Kim daha çox zərbə alacaq: Putinmi, hüquqsuz ruslarmı?

Dünya

20.03.2022 - 10:23

Hüquqşünas: “Bununla 147 milyon insan tamamilə hüquqsuz bir vəziyyətə düşdü”

Vəkil: “Putin üçün bu qərarın heç bir əhəmiyyəti yoxdur”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvləri Rusiya Federasiyasının Avropa Şurasından (AŞ) xaric olunması barədə qərar qəbul edib. Şurada təmsil olunan heç bir ölkə qərarın əleyhinə səs verməyib. Rusiyanın qurumdan çıxarılmasına 216 ölkə səs verib, 3 ölkə isə bitərəf qalıb. Səsvermədən öncə Rusiya tərəfi Strasburqa müstəqil şəkildə çıxmaq üçün ərizə təqdim etsə də, bu, nəzərə alınmayıb.

AŞPA-nın qərarında deyilir ki, Rusiyanın fəaliyyəti təşkilatın prinsipləri ilə uyğun gəlmədiyi üçün AŞ üzvlüyünə xitam verilməsi qərara alınır. Eyni zamanda, AŞPA Avropa İnsan Haqları Məhkəməsində Rusiyaya qarşı iddialara tezliklə baxılmasını xahiş edir. Bununla yanaşı, AŞPA Putinin hakimiyyətinə qarşı çıxan qeyri-dövlət institutlarına dəstək vermək niyyətindədir. Qərarda Avropa Şurasına Rusiyada hüquq müdafiəçiləri, demokratik qüvvələri, azad media və müstəqil vətəndaş cəmiyyətini dəstəkləmək və onlarla qarşılıqlı əlaqədə olmaq tapşırılıb.

Qeyd edək ki, Avropa Şurası 1949-cu ilin mayında təsis olunub. Qitənin insan hüquqlarını müdafiə edən aparıcı beynəlxalq təşkilatıdır. Avropa İttifaqının 28 üzv dövləti daxil olmaqla, ümumilikdə 47 üzv dövlətdən ibarətdir. AŞ-nin bütün üzv dövlətləri insan hüquqları, demokratiya və qanunun aliliyini qorumağı nəzərdə tutan Avropa İnsan Hüquqları Konvensiyasını imzalayıb və mərkəzi qərargahı Fransanın Strasburq şəhərindədir.

Analitiklər hesab edirlər ki, nəinki Avropa Şurasının, ondan daha üst qurum olan Birləşmiş Millətlər Təşkilatının (BMT) heç bir təsir mexanizmi mövcud deyil və onların qərarları daha çox tövsiyyə xarakteri daşıyır və bu mənada Rusiyanın qurumdan uzaqlaşdırılması ciddi təzyiq vasitəsi kimi qiymətləndirilə bilməz.

AŞ-yə üzvlük ölkələrə nə verir? Bu qurumdan çıxmaqla dövlətlər nə itirir? AŞPA-nın təsir gücü hansı səviyyədədir? AYNA mövzunu ekspertlərlə müzakirə edib.

Hüquqşünas Ələsgər Əhmədoğlunun sözlərinə görə, qlobal miqyasda fəaliyyət göstərən hər bir təşkilatın fərqli mandatı var: “Misal üçün, BMT dövlətlərarası hüququ təmsil edir, ölkələrin suverenliyinin qorunması, qarşılıqlı öhdəliklər məsələsini tənzimləyir, Avropa Şurası isə dövlətlər daxilində hüquq və azadlıqların təminatçısı rolunda çıxış edir. Hətta bu qurumun məhkəmə və müdafiə sistemi də mövcuddur. Təsadüfi deyil ki, Şuraya üzv olan bir çox dövlətlərin vətəndaşları öz ölkələrində hüquqları pozulan zaman Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edirlər”.

“BMT-nin müvəqqəti sədri Rusiya olduğu üçün mövcud şəraitdə bu qurumun fəaliyyəti iflic olub. Çünki qaydalara görə, BMT-nin Təhlükəsizlik Şurasında hər hansı qərarın qəbul olunması üçün quruma müvəqqəti sədrlik edən dövlətin, yəni Rusiyanın razılığı mütləqdir. Bu baxımdan BMT Rusiya ilə bağlı heç bir qərar verə bilmir. AŞPA-da isə vəziyyət fərqlidir. Avropa Şurası dövlətlərin həm öz vətəndaşlarına, həm də digər ölkələrin vətəndaşlarına yönəlik pozuntularına baxaraq qitədə ədaləti təmin etməyə məsuldur. Bu qurum dövlətlərin deyil, daha çox fərdlərin hüquqlarını qoruyur”, - deyə həmsöhbətimiz bildirib.

Əlavə edib ki, Rusiyanın Avropa Şurasından çıxarılması Kremli deyil, rus xalqını çıxılmaz duruma salır: “Rusiya iqtidarı Ukraynaya qarşı aqressiv siyasət aparır və qonşu dövlətin əhalisinə divan tutur. Məhz elə bu səbəbdən də dünyanın kəskin qınağı, sanksiyaları ilə üzləşib. Əgər bu sanksiyalar - hansı ki, Rusiya iqtisadiyyatını məhv edir - Putin rejimini dayandırmırsa, ölkəsinin Avropa Şurasından çıxarılması onun üçün heç bir əhəmiyyət kəsb etmir. Bundan ziyan çəkən Rusiyanın vətəndaşlarıdır”.

“Məlumat üçün deyim ki, Avropa Məhkəməsi Moskvanın əleyhinə çoxsaylı qərarlar qəbul edib və Kreml bu sırada lider mövqeyindədir. Çünki Rusiyada insan hüquqları kütləvi şəkildə pozulur. Təəssüf ki, Rusiya cəmiyyətində azadlıq istəyən, öz hüquqlarını təmin etməyə çalışan insanlar bununla faktiki olaraq hüquqsuz duruma düşdülər. Heç olmasa onların ümidləri var idi ki, ölkəsində hüquqları pozulan zaman gec də olsa ədaləti Avropa Məhkəməsində təmin edə biləcəklər. Bu ümid də öldü və 147 milyon insan tamamilə hüquqsuz bir vəziyyətə düşdü. Avropa Şurasının Rusiya ilə bağlı son qərarı nə hökuməti, nə də dövləti cəzalandırır. Bundan ziyan çəkən sadə hüquqları uğrunda mübarizə aparan Rusiya vətəndaşlarıdır ki, bu qərarla onlar son qalasını da itirdilər”, - deyə Əhmədoğlu vurğulayıb.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov da AYNA-ya şərhində deyib ki, AŞ ona üzv dövlətlərin vətəndaşlarına hüquq təminatı verir: “Eyni zamanda müxtəlif ölkələrdə qanunvericilik səviyyəsinin Avropa standartlarına uyğunlaşdırılması, daxildə vətəndaşların hüquq və azadlıqlarının qorunması öhdəliyi yaradır. Hesab edirəm ki, Rusiyanın Avropa Şurasından xaric edilməsi təqdirəlayiq qərardır. Çünki Rusiya iqtidarı Ukraynaya qarşı təcavüzə yol verir. Bu ölkənin vətəndaşlarına qarşı aqressiya və qəddarlıq nümayiş etdirir. Eyni zamanda buna etiraz edən Rusiya vətəndaşlarına qarşı da represiya siyasəti yürüdür. Bu isə Avropa Şurası qarşısında götürülmüş öhdəliklərə tamamilə ziddir”.

“Bu baxımdan Avropa Şurası baş verənlərə seyrçi qala bilməzdi və qalmadı da. AŞPA-nın son qərarına baxsaq, görərik ki, onlar öz hüquqlarını qoruyan və demokratiya tələb edən Rusiya vətəndaşları ilə əməkdaşlığı davam etdirəcəklər. Ümid edirəm ki, Rusiya Ukraynaya qarşı hücumu dayandıracaq və bundan sonra onun yenidən AŞPA üzvlüyünə qəbulu məsələsinə baxılacaq”, - deyə ekspert söyləyb.

Onun sözlərinə görə, AŞ-dən xaric edilən ölkələr bir çox imtiyazlardan məhrum olur: “Məlumdur ki, Avropa Şurası üzv dövlətlərə müxtəlif yadrımlar edir və qarşılıqlı əlaqələrə zəmin yaradır. Qurumdan xaric olunan ölkələr bütün bunlardan məhrum olur. Eyni zamanda ədalətli hüquq sistemindən məhrum olurlar. Bu, sözsüz ki, ilk növbədə bu ölkələrin vətəndaşlarına təsir edir. Onlar daxildə öz hüquqlarını bərpa edə bilməyəndə Avropa İnsan Hüquqları Məhkəmələrinə müraciət edirlər. Avropa Məhkəməsinin qərarları isə məcburi xarakter daşıyır”.

“Təbii ki, indiki şəraitdə Putin iqtidarı üçün bunun elə də ciddi əhəmiyyəti yoxdur. Çünki Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiyaya qarşı tədbirlər çovketorludur. Kremli maraqlandıran əsasən maliyyə və iqtisadi sanksiyalardır. Bu sanksiyalar Rusiya üçün yaxın gələcəkdə ciddi böhran vəd edir. O cümlədən daxildə narazılıq dalğası və kütləvi etirazlar üçün zəmin rolunda çıxış edir. Bu mənada hesab edirəm ki, Moskvanı hazırda düşündürən məsələlər arasında AŞPA-dan xaric edilmək məsələsi son sıralarda yer alır”, - deyə Sadıqov fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev