Xərçəngdən də ağır xəstəlik meydana çıxa bilər - <font color=red> SOS</font>

Cəmiyyət

25.07.2019 - 13:14

"Amerika ilə Rusiya arasında meteoroloji müharibə gedir deyə, hər iki ölkə suyun içində boğulur"

 

Yayın yarısını geridə qoymağımıza baxmayaraq, hələ də normal hava şəraiti qeydə alınmayıb. İsti ilə yanaşı əsən külək insanları, demək olar ki, dənizə həsrət qoyub. Necə ki, qışda qara həsrət qaldıq, indi də normal yay havasına həsrətik.

 

İllərdir, sanki yaz fəsli də sıradan çıxıb, qış geyimlərini birbaşa qısaqol köynəklərlə əvəz edirik. Payız da əvvəlki illərdəki kimi müşahidə olunmur. Yay ayaqqabılarından birbaşa çəkməyə keçirik, arada “tufli mövsümü” itib-batıb.

 

Ekoloq Telman Zeynalov AYNA-ya müsahibəsində iqlim dəyişikliklərinin səbəblərindən danışıb. Yarana biləcək təhlükələr barədə xəbərdarlıq edib.

 

- Telman müəllim, artıq neçə ildir, sanki 2 fəsil yaşayırıq. Qışdan yaya, yaydan qışa keçirik, elə bil, yazla payız aradan çıxıb. Bunun səbəbi nədir?

 

- Bunların səbəbi meteoroloji silahlardan istifadə edilməsidir. Dünyanın bir çox ölkəsində - Rusiyada, Amerikada, Çində, İngiltərədə, Kanadada, Fransada həmin silahlardan var və istifadə olunur. O vaxt Amerika Vyetnam ilə müharibədə həmin silahlardan istifadə elədi. Gecə-gündüz leysan yağışlar yağdırdı, təyyarələrlə sement tozu kimi elementləri səpərək bütün nəqliyyat yollarını bataqlığa çevirdi. Nəticədə Amerikanın öz qoşunları tələyə düşdü. Həmin şəraitdə hərəkət etməyi bacaran vyetnamlar isə qalib gəldilər. Həmçinin, Çernobıl hadisəsi. SSRİ-ni dağıtmaq, Ukraynanı, Belarusu Rusiyadan ayırmaq üçün oranı partlatdılar.

 

Yerin təkində hər hansı nüvə silahı sınaqdan keçirilsə, zəlzələ baş verir. 2000-ci ildə Azərbaycanda baş vermiş zəlzələ də süni yaradılmışdı. O vaxt bir azərbaycanlı mütəxəssis bu barədə Heydər Əliyevə məlumat vermişdi. Bildirmişdi ki, baş vermiş zəlzə süni yaradılıb. Çünki zəlzələ baş verməmişdən öncə xırda təkanlar qeydə alınır, ancaq o zaman cihazlar heç bir təkanı qeydə almamışdı.

 

- İqlim şəraiti də süni şəkildə dəyişdirilə bilərmi?

 

- Sözsüz ki, iqlimə də müdaxilə olunur. Amerika ilə Rusiya arasında meteoroloji müharibə gedir. Hər iki ölkə suyun içində boğulur. Biz də Rusiyaya qonşu olduğumuza görə, bu müharibənin zərərini görürük. İqlimi dəyişdirməklə əhalini pis vəziyyətə salırlar.

 

- Yəni, bunun təsiridir ki, qışda qar görmədik, indi də normal yay havası yoxdur?

 

- Bəli. Qərb ölkələrinin bəziləri Rusiyaya qarşı iqtisadi embarqo tətbiq etmək istəyir. Görürlər ki, bata bilmirlər, Rusiya özü əhalisini təmin edir, ona görə yağış göndərirlər, kənd təsərrüfatı sahələrini suyun altında qoymağa çalışırlar.

- Bəs, qlobal istiləşmə? Baş verənlər qlobal istiləşmə ilə əlaqəli deyil?

 

- Qlobal istiləşmə 2005-ci ildə bitdi. Belə bir məşhur deyim var, “doğru şalvarını geyinənə qədər, yalan iki dəfə dövrə vurub qayıdır”. İndi də yalan məlumatlar doğru kimi sırınır cəmiyyətə.

 

- Kənd təsərrüfatı məhsullarının da vaxtında yetişməməsinə səbəb meteoroloji müharibədir?

 

- Əlbəttə ki. Atmosferin troposfer dediyimiz alt qatı var. Troposferin yuxarı sərhəddi isə trapapauzadır. Trapapauzada olan külək axını atmosferdə olan külək axınından yüz-iki yüz dəfə sürətlidir. Meteoroloji silahlarla həmin küləyi iradə edirlər. Ona görə də indi belə vəziyyətə düşmüşük.

 

- Daha hansı təhlükələrlə üz-üzəyik. Həqiqətənmi dünya dağılmağa doğru gedir?

 

- Dünyanın dağılması barədə deyilənlər cəfəngiyyatdır. 2012-ci ildə dekabrın 21-i guya dünyanın sonu olacaqdı. Televiziyaya bir neçə ziyalı dəvət olunmuşdu, aparıcı sual verirdi ki, həqiqətənmi dünyanın sonu olacaq? Onlar da cavab verdilər ki, "bəli". Üstəlik hazırlıq gördüklərini də qeyd etdilər, bildirdilər ki, mağazalarda nə qədər konservləşdirimiş ərzaq məhsulları varsa, alıb, evə yığıblar. Elə bu cavabdan anlamaq olardı ki, deyilənlər kommersantların çirkin oyunu idi. Mağazalardakı satılmayan, yığılıb qalmış məhsulları bu üsulla satdılar, qazanc götürdülər. Təəssüflər ki, bəziləri belələrini ifşa etməkdənsə, təbliğ edir.

 

- Dünyada xərçəng tüğyan edir. Daha hansı xəstəliklər yarana bilər?

 

- Margelona xəstəliyinin yaranma təhlükəsi var. Margelona xərçəngin bir növüdür və çox təhlükəlidir, müalicəsi yoxdur. Bu xəstəlik zamanı bədəndə sağalmayan yaralar əmələ gəlir. Yəqin ki, ara-sıra səmada, təyyarə gedəndən sonra arxasında dağılmayan bulud yaratdığını görmüsünüz. Həmin bulud zəhərdir. Guya qlobal istiləşməyə qarşı mübarizə aparırlar, isti havanı dağıdırlar. O zəhər insanda dəhşəli xəstəliklər yaradır.

 

- Bu bəlalardan xilas olmağın yolu yoxdurmu?

 

- Bunları Ekologiya və Təbii Sərvətlət Nazirliyi nəzərə almalıdır. Nazirliyin tərkibində Vətəndaş Cəmiyyəti Şurası olmalıdır, oraya alimlər, mütəxəssislər cəlb olunmalıdır. O zaman həmin mütəxəssislərlə iş görmək mümkün olar. Alimlərdən istifadə edilərək qabaqlayıcı tədbirlər görmək mümkündür. Ekologiya və Təbii Sərvətlət Nazirliyində aprel ayında şura yardılmalıydı, ancaq hələ də bir xəbər yoxdur. Nazirliyin rəhbərliyi, işçiləri rayonlara gedirlər, görüşlər keçirirlər, ancaq yanlarında vətəndaş cəmiyyətinin bir üzvü də yoxdur. Rusiyada bu təcrübə var. Putin belə, vətəndaş cəmiyyətinin üzvləri ilə görüşür, onları dinləyir. Bizim Ekologiya və Təbii Sərvətlət Nazirliyində çalışanların əksəriyyəti isə karbon qazının mahiyyətini belə bilmir.

 

Həmçinin, ölkədə verilmiş qərarlar işləmir, boşluqlar var. Həmin qərarların işləməsi üçün Prezidentin yanında dürüst, vicdanlı, əyilməyən ziyalılardan, alimlərdən ibarət şura yaradılmalıdr. Şuranın üzvləri yaranacaq və ya yaranmış problemlərlə bağlı Prezidenti vaxtında məlumatlandırmalıdır. Bununla da qanunlar işləyəcək, problemlər olmayacaq. O cümlədən, media qurumları da bu işdə aktiv olmalıdır, işlərini ifşaedici istiqamətdə qurmalıdır.

Müəllif: Rumiyyə Miraslan

Ramanada faciə

Dünən, 17:26 Hadisə