İsrailin müdafiə naziri Vaşinqtona gedib

Dünya

23.06.2024 - 15:46

Həkimlər Klinikalar SEO Xidməti

“ABŞ-da mən müdafiə naziri, dövlət katibi və digər yüksək vəzifəli şəxslərlə görüşəcəyəm”

İsrailin müdafiə naziri Yoav Qalant Vaşinqtona səfər edib. AYNA-nın məlumatına görə, Müdafiə Nazirliyindən bildirilib ki, Qalant burada amerikalı həmkarı Lloyd Ostin və ABŞ dövlət katibi Antoni Blinkenlə görüşlərdə Livanla sərhəddəki vəziyyəti, Qəzza zolağındakı münaqişəni müzakirə etmək niyyətindədir..

“Mən ABŞ-ın müdafiə naziri Lloyd Ostinin dəvəti ilə Birləşmiş Ştatlara gedirəm. ABŞ-da mən müdafiə naziri, dövlət katibi və digər yüksək vəzifəli şəxslərlə görüşəcəyəm. Bu görüşlər zamanı Qəzza və Livandakı hadisələri müzakirə etməyi planlaşdırıram. Biz (İsrail - red.) Qəzza, Livan və digər ərazilərdə tələb oluna biləcək istənilən hərəkətə hazırıq”, - deyə nazir ABŞ-a uçmazdan əvvəl bildirib.

İsrail Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, Qəzza zolağında üçüncü fazaya (aktiv hərbi əməliyyatlar başa çatdıqdan sonra - red.) keçid böyük əhəmiyyət kəsb edir: “Mən ABŞ rəsmiləri ilə bu keçidi müzakirə edəcəyəm. Bilirəm ki, biz bu məsələdə də ABŞ-la sıx əməkdaşlığa nail olacağıq”.

Müəllif: Ayna.az