Makron: “Avropa İttifaqı qoşunlarını Ukraynaya göndərə bilər”

Dünya

27.02.2024 - 14:18

“Kiyevi dəstəkləmək üçün belə bir imkan variantlar arasında var”

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Avropa İttifaqı (Aİ) ölkələri Moskva ilə qarşıdurmada Kiyevə dəstək olmaq üçün yaxın gələcəkdə Ukraynaya öz qoşunlarını göndərə bilər. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

“Bu gün quru qoşunlarının rəsmi, nəzərdə tutulan və təsdiq edilmiş şəkildə yerləşdirilməsi ilə bağlı konsensus yoxdur. Amma gələcəkdə heç nəyi istisna etmək olmaz”, - deyə Makron Parisdəki sammitdən sonra bildirib və əlavə edib ki, Kiyevi dəstəkləmək üçün belə bir imkan variantlar arasında var.

Onun sözlərinə görə, bu gün “heç vaxt” deyən bir çox insan iki il əvvəl Ukraynaya tank, təyyarə və uzaqmənzilli raketlərin göndərilməsini istisna edirdi.

Bundan əlavə, Fransa Prezidenti qeyd edib ki, istənilən Aİ ölkəsi müstəqil şəkildə Ukraynaya qoşun yeridə bilər: “Çünki hər bir ölkə suverendir, onun silahlı qüvvələri də suverendir. Bugünkü müzakirənin məqsədi bu idi: məqsədimizə çatmaq faydalı olarsa, hər şey mümkündür”.

Müəllif: Ayna.az