Məişət zorakılığına qadınlardan çox kişilər məruz qalır - Parlamentdə MÜZAKİRƏ

Cəmiyyət

07.11.2024 - 20:06

Həkimlər Klinikalar SEO Xidməti

Milli Məclisin iclasında bir neçə qanuna dəyişiklik müzakirəyə çıxarılıb: deputatlar təkliflər səsləndiriblər

Milli Məclisin bu gün keçirilən iclasında 16 məsələ müzakirəyə çıxarılıb. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik təklifi müzakirə olunub. Təklifə əsasən müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduqlarına görə xaric edilən və ya müddətli həqiqi hərbi xidmət keçmiş şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndəriləcəklər. Layihəyə əsasən, həmin şəxslər hər dəfə iki ayadək müddətə on dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq hərbi təlim toplanışlarına çağırılacaqlar.

Layihəyə əsasən, həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanacaq və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılacaqlar.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, müvəffəqiyyətsizliyinə, oxumaq istəmədiklərinə (18 yaşı tamam olmayan xəstəliyə və ya ailə vəziyyətinə görə hərbi təhsil müəssisələrindən xaric edilən şəxslər istisna olmaqla), yaxud intizamsızlığa görə hərbi təhsil müəssisələrindən xaric edilən, hərbi təhsil müəssisəsinə daxil olana qədər müddətli həqiqi hərbi xidmətə çağırılmayan və yaxud çağırılan, ancaq müddətli həqiqi hərbi xidmətin müəyyən edilmiş müddətini keçməyən kursantlar müəyyən edilmiş müddətə müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

“Onların valideynlərinin şəhid statusu tələb etməsi düzgün deyil”

Toplantıda “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə edilib. Təklif edilir ki, minatəmizləmə zamanı həyatını itirən şəxslərə şəhid statusu verilsin.

Müzakirə zamanı deputat Siyavuş Novruzov ümumiyyətlə, şəhid statusunun verilməsi ilə bağlı deyib ki, avtomobil qəzasında ölən hərbçiyə şəhid statusunun verilməsi qanunvericiliyə uyğun deyil: “Şəhid adı döyüş vaxtı ən yüksək amallar uğrunda dünyasını dəyişmiş şəxslərə verilir. Amma çox vaxt müddətdən artıq xidmət keçmək haqqında hərbi müqavilə bağlamış və ya çağırış əsasında xidmət keçənlər hərbi formada avtomobil qəzasına düşəndə və ya günvurmadan dünyasını dəyişəndə onun valideynləri şəhid statusu tələb edirlər. Bu, düzgün deyil. Onlara şəhid statusu vermək olmur. Mən çağırış edirəm ki, bununla bağlı müraciətlər etməsinlər. Belə hallar qanunvericiliyimizə uyğun deyil". Müzakirələrdən sonra qanun ikinci oxunuşdan keçib.

“Qadınlar öləndə deyirlər ki, bu, Allahın işidir. Kişilər öləndə isə deyirlər ki, bu, qadının işidir”

İclasda “Məişət zorakılığının qarşısının alınması haqqında” qanununda dəyişiklik müzakirəyə çıxarılıb. Müzakirə zamanı deputat Qüdrət Həsənquliyev kişilərə qarşı zorakılıq hallarından danışıb. Millət vəkili bildirib ki, Azərbaycanda məişət zorakılığına qarşı ciddi mübarizə aparılır: “Deyirlər ki, daha çox qadınlar məişət zorakılığına məruz qalırlar. Mən deməzdim ki, məişət zorakılığına daha çox qadınlar məruz qalır. Mən müstəntiq işləmişəm. Bir çox hallarda bizim qadınlar ailədə dözülməz vəziyyət yaradırlar. Gənclər bir-birini tanımadan ailə qururlar. Nəzərə almırlar ki, aldıqları maaşla uşaq da dünyaya gələrsə, problemlərini necə həll edəcəklər? Maddi problemlər ailədə psixoloji gərginliyə yol açır. Sosial vəziyyət də məişət zorakılığını doğuran səbəblərdən biridir. Bu sahədə ciddi araşdırmalar aparmalıdır”.

“Bir çox ölkələrdə cinayət tərkibi olmadıqda şikayətlərə baxıldıqda məsələ qoyulur ki, həmin adam 10 seans psixoloq qəbulunda olsun, ya da onunla bağlı iş qaldırılsın. Bu kimi məişət zorakılığının baş verməsində əsas faktor mədəni səviyyə məsələsidir. Lakin sosial vəziyyət də az rol oynamır. Qadınlar bu cür zorakılıqla üzləşdikdə hüquq mühafizə orqanlarına müraciət etməsə də, anasına, ailə üzvünə deyirlər. Amma kişilər bu barədə danışmırlar. Bəlkə də kişilərin az yaşamasının səbəbi budur. Kişilər məişət zorakılığından daha çox əziyyət çəkirlər. Qadınlar öləndə deyirlər ki, bu, Allahın işidir. Kişilər öləndə isə deyirlər ki, bu, qadının işidir. Əlbəttə, bu, zarafatla deyilmiş atalar sözüdür”, - deyə Həsənquliyev vurğulayıb.

“Məişət zorakılığı hallarının araşdırılması, xüsusilə qısamüddətli mühafizə orderlərinin verilməsi mexanizmi yenidən işlənilməlidir”

“Məişət zorakılığı dünyada ən aktual problemlərdən biri hesab olunur. BMT və Dünya Səhiyyə Təşkilatının açıqladığı statistika göstərir ki, hər il dünyada qadınların ən azı üçdə biri müxtəlif formalarda məişət zorakılığına məruz qalır. Azərbaycanda bu istiqamətdə bir çox işlər görülsə də, məişət zorakılığının qarşısını almaq üçün qanunvericilik bazası davamlı olaraq təkmilləşdirilsə də, hələ də bu sahədə arzu olunan nəticəyə çatmaq mümkün olmayıb. Bu qanun layihəsi əsasən məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərin baxılma prosedurunun və qəbul olunacaq qərarların əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur və əlbəttə, bu dəyişikliklər dəstəklənməlidir. Lakin təcrübə göstərir ki, məişət zorakılığı hallarının araşdırılması, xüsusilə qısamüddətli mühafizə orderlərinin verilməsi mexanizmi yenidən işlənilməlidir”. Bu sözləri isə müzakirə zamanı deputat Azay Quliyev səsləndirib.  

Millət vəkili bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən, məişət zorakılığı barədə şikayətdə cinayət tərkibi olmadıqda şikayətlərin baxılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir: “Müraciət edilən andan 24 saat ərzində yerli icra hakimiyyəti zorakılığı törədən şəxsə xəbərdarlıq etməli və zərər çəkmiş şəxsə 60 gün müddətinə qısamüddətli mühafizə orderi verməlidir. Burada problem ondan ibarətdir ki, bir sıra hallarda qısamüddətli mühafizə orderi icra hakimiyyəti tərəfindən vaxtında verilmir. Bəzən bu müddət bir həftə, bir ay və ya daha çox olur. Hətta elə hallar olub ki, müraciət edən şəxsə “bu sahəyə baxan icra hakimiyyəti başçısının müavini məzuniyyətdədir, müraciətə baxa bilmirik” cavabı verilib. Ədalət naminə demək lazımdır ki, bu gecikmələr təkcə subyektiv deyil, həm də qanunvericilikdən irəli gələn obyektiv amillərlə bağlıdır. Çünki bu tip müraciətlərin baxılması və cavablandırılması mexanizmi çox mürəkkəb və qeyri-rasionaldır. Belə ki, qanunvericiliklə bu işin təşkili icra hakimiyyəti  başçısının müavininn rəhbərliyi ilə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara, qəyyumluq və himayə orqanlarına, təhsil və tibb müəssisələrinə və yardım mərkəzlərinə həvalə olunub. Belə bir mürəkkəb mexanizm heç şübhəsiz ki, operativ qərar qəbulu prosesinə mənfi təsir göstərir".

“2023-cü ildə boşanmalarla bağlı mövcud durum hamımızı ciddi düşündürməlidir”

“Yerli icra hakimiyyəti bu sahədə ixtisaslaşmış qurum olmadığından, məişət zorakılığına dair müraciətlərdə cinayət tərkibini dəqiq müəyyən etməkdə və ya qısamüddətli mühafizə orderinin tələblərinə əməl olunmasına effektiv nəzarət etməkdə çətinlik çəkirlər, başqa sözlə, bu iş onlar üçün əlavə yükə çevrilir. Nəticədə verilmiş qısamüddətli mühafizə orderlərinin sayı ilə daxil olan şikayətlər arasında çox böyük qeyri-mütənasiblik yaranır. Məsələn, 2023-cü ildə Daxili İşlər Nazirliyinə məişət zorakılığı ilə bağlı 9389,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 521, qeyri-dövlət yardım mərkəzlərinə isə 12000-dən çox müraciət daxil olmuşdur. Bu məlumatları ümumiləşdirsək, görərik ki,  keçən il təxminən 22 minə yaxın məişət zorakılığı hadisəsi baş verməsinə baxmayaraq cəmi 180 qısamüddətli mühafizə orderi verilib. 2023-cü ildə DİN-ə məişət zorakılığı ilə əlaqədar daxil olan müraciətlərdən 1236-sı qəsdən sağlamlığa yüngül,  88-i az ağır, 49-u ağır zərər vurma, 62-si qəsdən adam öldürmə, 18-i adam öldürməyə cəhd və digər cinayətlərdən ibarət olmuşdur. Bu orderlər vaxtında verilsəydi, bəlkə də, ölümlə və digər ciddi fəsadlarla nəticələnən bir çox hadisələrin qarşısını almaq mümkün olardı. Ona görə də təklif edirəm ki, dünya praktikasına uyğun olaraq, qısamüddətli mühafizə orderlərinin verilməsi səlahiyyəti dəyişdirilərək polis orqanlarına verilsin. Bu, həm orderlərin verilməsində operativliyi, həm də zərərçəkmişlərin müdafiəsini və orderin tələblərinin yerinə yetirilməsini daha etibarlı şəkildə təmin edər. Bundan başqa, məişət zorakılığından zərərçəkmiş şəxslərin uzunmüddətli mühafizə orderi almaq üçün məhkəməyə müraciət etdikdə onların dövlət rüsumundan azad olunmasını təklif edirəm. Daha bir məsələyə də toxunmaq istərdim. Heç kimə sirr deyil ki, məişət zorakılığı cəmiyyətdə aqressiv meylləri artırmaqla yanaşı, ailələrin dağılmasına, boşanmaların artmasına, zorakılıq mühitində böyüyən uşaqların mənəvi və psixoloji durumunun pozulmasına səbəb olur. Bu baxımdan, 2023-cü ildə boşanmalarla bağlı mövcud durum hamımızı ciddi düşündürməlidir. Belə ki, keçən il nigahların sayı 54200 olduğu halda, boşanmaların sayı 21688 olmuşdur. Bu rəqəm boşanma  əmsalının yeni qurulan ailələrlə müqayisədə 40 faizi, az qala yarısı deməkdir”, - A.Quliyev vurğulayıb.

Deputatın sözlərinə görə, Ailə və Qadın Komitəsinin sorğusu onu göstərir ki, boşanmaların səbəbləri arasında məişət zorakılığı ikinci yerdədir: “Bu hal belə davam edərsə, gələcəkdə ölkəmizdə demoqrafik  problemlərin yaranmasına, ən əsası isə güvəndiyimiz ailə institutunun ciddi təhlükə ilə üz-üzə qalmasına səbəb ola bilər. Ona görə də hesab edirəm ki, məişət zorakılığına sadəcə ailə daxili münaqişə kimi baxılmamalı, bu sahədəki qanunvericilikdə olan boşluqlar aradan qaldırılmalı, dövlət qurumları ilə yanaşı ictimaiyyət də üzərinə düşəni etməlidir".

Qanun layihəsi müzakirədən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Müəllif: Anar Bayramoğlu