İsrail Prezidenti: “Vətəndaş müharibəsi təhlükəsi var idi”

Dünya

16.03.2023 - 12:28

Hersoq: “israil uçurumun və vətəndaş müharibəsinin bir addımlığında idi”

İsrail məhkəmə islahatları uğrunda şiddətli mübarizəyə görə uçurumun və vətəndaş müharibəsinin astanasında idi. AYNA “Financial Times”a istinadən bildirir ki, bunu ölkənin Prezidenti İshaq Hersoq deyib.

“İnsan itkiləri ilə real vətəndaş müharibəsinin bizim heç vaxt çatmayacağımız bir xətt olduğunu düşünən hər kəs nədən danışdığını bilmir”, - Prezident vurğulayıb.

Onun sözlərinə görə, İsrail dövlət müstəqilliyinin 75-ci ilində uçurumun bir addımlığında olub.

Qeyd edək ki, bundan əvvəl, martın 12-də bütün İsraildə məhkəmə islahatlarına qarşı kütləvi etirazlar keçirilib. Təşkilatçıların sözlərinə görə, iştirakçıların sayı təxminən yarım milyon nəfər olub. Bir həftə əvvəl məhkəmə islahatlarına qarşı etiraz aksiyalarında 400 minə yaxın insan iştirak edib.

Fevral ayında Hersoq bildirmişdi ki, ölkə sosial və konstitusion dağılma ərəfəsindədir. O, “Likud” lideri Benyamin Netanyahunun başçılıq etdiyi İsrail hökumətinə müraciət edərək, onları ölkənin ədliyyə sistemindəki radikal dəyişikliklərə qarşı kütləvi etiraz aksiyaları keçirən sakinləri dinləməyə çağırmışdı.

Müəllif: Ayna.az