İrəvanın ikibaşlı siyasəti və ya növbəti antiterror əməliyyatı gözləntisi

Aktual

08.09.2022 - 18:30

Analitik: "Ermənistan Azərbaycanı növbəti dəfə hərbi eskalasiya həyata keçirməyə təhrik edir"

Erməni mediasının yaydığı məlumata görə, ölkənin Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün sənədlərin hazırlanması barədə müvafiq strukturlara göstəriş verib. Ermənistanın "Past" qəzeti yazır ki, Brüsseldə baş tutan üçtərəfli görüşdən sonra Paşinyan İrəvanda dar çərçivədə görüş keçirib. Görüş zamanı o, əldə olunan razılaşmalar və müzakirə olunan məsələlər barədə ətraflı təqdimat edib.  

Qəzetə danışan mənbənin sözlərinə görə, Paşinyan sülh sazişinin mətn hissəsi üzərində işi sürətləndirməyi tapşırıb. Bildirilir ki, sazişin ilkin variantı noyabrın ortalarına qədər hazır olmalıdır.

Qəzetin Xarici İşlər Nazirliyindəki mənbəsinin verdiyi məlumata görə, artıq bir aydan çoxdur ki, XİN-də xüsusi qrup fəaliyyət göstərir və sözügedən qrup bütün diqqətini müvafiq sənəd üzərində cəmləyib.

Düşmən ölkə mediasının sözügedən məlumatına inam bir qədər azdır. Çünki son dövrlərdə Ermənistan tərəfindən atılan təxribat xarakterli addımlar rəsmi İrəvanın sülhdən yana olmadığını göstərir. Belə ki, Brüssel görüşünün səhəri günündən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun sərhəd rayonlarındakı - Kəlbəcər, Laçın, Tovuzdakı mövqeləri atəşə tutulmaqdadır. Eyni zamanda, Ermənistan rəsmilərinin Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətindəki ərazilərdə qalmış separatçı-terrorçu rejimi "müstəqillik günü" münasibətilə təbrik etməsi də İrəvanın pozuculuq niyyətini ortaya qoyur. 

Mövzu ilə bağlı AYNA-ya danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, analitik Tural İsmayılov deyib ki, Paşinyan hakimiyyəti tərəfindən verilən bəyanatların, açıqlamaların reallığına o qədər də güvənməməliyik. 

Onun sözlərinə görə, Paşinyan hökuməti Ermənistanda müstəqil şəkildə idarəçilik etmir: "İrəvanın siyasəti xaricdəki erməni lobbisi və Ermənistanın xaricdəki havadarları tərəfindən yönləndirilir. Amma dördüncü Brüssel görüşündə razılaşdırılan məqamlardan biri sülh sazişinin hazırlanması ilə bağlı xarici işlər nazirlərinə verilən tapşırıqdır. Hesab edirəm ki, Brüssel görüşünün nəticələrinə uyğun olaraq, mümkündür ki, noyabr ayına qədər Azərbaycanın təklif etdiyi 5 maddəlik prinsiplər əsasında sülh sazişinin hazırlanması tapşırığı verilsin. Noyabrda gerçəkləşməsi gözlənilən beşinci Brüssel görüşünədək Ermənistan tərəfindən sülh sazişi üzərində işləyən hansısa komissiyanın yaradılması elan edilə bilər". 

"Təbii ki, Azərbaycanın sülhlə bağlı çağırışlarına Ermənistan öz xoşu ilə pozitiv cavab vermir. Burada şərtləri diktə edən tərəf rəsmi Bakıdır. Nəzərə almaq lazımdır ki, Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan təkcə regional oyunçu deyil, eyni zamanda Avrasiya məkanının ən önəmli geosiyasi konfiqurasiyalarını müəyyənləşdirən siyasi gücdür. Azərbaycanın atdığı addımlar, Ermənistana başqa çıxış yolunun buraxılmamağı rəsmi İrəvanın Bakının diktəsinə boyun əyməsi ilə nəticələnir", - siyasi icmalçı əlavə edib. 

Bununla yanaşı, T.İsmayılov hesab edir ki, Ermənistan paralel olaraq, beynəlxalq ictimaiyyətdə Azərbaycanın imicinə zərbə vurmaq niyyətindən də qalmır: "Tez-tez sərhəddə baş verən təxribatlar, Qarabağla bağlı təxribat xarakterli siyasi addımlar da məhz bundan qaynaqlanır. Ermənistan Azərbaycanı növbəti dəfə hərbi eskalasiya həyata keçirməyə təhrik edir. Hesab edirəm ki, Paşinyan tərəfindən sülhlə bağlı hansısa addımlar atması və paralel şəkildə sərhəddə vəziyyəti gərginləşdirməsi təxribatdır. Əlbəttə, bu təxribatlarda Ermənistan təkbaşına deyil. İrəvana əl altından dəstək verən qüvvələrin də bu təxribatlarda əli var". 

"Diqqət edin ki, təxribatlar çoxaldıqca, faktiki olaraq tarixin arxivinə yuvarlanmış ATƏT-in Minsk Qrupunun yenidən dirçəldilməsi cəhdi görünür. İrəvandan çağırışlar edir ki, həmsədrlik institutu bərpa edilməlidir və s. Buna dəstək verən qüvvələr də var. Amma Azərbaycanın Minsk Qrupu ilə bağlı mövqeyi bəllidir: münaqişə həll olunub, Azərbaycan ərazilərini işğaldan azad edib və Minsk Qrupuna ehtiyac yoxdur. Bu cür təxribatlarla, Bakının mövqeyini dəyişə bilməyəcəklər", - analitik vurğulayıb. 
Ekspert deyib ki, Ermənistan təxribatlara son qoymalı, Azərbaycanın sülh təklifini şərtsiz qəbul etməli və üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Əks halda, Azərbaycan növbəti antiterror əməliyyatı keçirə bilər. Bu, Ermənistan üçün daha ağır olacaq". 

Müəllif: Anar Bayramoğlu