Monoetnik Ermənistandan multikultural Azərbaycana qarşı <font color=red> UCUZ TƏXRİBAT</font>

Aktual

29.09.2020 - 15:35

“Azərbaycanda etnik azlıq söhbəti yoxdur, Azərbaycan vətəndaşı var”

 

Sentyabrın 27-si səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Buna qarşılıq olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatına başladı və bir sıra yaşayış məntəqələrimiz, strateji yüksəkliklər işğaldan azad edildi.

 

Bu ərəfədə düşmən növbəti təxribata əl atdı. Onların yaydığı təxribat xarakterli məlumatlara görə, guya, Azərbaycanda etnik azlıqlar qəsdən cəbhənin ön xəttinə göndərilir. Bu dezinformasiyanın məqsədi, təbii ki, ölkəmizdə daxili qarışıqlıq yaratmaq idi. Lakin təxribat hədəfinə çatmadı.

 

Bu xəbərlərin ardınca Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti açıqlama yaydı ki, tolerant və multikultural dəyərlərə malik Azərbaycan Respublikasında bütün millətlərin nümayəndələri mehriban, dostluq və əmin-amanlıq şəraitində yaşayır: “Erməni mənfurları informasiya agentlikləri və sosial şəbəkələrdə təxribat xarakterli məlumatlar yayaraq Azərbaycan Silahlı Qüvvələrinin uğurlu döyüş əməliyyatlarına kölgə salmağa çalışırlar. Ölkədə yaşayan azsaylı xalqların nümayəndələrinin məcburi qaydada cəbhə bölgəsinə göndərilməsi kimi həqiqətə uyğun olmayan absurd və böhtan xarakterli məlumatların heç bir əsası yoxdur və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu cür dezinformasiyaları qətiyyətlə təkzib edir”.

Polkovnik Şair Ramaldanov: Azərbaycan Ordusunun layiqli cavabı nəticəsində  düşmənin itkiləri daha çoxdur - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik, ləzgi əsilli Şair Ramaldanov da AYNA-ya açıqlamasında sözügedən dezinformasiyanı əsassız adlandırıb: “Azərbaycanda etnik azlıq söhbəti yoxdur, Azərbaycan vətəndaşı var. Və cinsindən, irqindən, millətindən asılı olmayaraq, hamısı  Azərbaycanı - Vətənini qorumağa hazırdır. Birinci Dağlıq Qarabağ müharibəsi də göstərdi ki, bizim içimizdə ləzgi də, yəhudi də, talış da, digərləri də eyni amal uğrunda savaşdı, şəhid və qazi oldu”.

 

“Yəni, Azərbaycan bizim Vətənimizdir və biz Azərbaycanımızın təhlükəsizliyini təmin etmək üçün canımızı da verməyə hazırıq. Bu sözlər yalnız mənim sözüm deyil, hamımızın, bütün Azərbaycanın sözüdür. Biz burada heç vaxt ayrı-seçkiliyə yol vermirik.  Ona görə də bu, Ermənistanın sadəcə təbliğatı və təxribatıdır. Bu, ermənilər tərəfindən ortaya atılan ilk təxribat deyil. Düşünürəm ki, onlar dediklərinə heç özləri də inanmırlar”, - Ramaldanov bildirib.

 

Milli Məclisin deputatı, Qubadan olan Vahid Əhmədov da AYNA-ya açıqlamasında, yayılan məlumatları təxribat kimi qiymətləndirib: “Elə bir şey yoxdur. Səfərbərliyi dövlət başçısı elan edib. Hərbi vəziyyət haqqında sərəncam imzalanıb. Milli Məclisdə bu qərara baxılıb və təsdiqlənib. Qanuna uyğun olaraq tədbirlər həyata keçirilir. Və cəbhədə ciddi müharibə gedir. Faktiki olaraq Azərbaycan anti-terror əməliyyatı həyata keçirərək öz torpaqlarını azad etmək istəyir. Burda heç bir başqa məsələdən söhbət açmaq olmaz”.

Vahid Əhmədov: “İslahatın məgər buynuzu olur?”

“Könüllülər də kifayət qədər çoxdur. Bu gün Quba zonasında olmuşam. Orada da komissarlığa müraciət edənlərin sayı kifayət qədər çoxdur. Hətta, nəinki ölkə daxilində, Azərbaycandan kənarda da yaşayan azərbaycanlılar könüllü şəkildə səfərbər olub, müharibəyə getmək istəyirlər. Yəni, Azərbaycanda çox böyük ruh yüksəkliyi var. Burada heç bir məcburiyyətdən söhbət belə, gedə bilməz. Uşaqdan tutmuş böyüyə qədər hər müharibədə iştirak edib, öz torpağını azad etmək istəyir”, - deputat vurğulayıb.

 

Əhmədovun sözlərinə görə, sözügedən məlumat ermənilərin uydurduğu yalanların növbətisidir: “Belə bir şey yoxdur. Azərbaycanda, ümumiyyətlə etnik söhbəti yoxdur və burada hər bir azərbaycanlı demək olar ki, etnik mənsubiyyətindən asılı olmayaraq, müharibədə iştirak etmək istəyir. Azərbaycan əhalisinin yüz faizi də Azərbaycanda müharibənin tərəfdarıdır, öz torpaqlarının azad edilməsinin tərəfdarıdır. İstər yaşlısı, istərsə də cavanı - hamısı müharibədə iştirak etməyə hazırdı”.

Müəllif: Ülviyyə Şahin