Mərkəz rəhbəri: “Çərçivə sazişindən sonra yerdə qalan məsələlərin həlli üçün aparılan danışıqlar daha müsbət nəticələr verə bilər”
Təxminən bir aya yaxındır ki, Ermənistan rəsmiləri tərəfindən Azərbaycanla sülh sazişinin imzalanması barədə müsbət açıqlamalar verilir. Bir müddət əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, sonra isə Baş naziri Nikol Paşinyan sülh sazişini imzalamağa hazır olduqlarını bəyan ediblər. Paşinyan açıqlamasında bildirib ki, sülh sazişi mətninin razılaşdırılan 80 faizi əsasında sazişi imzalamağı təsdiqləyir.
Qərbdən də saziş noyabrda Bakıda keçiriləcək COP29 tədbirinədək sazişin imzalanmasına çağırışlar edilir. ABŞ dövlət katibi və Fransanın xarici işlər naziri bu günlərdə bəyan ediblər ki, Bakı ilə İrəvan arasında əldə olunan razılaşmaları dəstəkləyir və sülh sazişinin imzalanmasına səsləyirlər.
Məsələ burasındadır ki, Azərbaycan tərəfindən də, Ermənistan tərəfindən də, beynəlxalq qüvvələr tərəfindən də regionda sülhdə maraqlı olunduğu vurğulanır, amma saziş imzalanmır. Ekspertlər bunu bir neçə amillə izah edirlər. Analitiklərin qənaətincə, Azərbaycanın Ermənistandan tələbləri var ki, onlar yerinə yetirilmədən sazişin imzalanması mümkünsüz görünür. Amma razılaşdırılan məsələlər üzərindən ilkin çərçivə sazişinin imzalanması da mümkün hesab edilir. Ekspertlər qeyd edirlər ki, rəsmi İrəvanın istədiyi yarımçıq sülh sazişi, yaxud çərçivə sazişi adlandırılan sənədin imzalanmasıdır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AYNA-nın mövzu barədə suallarını cavablandırarkən deyib ki, sülh sazişi imzalanmasa da, bu ilin axırınadək çərçivə sazişi imzalana bilər:
- Çünki tərəflərin bəyanatları göstərir ki, sülh sazişinin mətninin 80 faizi razılaşdırılıb. Deməli, bu məsələdə artıq konsensus var. Yəni ki, sazişin böyük hissəsi razılaşdırılıb, sadəcə rəsmi İrəvan bircə addım atmalıdır. Ermənistan Konstitusiyasının preambula hissəsindəki bəndi – Azərbaycana qarşı ərazi iddiası ilə bağlı bəndi çıxarmalıdırlar ki, saziş imzalansın.
- Sülhü istədiyini bəyan edən rəsmi İrəvan Ermənistan Konstitusiyada dəyişikliyi niyə ləngidir?
-Ermənistan Müstəqillik Aktında “Qarabağın Ermənistana birləşdirilməsi” və bunun Ermənistan Konstitusiyasına salınması üçün referendum keçirilməmişdi. Həmin vaxt ermənilər “miatsum” deyə qışqırırdılar, əhval-ruhiyyə işğal üzərində idi. Referendum keçirmədən, Ermənistan Parlamentində adi səs çoxluğu ilə bu maddəni qəbul etdilər. Hesab edirəm ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən həmin bəndi yenidən parlamentdə səs çoxluğu ilə ləğv edə bilərlər. Necə ki, bunu referendumsuz qəbul ediblər, eləcə də referendumsuz ləğv edə bilərlər. Sabah referendum keçirib ərazi iddiasını ortadan qaldırsalar belə, gələcəkdə ermənilərin fikri yenə dəyişə bilər. Bu günlərdə Ermənistanda bir sorğu keçirilib və qəribə nəticə ortaya çıxıb. Sorğunun nəticəsinə əsasən, ermənilərin çoxu konstitusiya dəyişikliyinə qarşıdır. Baxmayaraq ki, erməni xalqının böyük hissəsi Paşinyanı dəstəkləyirlər.
Bilirsiniz, bizim tələbimiz o deyil ki, Ermənistanda konstitusiya islahatları aparılsın, qanunlarının hamısını dəyişsinlər və s. Bunun bizə aidiyyəti yoxdur. Azərbaycana lazım olan odur ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olan bənd çıxarılsın. Dediyim kimi, bunun üçün də xüsusi komissiya yaratmağa, referendum keçirməyə ehtiyac yoxdur. Nəzərə almaq lazımdır ki, Paşinyanın partiyasının Ermənistan Parlamentində səs çoxluğuna malikdir. Bu çoxluqdan istifadə edib Ermənistan Konstitusiyasındakı həmin maddəni çıxara bilərlər.
- Bəs sülh bəyanatı verən Paşinyan hakimiyyəti bu addımı niyə atmır?
- Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistandan iki tələbi var ki, bu tələblər gündəmdədir. Sülh sazişinin imzalanması üçün Ermənistan iki addım atmalıdır: Ermənistan Konstitusiyasındakı ərazi iddiası ilə bağlı bəndin çıxarılması və Minsk Qrupundan de-yure imtina – onsuz da de fakto həmsədrlik institutu fəaliyyət göstərmir. Paşinyan avqustun son günü geniş mətbuat konfransı keçirdi və onun bəyanatlarından belə hiss olundu ki, rəsmi İrəvan Bakının iki şərtindən birini, Minsk Qrupundan imtinanı qəbul edir. Amma digər tələblə bağlı Paşinyan hələlik ləng addımlar atır. Əgər paşinyan anlayırsa ki, Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşmadan Ermənistan inkişaf etməyəcək, bu prosesi sürətləndirməlidir. Ola bilsin ki, Paşinyan referendum keçirməyə qorxur. Çünki dediyim kimi, sorğular göstərir ki, ermənilər konstitusiya islahatına qarşıdırlar. Paşinyan da hakimiyyəti itirməkdən qorxduğu üçün bu addımı ləngidir. Hər halda bu dəyişikliyi parlamentdə səs çoxluğu ilə də etməyin mümkünlüyünü Paşinyan bilməmiş deyil.
- Dediniz ki, çərçivə sazişi imzalana bilər. Bir növ, yarımçıq saziş olan bu sənəd effekt verəcəkmi?
- Təbii ki, Azərbaycan konseptual, bütün məsələlərin həlli edilməsundə maraqlıdır. Söhbət Zəngəzur dəhlizinin açılmasından, sərhədlərin delimitasiya-demarkasiyasından, ərazi bütövlüyünün qarşılıqlı tanınmasından, münasibətlərin normallaşmasından gedir. Amma fundamental sülh sazişi alınmırsa, çərçivə sazişinin imzalanması mümkündür. Düşünürəm ki, beynəlxalq qüvvələr, xüsusilə, ABŞ-ın timsalında Qərb də bunu istəyir. ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında bildirdi ki, Vaşinqton Bakı ilə İrəvan arasında əldə olunan razılıqları dəstəkləyir. Hesab edirəm ki, COP29-dək sülh sazişi imzalanmasa da, çərçivə sazişinin imzalanması mümkündür. Razılaşdırılmamış 20 faiz məsələlər sonrakı mərhələdə müzakirə oluna bilər. Məncə, çərçivə sazişindən çəkinmək lazım deyil. Onsuz da razılaşdırılmamış məsələlər qalırsa, sonrakı mərhələdə müzakirə ediləcəksə, bunda nə problem yarana bilər ki?! Çərçivə sazişindən sonra Azərbaycanı istəmədiyi, maraqlara zidd addıma məcbur etmək mümkün deyil. Hesab edirəm ki, çərçivə sazişindən sonra yerdə qalan məsələlərin həlli üçün aparılan danışıqlar daha müsbət nəticələr verə bilər.