İstifadə müddəti bitmiş "qara atlar" - Moskva da, ermənilər də "qəhrəmanlar"a "yox" deyir

Aktual

25.04.2022 - 13:38

Qabil Hüseynli: "Onlar ötən əsrin sonlarındakı ssenarini təkrar etməyi, hakimiyyətə gəlməyi çox arzulayırlar"

İlqar Vəlizadə: "İndi Rusiya onlardan Paşinyana qarşı müəyyən təzyiq vasitəsi kimi istifadə edir"

Ermənistanın müxalif qüvvələri Azərbaycan-Ermənistan arasında sülh prosesinə qarşı etiraz aksiyaları keçirirlər. "Qarabağ klanı" adlandırılan, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın rəhbərlik etdikləri müxalif blokların təmsilçiləri sülh prosesinə qarşı olduqlarını nümayiş etdirirlər. Etirazlar Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüş, sərhədlərin delimitasiya və demarkasiyası, eyni zamanda, yekun sülh danışıqlarının başlaması ilə bağlı əldə olunan razılıqdan sonra vüsət alıb. 

Düzdür, erməni müxaliflərinin piket xarakterli aksiyalarına çox az sayda adam qatılır. Ekspertlər bunun kütləvi xarakter almayacağını proqnozlaşdırırlar.

Amma bir sual düşündürür - sülh prosesində müəyyən irəliləyişlər əldə olunduğu fonunda müxaliflər terrora əl ata bilərlərmi? Çünki "Qarabağ klanı"nın təcrübəsində belə bir hal var. Söhbət ötən əsrin sonlarında Ermənistan daxilində baş verənlərdən gedir. O zaman sözügedən "klan"ın nümayəndələri Azərbaycanla yaxınlaşmağa meyilli olan Prezident Levon Ter-Petrosyanı devirməyi, ardınca parlamenti bombalayaraq silah gücünə hakimiyyəti ələ keçirməyi bacarmışdılar. 

Azərbaycanlı analitiklər 1999-cu il ssenarisinin təkrarlana biləcəyini ehtimal etmirlər. Əsas da o gətirilir ki, indi nə həmin ilin siyasi şəraiti mövcuddur, nə də separatçı-terrorçulara, Köçəryana və Sarkisyana xalqın etimadı var. 

Sabir dövlət müşaviri, politoloq Qabil Hüseynli AYNA-ya deyib ki, hazırkı erməni müxalifəti Köçəryan və Sarkisyan kimi quldurları yaxşı tanıyır və onları rədd edirlər. 

Analitik xatırladıb ki, 2020-ci ildə Azərbaycan qarşısında ağır məğlubiyyətlə üzləşən Paşinyan hökumətinə erməni xalqı yüksək səs çoxluğu ilə yenidən etimad göstərdi: "Normalda məğlub liderlər ya öz xoşu ilə kürsünü təhvil verib siyasətdən gedirlər, ya da xalq onlara ikinci dəfə şans vermir. İrəvanda bunun əksini müşahidə etdik. Xalq yenidən Qarabağda müharibə vəd edən terrorçuları yox, islahatçı, loyal mövqe sərgiləyən kapitulyatoru seçdi. Düzdür, Paşinyan ölkəsini ağır məğlubiyyətə sürüklədi. Amma kütlə Köçaryana dəstək olmadı. Bunun dərin səbəbləri var. Nikol müharibəyə qədər az bir müddətdə hakimiyyətdə təmsil olunmuşdu. Dünya da, erməni cəmiyyəti də bu illər ərzində Köçəryan-Sarkisyan cütlüyünün əlində olan Ermənistanı da görmüşdü. Yəni əslində məğlubiyyətin daha böyük məsuliyyəti "Qarabağ klanı"ndan çıxmış bu iki kriminal tipin üzərinə düşürdü. Bu illər ərzində erməni ordusunu indi qınanılan Paşinyan formalaşdırmamışdı. Bir sözlə, xalq Paşinyanı da yaxşı tanıyır, Köçaryanı da. Ermənilərin gözü açılıb. Bilirlər ki, Nikol əvvəlkilərə baxanda daha yaxşıdır”.

"Zaman-zaman fəallaşan sabiqlər Rusiyanın qanadı altında yenidən hakimiyyətə yiyələnib, Ermənistanın müstəqilliyini Kremlə təslim etmək istəyirlər. Amma bu, alınmır. Ermənilər öz müstəqilliyini forpost kimi Moskvaya vermək istəmirlər. Bir şeyi unutmamlıyıq ki, 30 il ərzində daha çox zərbə almış, yoxsul duruma düşmüş sadə xalq bunun səbəblərini köçəryanlarda, sarkisyanlarda, onların quldurluqlarında, eyni zamanda, Rusiyanın köləsi olmaqda görürlər. İndi ermənilər gələcəklərini iqtisadi cəhətdən inkişaf etmiş ölkədə görmək istəyirlər. Dərk edirlər ki, bunun yolu Azərbaycanla, Türkiyə ilə normal münasibətlərdən keçir", - Q.Hüseynli vurğulayıb.

Politoloq vurğulayıb ki, proseslərə yenidən mane olmaq üçün terror törətməyi köçəryanlar, sarkisyanlar çox istərdilər: "Onlar ötən əsrin sonlarındakı ssenarini təkrar etməyi, hakimiyyətə gəlməyi çox arzulayırlar. Amma bilirlər ki, bu yolla gəlsələr belə, hakimiyyətdə çox qala bilməzlər. Çünki erməni cəmiyyəti onları qəbul etməyəcək, özləri terrora məruz qalacaqlar. Bu baxımdan, mən həmin hadisələrin təkrarlanacağını istisna kimi görürəm". 

Politoloq İlqar Vəlizadə də AYNA-ya söyləyib ki, indi 1997-99-cu illər deyil. Onun sözlərinə görə, həmin vaxt hakimiyyətə gələn "Qarabağ klanı" "Qara atlar" idi: "Onları "qəhrəman" kimi qələmə verirdilər, etiraf edək ki, cəmiyyətin onlara - köçəryanlara, sarkisyanlara rəğbəti var idi.  İndi bu "qəhrəmanları" cəmiyyət tanıyır, necə qaniçən, quldur olduqlarını bilirlər". 

"Bəli, xarici qüvvələrin təsirləri var, bəlkə də həmin qüvvələr bu terrorçuları hakimiyyətə gətirməkdə maraqlı ola bilərlər. Xarici qüvvə dedikdə, biz əsasən Kremli nəzərdə tuturuq. İndi Kreml öz hayındadır, Ukraynada bataqlığına düşüb. Digər yandan, onların yenidən hakimiyyətə gəlməsi Rusiyanın özünə də sərf etmir. Köçəryan kimiləri Moskva üçün istifadə müddəti keçmiş siyasi gücdürlər. İndi Rusiya onlardan Paşinyana qarşı müəyyən təzyiq vasitəsi kimi istifadə edir", - deyə Vəlizadə əlavə edib.

Politoloq hesab edir ki, Rusiya indi Cənubi Qafqazda kommunikasiyaların açılmasında maraqlıdır: "Rusiyaya kommunikasiya xətləri lazımdır ki, bunu da Paşinyan hökuməti icra etməyə hazırdır. Kreml niyə revanşist qüvvələri hakimiyyətə gətirməkdə maraqlı olsun ki? Köçəryan, Sarkisyan, Vanetsyan və digər müxaliflər hakimiyyətə gəlsələr, razılaşmaların həyata keçməsi mümkün olacaqmı? Əlbəttə, xeyir. Bu, nə Rusiyanın, nə Avropanın xeyirinədir. Ona görə də, "Qarabağ klanı"nın hakimiyyətə gəlməsi, hətta terror yolu ilə hakimiyyəti qəsb etməsi mümkün görünmür. Buna nə erməni cəmiyyəti, nə də xarici qüvvələr imkan verərlər". 

Müəllif: Anar Bayramoğlu