Kiyevdə sui-qəsdə məruz qalan qazax bloger xəstəxanada vəfat edib

Dünya

02.07.2024 - 13:46

Həkimlər Klinikalar SEO Xidməti

“On üç gün ərzində Aidos reanimasiyada mübarizə aparsa da, möcüzə baş vermədi”

Qazaxıstanlı müxalifət fəalı və bloger, BASE informasiya kanalının rəhbəri Aidos Sadıkov Kiyevdə vəfat edib. AYNA xəbər verir ki, bu barədə onun həyat yoldaşı, jurnalist Natalya Sadıkova bildirib.

“Aidos Qazaxıstan üçün canını verdi və qatillər tərəfindən şəhid edildi. On üç gün ərzində Aidos reanimasiyada mübarizə aparsa da, möcüzə baş vermədi”, – Sadıkova “Facebook”da yazıb.

Qeyd edək ki, blogerə sui-qəsd iyunun 18-də onun Kiyevdəki evinin həyətində baş verib. Ukrayna Baş Prokurorluğu bəyan edib ki, təcavüzkar blogerin və onun həyat yoldaşının olduğu avtomobilə atəş açıb. Bloger ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun həyat yoldaşı xəsarət almayıb.

Şübhəlilər Qazaxıstanın iki vətəndaşı - Altay Jakanbayev və Meiram Karataevdir. Sui-qəsddən sonra onlar yoxa çıxıblar. Sonra məlum olub ki, bu iki şəxs Moldovaya gediblər. İyunun 22-də Qazaxıstanın Baş Prokurorluğu Jakanbayevin polisə təslim olduğunu bildirib.

Ukraynada Altay Jakanbayev və Meiram Karataev qiyabi həbs edilərək beynəlxalq axtarışa verilib. Qazaxıstan hakimiyyəti artıq Sadıqova sui-qəsddə şübhəli bilinən şəxsi Ukraynaya ekstradisiya etməyəcəklərini bəyan edib.

Müəllif: Ayna.az