşük”.

“Paşinyanı devirməyə cəhd edənlərdən biri də İran idi”

Deputat Zahid Oruc çıxışında qeyd edib ki, İran Azərbaycan heç vaxt “yaşıl bayraqlı” dövlətə çevrilməyəcək: “Əksinə, İran Azərbaycanla savaşdıqca daha çox azərbaycanlaşacaq. Məncə, İran tərəfi bunları nəzərə almalıdır. İran Parlamentinin ölkəmizə qarşı bəyanatı son 3 ildə dini və hərbi rəhbərliyin hücumuna bütün dövlət hakimiyyətinin qoşulması deməkdir. Bu gün İran-Azərbaycan münasibətləri 1991-93-cü illəri çıxsaq, ən aşağı səviyyəyə düşüb”.

“İndi İran Parlamenti İslam Əməkdaşlığı Təşkilatına müraciət edir ki, ölkəmizin İsraillə münasibətlərinə maneə olsun. Birincisi, məğlub Azərbaycan İran üçün təhlükəsiz idi. Çünki məğlub Azərbaycan onlara daha çox sərf edirdi. İkincisi, Zəngəzur dəhlizinin açılmasına Ermənistan razılıq vermişdi, iki dövlət təzyiq göstərəndən sonra imtina etdi. “Məni hansı aqibət gözləsə də sülh müqaviləsini imzlayacam” deyən Paşinyanı devirməyə cəhd edənlərdən biri də İran idi. Buna görə Tehran Paşinyana ultimatium verdi”, - deyə millət vəkili söyləyib.

Vitse-spiker: “İran böyük İslamdır, qalanları kiçik İslam?”

 “Mən anlamıram, Azərbaycanın İsraildə səfirliyinin açılması İranı niyə bu qədər narahat edir? Bu nə hiddətdir ki, parlament səviyyəsində Azərbaycana qarşı bəyanat hazırlanır. “Sənin Ermənistanla münasibətlərin necədir? Səfirliklərin, konsulluqların açılması İslam dünyasına zidd deyilmi? İran böyük İslamdır, qalanları kiçik İslam?”. Bu sözləri vitse spiker Fəzail İbrahimli səsləndirib.

F.İbrahimli bildirib ki, İran Parlamentinin bəyanatı riyakarlıqdır: “Bəlkə, onlar düşünürlər ki, bu bəyanat Azərbaycan parlamentində fikir ayrılığına səbəb ola bilər. Bu fikirləri unutsunlar. Buyursun İran, bu da Azərbaycan Parlamentinin cavabıdır. Nəzərə almaq lazımdır ki, İslam dünyasına ən böyük zərbəni vuran elə İranının özüdür”.

“Azərbaycan dövlətini təhdid etmək fars-molla rejiminin nə başı, nə əmmaməsi üçündür”

Deputat Musa Quliyev isə çıxışı zamanı təklif edib ki, İranın Bakıdakı səfirliyi bağlansın: “İran Parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasına eriraz bəyanatı qəbul etməsi heç bir siyasi və diplomatik etikaya sığmır. Son vaxtlar İrandakı fars molla rejiminin ölkəmizə qarşı təxribatçı və düşmənçilik hərəkətlərinin davamlı şəkil alması qonşuluq münasibətlərini heçə endirir. Tehrandakı səfirliyimiziə xain hücum, İran rəsmlərininin ölkəmizə qarşı söylədikləri arasıkəsilməz hədyanlar, İranın Ermənistanla münaqişənin həllində, xüsusi ilə Zəngəzur dəhlizi barəsində tutduğu destruktiv mövqe onu göstərir ki, bu dövlətin başında dayanan şovinist fars-molla rejimi xain və çirkin əməllərindən əl çəkmək niyyətində deyil”.

“İran rejiminin bu mövqeyi bizi dövlətlər arası münasibətlərimizə yenidən baxmağa məcbur edir. Maraqlıdır, İran siyasiləri fərqindədilərmi ki, ətraflarındakı heç bir müsəlman dövlətləri ilə dostluq münasibətləri yoxdur. 30 il ərzində İran Qarabağda müsəlman qəbirlərinin dağılmasına biganə qaldı, məscidlərin dağıdılmasına, Allahın evində donuz saxlayanlara etiraz səsini qaldırmadı”, - deyə deputat əlavə edib.

Millət vəkili xatırladıb ki, İranın Azərbaycandakı səfirliyinin dörd diplomatı casusluq fəaliyyətinə görə arzuolunmaz şəxs elan edilib: “Hesab edirəm ki, qalan əməkdaşları da rədd olub getməlidirlər. Eyni zamanda, səfirlik adlanan casus və intriqa yuvası bağlanmalıdır. Bununla yanaşı, terrorçu-təxribatçı şəbəkə daha geniş şəkildə ifşa edilməli, maliyyələşmə mənbələri, bütün əlaqələri, müxtəlif özəl və dövlət qurumlarına sızıntıları aşkarlanmalı və təhlükəsiz vəziyyətə gətirilməlidir”.

“İnanclı insanlarımızın radikallaşdırılmasına aparan bütün yollar bağlanmalıdır. İran siyasiləri anlamalıdırlar ki, demokratik hüquqi suveren Azərbaycan dövlətini təhdid etmək fars-molla rejiminin nə başı, nə əmmaməsi üçündür. Bunu birdəfəlik dərk etsələr, yaxşı olardı”, - M.Quliyev sərt reaksiya verib.

Milli Məclisdən İrana Parlamentinə cavab bəyanatı: “İrandan ölkəmizi hədəf alan iddialardan çəkinməyi tələb edirik”

Daha sonra Milli Məclis İran İslam Şurasının İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyən qərarına cavab olaraq bəyanat yayıb. Deputat Kamran Bayramovun səsləndirdiyi bəyanatda deyilir: “Azərbaycan Milli Məclisi İran Parlamentinin bu bəyanatını Azərbaycan dövlətinin daxili işlərinə qarışmaq kimi qəbul edir. Bu, İran tərəfindən atılmış növbəti təxribat xarakterli addımdır. İran Silahlı Qüvvələrinin sərhəddə təlim keçməsi, Tehranda səfirliyimizə hücum, Qafanda konsulluğun açılması və s. göstərir ki, İranın niyyəti fərqlidir. Bu kimi addımlar ciddi narahatlıq doğurur. İranın İsraildə səfirliyimizin açılmasına qarşı əsassız iddiaları qəbul edilməzdir. Qeyd edilməlidir ki, İsraildə Türkiyə, Misir, Albaniya, İordaniya kimi müsəlman ölkələrinin səfirlikləri fəaliyyət göstərir. İrandan ölkəmizi hədəf alan iddialardan çəkinməyi tələb edirik”.

Müəllif: Anar Bayramoğlu