Mikael Ağasandyan: “Ölkənin sabitliyinin təminatçısı kimi KTMT və Rusiyaya alternativ yoxdur”
“Ermənistan hakimiyyəti uzun müddətdir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tədbirlərində iştirak etmir. Lakin KTMT çərçivəsində Ermənistan qarşısında öhdəliklər dəyişməz olaraq qalır; KTMT və Rusiyadan başqa respublika üçün sabitliyin alternativ təminatçısı yoxdur”. AYNA xəbər verir ki, bu sözləri “RİA Novosti”yə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan deyib.
“Ermənistanın KTMT-nin ümumi işində iştirakına gəlincə, indi İrəvanda üstünlük təşkil edən xətt belə qarşılıqlı fəaliyyətdən uzaqlaşmaqdır. Bu mövqe gördüyümüz kimi, Ermənistan xalqının maraqlarına ziddir və milli təhlükəsizliyi əhəmiyyətli dərəcədə zəiflədir. Nəhayət, ölkənin sabitliyinin təminatçısı kimi KTMT və Rusiyaya alternativ yoxdur. Təşkilat daxilində qarşılıqlı öhdəliklər dəyişməz olaraq qalır”, - deyə Ağasandyan bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, hakimiyyət lazım bildiyi zaman ölkə KTMT-dən çıxacaq. 2024-cü ilin fevralında o, İrəvanın KTMT-də iştirakını dayandırdığını xatırladıb. Mart ayında Paşinyan Ermənistanın ölkənin suverenliyi ilə bağlı suallara cavab vermədiyi təqdirdə təşkilatı tərk edəcəyinə işarə edib.
Ermənistan hakimiyyəti uzun müddətdir ki, strukturun fəaliyyətində iştirak etmir.
Xatırladaq ki, KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir.