Asif Nərimanlı: “Paşinyan öncə daxili güc balansını formalaşdırmaq, daha sonra hökuməti qurmaq istəyir ki, Azərbaycanla danışıqlara “əligüclü” getsin”
Bu il iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri baş tutdu. Seçkilərdə hazırda ölkənin Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş razılaşması” Partiyası qalib gəldi. Nikolun partiyası seçkilərdə 53,92 faiz səs toplayaraq, əsas rəqibi, Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın lideri olduğu “Ermənistan” blokunu məğlub etdi
Qeyd edək ki, “Ermənistan” bloku 21.04 faiz səslə ikincilik, sabiq Prezident Serj Sarqsyanın rəhbərliyində təmsil olunduğu “Şərəfim var” bloku 5.23faizlə üçüncü oldu. Növbəti sırada “Çiçəklənən Ermənistan” Partiyası və “Respublika” Partiyası qərarlaşdı. Ümumilikdə isə erkən parlament seçkilərində 25 siyasi qüvvə - 21 partiya və 4 blok iştirak edirdi.
Növbədənkənar seçkilərdən 40 gündən çox zaman keçməsinə baxmayaraq, Paşinyan hələ də hökuməti formalaşdırmayıb. Nazirlər Kabinetinin formalaşdırılmasının yubanmasını siyasi ekspertlər bir sıra məsələlərlə izah edirlər. Analitiklər bildirirlər ki, İkinci Qarabağ müharibəsində məğlub olan ölkənin rəhbəri tələsməməklə cəmiyyətin narazı kəsiminin etirazını səngitmək istəyir. Eyni zamanda, o da vurğulanır ki, Nikol Azərbaycanla yekun sülh müqaviləsinin imzalanmasını hökuməti formalaşdırmamaqla ləngitmək niyyətindədir.
Yeri əlmişkən, dünən Ermənistanın yeni seçilmiş parlamentinin ilk iclası keçirilib. İclasda Paşinyanın Baş nazir postuna namizədliyi irəli sürülüb və təsdiqlənib. Erməni mediasının məlumatına görə, Prezident Armen Sarkisyan Paşinyanın Baş nazir təyin olunması barədə fərman imzalayıb.
Prosesi AYNA-ya şərh edən siyasi icmalçı Asif Nərimanlı hesab edir ki, Paşinyanın seçkilərdən bir aydan çox vaxt keçməsinə, parlamentin fəaliyyətə başlamasına baxmayaraq, hökuməti hələ də formalaşdırmamasının həm daxili səbəbləri var, həm də bunun Azərbaycanla imzalanacaq müqavilələrdən qaynaqlandığı istisna deyil.
Analitik xatırladıb ki, parlament fəaliyyətə başlasa da, spiker və köməkçilərinin, eləcə də komissiya sədrlərinin müəyyənləşməsi prosesi gedir: “Spiker seçkidə qalib gələn “Vətəndaş razılaşması” Partiyasından olsa da, müavinlərindən biri, o cümlədən, üç komissiya sədri müxalifətdən olmalıdır. Hakim partiya vitse-spiker postuna Köçəryanın “Ermənistan” blokundan yox, Sarqsyanın “Şərəfim var” blokundan namizədin irəli sürülməsinə çalışır. Hətta bunun üçün gizli danışıqların getdiyi məlumatları da var”.
“Bununla yanaşı, müxalifət iki bələdiyyə sədrinin onların namizədinin olmasını istəyir. “Ermənistan” bloku Mehri, “Şərəfim var” bloku Sisiyanın bələdiyyə sədri postunu götürmək niyyətindədir və Ermənistan Parlamentinin iclasında bu məsələnin qaldırılacağı gözlənilir. Ermənistan daxilindəki proseslər göstərir ki, Paşinyan kartları müəyyənləşdirmədən hökuməti qurmaq istəmir. Hakim partiya çalışır ki, müxalifət parlamentdə daha az təsiri olan postları tutsun və hökumət formalaşdırıldıqdan sonra atılacaq addımlara, xüsusilə Azərbaycanla mümkün müqavilələrin imzalanmasına problemlər yaradılmasın”, - deyə Nərimanlı vurğulayıb.
Müsahibimizin sözlərinə görə, Paşinyanın Azərbaycanla müqavilələr imzalamağa hazırlaşdığı fikrini gücləndirən iki fakt diqqət çəkir: “Birincisi, Ermənistan Parlamentinin Cinayət Məcəlləsinə “siyasətçilərin təhqir edilməsinə görə həbs cəzası” nəzərdə tutan dəyişikliyi qəbul etməsidir. Dəyişikliyə görə, sosial şəbəkədə, yaxud ictimai yerlərdə təhqirə yol verənlər 140 dollar cərimə ediləcək, təhqirlər davam edəcəksə, bir aydan üç aya qədər həbs cəzası alacaq. 44 günlük müharibədən sonra Paşinyan və komandası ağır təhqirlərə, hücumlara məruz qalmışdı. İlk baxışdan görünən budur ki, hakim partiya təcrübədən çıxış edərək, belə halların yaşanmasının qarşısını alır. Amma bunun indi edilməsi Paşinyanın yeni təhqir dalğası ilə üzləşə biləcəyindən də irəli gəlir və bu, məhz Azərbaycanla yeni müqavilə imzalanacağı təqdirdə ola bilər. Ermənistanda hökumət formalaşdırıldıqdan sonra Moskvada üçtərəfli görüşün keçiriləcəyi və ən azından sərhəd müqaviləsinin gündəmdə olacağı gözləniləndir. Görünür, hakim partiya hökuməti formalaşdırmazdan öncə önləyici tədbirlər görür”.
“İkincisi, müxalifətin Mehri və Sisiyan bələdiyyələrini istəməsidir. Bu, müxalifətin Mehridən keçəcək Zəngəzur dəhlizinə və Qaragöl istiqamətində sərhədlərin delimitasiya prosesinə maneələr törətmək, tutmaq istədikləri bələdiyyə sədri postu vasitəsilə hakimiyyətə təzyiq etmək planından xəbər verir. Mümkündür ki, müxalifət hakim partiyanın yeni müqaviləyə hazırlaşdığından xəbərdardır”, - siyasi şərhçi əlavə edib.
Analitikin sözlərinə görə, Ermənistanın daxilindəki vəziyyət fonunda hesab etmək olar ki, Paşinyan öncə daxili güc balansı müəyyən etmək, daha sonra hökuməti formalaşdırmaq istəyir: “Və hökuməti formalaşdırdıqdan sonra Azərbaycanla müqavilə imzalayacağı təqdirdə, yarana biləcək problemlərə qarşı öncədən tədbirlər görür. Bununla yanaşı, Paşinyanın Moskvada qurulacaq mümkün masaya əyləşməzdən öncə əlini gücləndirmək planının olduğu da istisna deyil. Sərhəd boyunca təxribatlar da Moskvanın dəstəyini qazanmağa hesablanıb:
1. Təxribatları genişləndirməklə Qərbin diqqətini bura çəkir və Rusiyanın qarşısına “alternativ” vasitəçilər çıxarır;
2. Toqquşmalar gücləndikcə KTMT-nin öhdəliyini gündəmə gətirir və öhdəliyin yerinə yetirilməməsinə qarşılıq Rusiyadan dəstək istəyir;
3. Moskvada mümkün görüşə qədər rus qoşunlarının bölgəyə gəlməsinə nail olmaq və masada rusları tərəf etmək istəyir;
4. Bu gedişlər nəticə verməsə belə, müqaviləyə imza atanda Ermənistan cəmiyyətinə “Sərhədi qorumaq uğrunda mübarizə apardım, amma müttəfiqimiz Rusiyanın dəstək verməməsi bizi buna məcbur etdi” deyə biləcəyi vəziyyəti yaradacaq”.
“Fikrimcə, Moskvada mümkün görüşdə əsas gündəm yekun sülh müqaviləsindən daha çox, sərhəd müqaviləsinin imzalanması ola bilər və Paşinyan görüşə qədər əlini gücləndirmək istəyir. Hökuməti formalaşdırmaması da vaxt qazanmaq və istəklərinə nail olmağa hesablanıb - həm daxildə, həm də qurulacaq mümkün masada. İstisna deyil ki, Ermənistanın sərhəd boyunca təxribatları davamlı olaraq genişlənəcək”, - deyə Nərimanlı fikrini tamamlayıb.