Qızıl axtaranlardan biri qayadan yıxılaraq ölüb
Dünən gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan AYNA.AZ-a verilən məlumata görə, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər.
Bu zaman qaçan şəxslərdən R. Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb.
Digər şəxs - E. Kərimov saxlanılıb.
Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar olunaraq götürülüb.
Hazırda hadisənin digər iştirakçısının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
APA-nın xəbərinə görə, polis tərəfindən davam etdirilən tədbirlərlə qaçan hadisə iştirakçısı R.Qasımov da tutulub.